Məhkəmə qərarları › İş №2(008)-6533/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6533/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6533/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-Mədən ünvanda yerləşən yaşayış evinin **********00016 nömrəli abonent koduna əsassız olaraq Cavabdeh İB tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2903,04 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1451,52 manat, cəmi 4354,56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat dəymiş ziyanın əvəzi olaraq hesablanmış borcun silinməsi və həmin aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin evə abonent kodu **********00016 olan qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında həmin ünvana quraşdırılan sayğac mexaniki tipli sayğacdır. Bu yaxınlarda iddiaçı yaşamağa yerləri olmadığı üçün həmin ünvandaki mənzilə köçmüşlər. Qaz sayğacı qoyulandan bir müddət sonra ona bildirilmişdir ki, onun qaz borcu var. İddiaçı bu barədə dəqiq məlumat almaq üçün Cavabdeh İB-nə müraciət etmişdir. Cavabdeh İB tərəfindən ona xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2903,04 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1451,52 manat, cəmi 4354,56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat cərimə borcu yazılmışdır. Cavabdeh İB-nin əməkdaşları həmin aktlar yazılan zaman çəkilmiş fotoşəkilləri də ona təqdim etmişdir. O həmin şəkillərə nəzər saldıqda şahid olmuşdur ki, çəkilən şəkillərin onun evinə heç bir aidiyyatı yoxdur. Cavabdeh İB əməkdaşları ona sayğac olmamışdan əvvəlki tarixlərə aktlar tərtib etmişlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. 10 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, evdə iki göz qaz işlədiyini, 24 saat qaz işlətmədiyini, tərəfindən sayğaca müdaxilə olmadığını, sayğacı da Cavabdeh İB-nin əməkdaşları quraşdırdığını bildirmiş və borcun əsassız olduğunu, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00016 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 4354,56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent mənzildə təbii qazdan kənar qeyri-qanuni istifadə etmişdir. Dəymiş ziyan 24192 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x180=5184 m3 3x24x180=12960 m3 3x1.4x24x180=6048 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan 12096 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x12x180=2592 m3 3x12x180=6480 m3 1.4x12x180=3024 m3 hesablanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-Mədən ünvanda yerləşən yaşayış evinə mexaniki tipli sayğac quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00016 nömrəli abonent İddiaçı sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etməsi aşkar edilməsi barədə aktlar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xət dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq göstərilən ünvana Cavabdeh İB əməkdaşları tərəfindən aktlar tərtib edilərək, fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər. Həmçinin mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin İddiaçı hesablanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2903,04 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1451,52 manat, cəmi 4354,56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən abonent kodu **********00016 olan İddiaçı hesablanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2903,04 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1451,52 manat, cəmi 4354,56 (dörd min üç yüz əlli dörd manat əlli altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar