Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6421/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və smart karta yüklənmiş pul məbləğindən tutmaların qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və smart karta yüklənmiş pul məbləğindən tutmaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 31.10.2018-ci il tarixli, ******* saylı akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 904 manat məbləğində borcun silinməsi, borc hesablandığı gündən etibarən 08/2021-ci il tarixədək aparılan ödənişlərdən borca tutulmuş 68 manat məbləğində pul vəsaitinin ona məxsus ünvan 1 ünvanında quraşdırılmış smart qaz sayğacının kartına geri qaytarılması və işə baxılması ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün tərəfindən ödənilmiş 161,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı X1 Departamentində qeydiyyatda olmaqla, təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. Həmin fərdi yaşayış evinə Cavabdeh tərəfindən **********10000 saylı abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 25.10.2018-ci il tarixdə Cavabdeh nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr məsafədə həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1002AQ**********4 saylı qaz sayğacını yeni smart tipli qaz sayğacı ilə əvəz edib «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı akt tərtib etmişlər. Daha sonra çıxarılmış Smart G4 markalı İtron tipli 1002AQ**********4 saylı qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, dövlət yoxlamasında da qaz sayğacının çıxış plastmas borusunun deşilməsi barədə rəy verilmişdir. Sözügedən rəy əsasında Bakı X1 Departamenti tərəfindən 31.10.2018-ci il tarixdə «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı akt və həmin akt əsasında 31.10.2018-ci il tarixdə hesabat qəbul edilmişdir. Hesabatda 9720 m3 qaz itkisinin yaranması səbəbindən, abonentin hesabına 972 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlamasında onun iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Belə ki, ona məxsus evdən bir neçə metr məsafədə olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR əməkdaşının da müdaxilə etməsi mümkündür. Həmçinin qaz sayğacının dövlət yoxlaması zamanı onda müəyyən olunmuş qüsur və xətaların SOCAR əməkdaşları tərəfindən törədilməsi ehtimalı da mümkündür. 31.10.2018-ci il tarixli, ******* saylı aktın tərtib olunmasından onun xəbəri olmamış və ona aktı imzalamaq təklif edilməmişdir. Tərəfindən məhkəməyə hüquqlarının Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən müdafiəsi və təmsili məqsədilə, həmin vəkil bürosunun və müvafiq notariat ofisinin hesabına ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli, ******* saylı aktının surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan 31.10.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyası”nın rəyinə əsasən, qaz sayğacına müdaxilə olunduğu və nəticədə qaz itkisi yarandığına görə, cavabdeh tərəfindən iddiaçıdan 9720 m3 itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan abonent kodu **********1000 olan ünvan 1 ünvanında qalıq aktlar üzrə 972 manat borcun yarandığı, smart qaz sayğacının kartına yüklənmiş məbləğdən 68 manatın borca tutulduğu müəyyən olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməli, əsassız olaraq, heç bir xəbərdarlıq edilmədən iddiaçının smart kartından tutulmuş 68 manat vəsait bərpa olunmalıdır. Bundan başqa, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı oğlu istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı oğlu ünvan 1 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından, iddia təmin edilərək, iddiaçıya 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 904 manat məbləğində borc silinməli, 68 manat məbləğində tutulmuş pul vəsaiti abonentin smart qaz kartına bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli, həmçinin hüquqi xidmət göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 161.50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı (abonent kodu: **********0000) üzrə 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə borcundan qalan 904 (doqquz yüz dörd) manat məbləğində borc silinsin. Borc hesablandığı gündən etibarən 08/2021-ci il tarixədək aparılan ödənişlərdən borca tutulmuş 68 (altmış səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış smart qaz sayğacının kartına geri qaytarılsın. Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 161.50 (yüz altmış bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdehndən İddiaçı oğlunun xeyrinə tutulsun. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6421/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6421/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver