Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6473/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, abonent kartından 168 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu X4 Rəsul Rza küçəsi döngə 10-da yerləsən mənzil onun mülkiyyətindədir. Qeyd olunan ünvanda içməli su problemləri mütəmadi olmuş, içməli su ilə heç vaxt təmin olunmamışlar. Həyətimdə olan quyu suyundan, maşınlarla satılan sulardan və qablaşdırılmış sulardan istifadə etmişdir. 2023-cü ildə Azərsu ASC-nin podratçı təşkilatı tərəfindən qeyd olunan ünvanda yeni su şəbəkəsi tikilmişdir. Təşkilat əməkdaşları su tikintisi başa çatmamış orada yaşayan sakinlərdən evin sənədlərini və şəxsiyyət vəsiqəsini istəmiş, sənədləri təqdim etdikdən təqribən 1 ay sonra, Sabunçu Sukanal idarəsinin əməkdaşı qəbz təqdim emişdir. Müəyyən olunmuşdur ki, adına abonent kodu açılmış, amma məlumatlarda köhnə borc kimi - 168 manat cərimə göstərilmişdir. Sabunçu Sukanal idarəsinin əməkdaşları istehlakçı müqaviləsi təqdim etməmiş, o, heç bir yerdə müqaviləyə dair imza atmamışdır. Heç vaxt içməli su şəbəkəsi olmayan abonent necə ola bilər ki köhnə borc adı ilə ödəniş yazılsın. Hər hansı ünvana yeni su şəbəkəsi çəkilibsə bunun rüsumunu xalq ödəmir. Məhkəməyə müraciət etməmişdən öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə onlayn müraciət etmişdir (Ş-002807 nömrəli). Müraciət etdiyi müddətdən təqribən 1 ay sonra dediklərinə görə Sabunçu Sukanal idarəsinin iki əməkdaşı evinə yaxınlaşaraq özlərini, vəsiqələrini təqdim etmədən həyətyanı sahəsinə baxış keçirmək istədikərini bildirmiş, bu şəxslərin Sabunçu Sukanal idarəsinin əməkdaşları olub olmaması onda şübhə yaratmış, evinə və həyətyanı sahəsinə baxış keçirmək üçün əllərində məhkəmə qərarı olmadığı üçün buna razılaşmamışdır. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi müraciət isə hələ də cavablandırılmamışdır. Cavabdehin nümayəndəsi X3 aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. Sabunçu rayonu, X4 ev 256/a-da yaşayan İddiaçı məxsus mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’na əsasən aparılmışdır. Həmin “Qaydaları”-n 8.7-ci bəndinə əsasən “Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır.” Qeyd olunan ünvanda yeni şəbəkə qurulan zaman köhnə xəttdən istifadə edən qeydiyyatda olmayan ünvan 4 nömrəli əlavəyə uyğun itirilmiş sərfiyyat bərpa edilərək qeydiyyata alınmışdır (itirilmiş sərfiyyat: 240 m3). Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 168 manat dəymiş ziyan hesablanmışdır (240 m3 x 0.70 manat=168 manat). xx.xx.2023-cü il tarixdə su xətti üzərində CSS-20 markalı, 23056192 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. “Sudan istifadə qaydaları” nın 4.1 -ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Göründüyü kimi, İddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanun”un, “Sudan istifadə qaydaları”nın tələblərini pozmuş, “Qaydalar”a uyğun olaraq hesablanmış 168 manat borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının “Azərsu" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" xx.xx.2011-ci il tarixli 01 nömrəli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.Tarif Şurasının 30.01,2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Hesab edirilər ki,“Sudan İstifadə qaydaları” na müvafiq olaraq hesablanmış 168 manat borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bir daha qeyd etdi ki, adıçəkilən ünvana yaxın su xətti olmamış, onun həyətində su quyusu var, istənilən vaxt həmin quyunu məhkəmə də cavabdeh də görə bilərlər. Xahiş eldir, iddia təmin edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçının evinin yaxınlığında su xətti olmuş və iddiaçı həmin su xəttinə qanunsuz qoşulmuşdur. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçının adına açılmış abonent kartında görünür ki, iddiaçı ilə xx.xx.2023-cü il tarixdə 47232582 №-li bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu X4, ev 256/a ünvanına **********000 №-li abonent kodu verilmiş, CSS-20 markalı 23056192 №-li sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçı barəsində müqaviləsiz sudan istifadə olunduğu aşkar edildiyinə görə xx.xx.2023-cü il tarixdə 104284 №-li akt rəsmiləşdirilmişdir. Adıçəkilən abonent kartından görünür ki, həmin akt əsasında iddiaçıya 168 manat borc hesablanmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2023-cü il tarixədək su xətti olmamış və iddiaçının həyətində su quyusu olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh ehtimal əsasında iddiaçı barəsində akt tərtib etmiş, belə iddiaçının mövqeyinə görə su xətti çəkilməmiş üvan mütləq sudan istfadə etdiyinə görə yalnız yaxınlıqda keçən su xəttinə qanunsuz qoşulmalıdır. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, eyni gündə iddiaçı ilə müqavilə bağlanmış (iddiaçı həmin müqaviləni imzalamadığını bildirir) və adıçəkilən akt tərtib edilmişdir. Cavabdehin nümayəndəsi etirazında iddiaçı tərəfindən “Sudan istifadə Qaydaları”nın tələblərini pozduğunu, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmədiyinə istinad etmişdir. Halbuki, qeyd edildiyi kimi, iddiaçı ilə müqavilə bağlanmamışdır və o, bağlanmamış müqavilənin şərtlərini poza bilməzdi. Bundan başqa, məhkəmə hesab edir ki, su xətti çəkilməyən üvanlarda yaşayan şəxslərin sudan istifadə qaydaları cavabdeh tərəfindən tənzimlənməlidir. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi Qaydalar müqavilə bağlandıqda və istehlakçı su ilə təmin edildikdə tədbiq edilir. Cavabdeh ehtimal əsasında iddiaçının qanunsuz sudan istifadə etdiyini iddia etmişdir. Bundan başqa, hazırki münasibətlərdə sudan qanuni istifadənin nədən ibarət olmasına dair cavabdeh tərəfindən açıqlama verilməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmim suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Belə olan halda, iddiaçı istifadə etmədiyi suya görə hər-hansı ödəniş etməli deyil. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. İddiaçının abonent kartından 168 manat borc silinsin. 30 manat dövlət rusumu Cavabdeh ASC-dən dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6473/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6473/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver