Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6487/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpağın giriş-çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpağın giriş-çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan xx.xx.2013-cü il tarixli 3M-5-1205 reyestr nömrəli İcarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında aldığı xx.xx.2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi olan Abşeron (Sabunçu) rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsinin giriş-çıxışına cavabdeh tərəfindən qoyulan dəmir darvazanın cavabdehin hesabına götürülməsi, torpağın giriş-çıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-5-1205 reyestr nömrəli İcarə hüququnun satılmasına dair alqi-satqı müqaviləsi əsasında Abşeron rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsini onun icarəsinə verilmişdir. Həmin alqı-satqı əsasında ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Qeyd olunan torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün həmin torpaqdan təyinatı üzrə istifadə etmiş, torpaq sahəsi daş mişarı ilə hasara alınmış olsa da, girişində darvaza qoyulmamışdır. Bu yaxınlarda xx.xx.2024-cü il tarixində Abşeron rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsinə baxış keçirən zaman torpaq sahəsinin giriş hissəsinə dəmir darvaza qoyulduğunun şahidi olmuş, darvazanın üzərinə mobil nömrə yazılmışdır. O, dərhal həmin nömrə ilə əlaqə saxlamış və hazırdsa iş üzrə cavabdeh olan Cavabdeh Etibar oğlu nömrəyə cavab verərək, torpaq sahəsinin ona satıldığını iddia etmişdir. İddiaçı dərhal “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə torpağının çıxarışını və texniki posportunu Cavabdeh Etibar oğluna göndərmiş və torpağın giriş-çıxışına qoyulmuş darvazanın götürülməsini tələb etmişdir. Lakin cavabdeh onu təhqir edərək darvazanın götürməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, ərazi üzrə 12-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, 12-ci Polis Bölməsinə gedərək mahiyyəti üzrə izahat vermişdir. İşi araşdıran 12-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru X4 cavabdehi polis idarəsinə dəvət etmiş və onun izahatını almışdır. Cavabdeh öz izahatında, “qrup yoldaşı Elnur adlı şəxs “Lalafo ” saytından onu bir nəfər şəxslə tanış etdiyini, ondan torpaq sahəsi ala biləcəyini, həmin şəxsin adının Mübariz olduğunu öyrəndiyini, Mübariz ona torpaq haqqında məlumat verdikdən sonra Mübarizlə 17 saylı Notariat Kontorunun qarşısında görüşdüklərini, orada torpağın sahibi kimi ona təqdim edilən X6 ilə tanış olduğunu, 17 saylı Notariat ofisinin qarşısında Mübarizə 4000 manat pul verdiyini, Rəşid Sabunçu rayonu, Südçülük Sovxozu, nömrəsiz torpaq sahəsini onun adına keçirtdiyini, təxminən 3 ay sonra sözügedən torpaq sahəsinə dəmir darvaza qoymaq istədiyi zaman torpaq sahəsi naməlum şəxs tərəfindən hasara alındığını gördüyünü, darvazanı yerləşdirdikdən sonra öz mobil nömrəsini darvazanın üzərinə yazdığını, təxminən 15 gün sonra bir nəfər şəxsin ona zəng vuraraq torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyini, bu zaman aldadıldığını anladığını qeyd etmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru X4 işi araşdırmış, işin hallarında cinayət xarakterinin olmadığını müəyyən edərək, xx.xx.2024cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar çıxarmışdır. Cavabdeh öz izahatında pulun nağd olaraq aldığını və heç bir alqı-satqı müqaviləsi olmadığını bildirmişdir. Bu da o deməkdir ki, cavabdehin iddia etdiyi kimi, alqı-satqı rəsmi olmamış, qanunsuz olaraq öz aralarında pul ödənişi olmuşdur. Cavabdehin həmin ünvana dair heç bir sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə ederək, 2013-cü il tarixində alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsinə dair icarə hüququ satın alınmış, həmin sahədə əkinlə məşğul olduqları, 2014-2015-ci illərdə oranı hasarladıqlarını, 4-5 ay öncə qonşular ona məxsus sahənin girişinə dəmir darvaza qoyulduğunu bildirmiş, darvazanın üzərinə nömrə olduğundan əlaqə saxlamış və həmin vaxt cavabdeh qeyd olunan torpaq sahəsini internet vasitəsi ilə satın aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, həmin torpaq sahəsini Mübariz adlı şəxs 4.000 manata ona satmış, 10 fevral 2024-cü il tarixində torpaq sahəsinin mülkiyyətçisi Həsənov Rəşid ona bu barədə etibarnamə vermiş, pulu verdikdən sonra 2 sot torpaq sahəsini onu aparıb sahəni göstərmiş, daha sonra həmin sahədə tikinti işlərinə başlayan zaman torpaq sahəsini sənədləşdirəcəkdir. Etibarnamə hələ də qüvvədədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı adına Abşeron rayonu, X7 ərazisi 0.02 ha torpaq sahəsi yüklü edilmiş, yüklüyünün müddəti xx.xx.2011-ci ildən 99 il müddətinədir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: xx.xx.2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi xx.xx.2013-cü il tarixli 3M-5-1205 reyestr nömrəli İcarə Hüququnun satılmasına dair alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, X7 ərazisi İddiaçı icarəsindədir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, barəsində cinayət işinin rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 1/1-3896 nömrəli məktubla İddiaçı, ərizədə qeyd olunan şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət işninin başlanması rədd edildiyi, yaranmış mübahisənin həlli ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddələrin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə mülki mahakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq rayon-şəhər məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, X3 adına Abşeron rayonu, X7 ərazisində yerləşən 1.0 ha torpaq sahəsi yüklü edilmişdir. Yüklüyünün müddəti xx.xx.2008-ci ildən 99 il müddətinədir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: xx.xx.2008-ci il tarixli 1371 nömrəli icarə müqaviləsi bağlnamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. ; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Abşeron rayonu, X7 ərazisində 0,02 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmiş və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********30 reyestr nömrəli plan və ölçü verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən icrarə hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alındığı halda, cavabdeh məhkəməyə torpaq sahəsinin onun istifadəsinə və ya icarəsinə verilməsi ilə və bu hüququn DƏDRX qeydə alınması ilə bağlı hər hansı bir hüquqmüəyyən edici sənəd təqdim edə bilməmişdir. Yalnız 10 fevral 2024-cü il tarixdə X6 tərəfindən Cavabdeh adına 1.0 ha torpaq sahəsinin 200 kv sahəsindən təyinatı üzrə istifadə etməsi sənədləşdirilməsi barədə hüquqların etibar olunması barədə baş etibarnamə verilmişdir. Bu barədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh adına belə bir etibarnamə mövcutdursa hal-hazırda qüvvədədirsə o öz hüquqlarının tanınması barədə DƏDRX müraciət edə bilər. Eyni zamanda iş materiallarında olan 10 fevral 2024-cü il tarixli etibarnamədən görünür ki, X6 özünə məxsus 1.0 ha torpaq sahəsindən 200 kv hissəsini Cavabdeh satmış olduğunu nəzərə alsaq belə (hansı ki, etibarnamə alqı-satqı müqaviləsini əvəz edən sənəd deyil) məhz bu 200 kv sahənin İddiaçı məxsus olan sahə ilə üst-üstə düşməsi barədə heç bir sübut (plan cizgi) təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan xx.xx.2013-cü il tarixli 3M-5-1205 reyestr nömrəli İcarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında aldığı xx.xx.2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi olan Abşeron (Sabunçu) rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsinin giriş-çıxışına cavabdeh tərəfindən qoyulan dəmir darvazanın cavabdehin hesabına oradan götürülməsi, cavabdeh tərəfindən torpağın girişçıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Abşeron (Sabunçu) rayonu, X7 ərazisində 0.02 ha torpaq sahəsinin giriş-çıxışına Cavabdeh tərəfindən qoyulan dəmir darvazanın öz hesabına götürülməsi, torpağın girişçıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6487/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6487/2024
19.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver