Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6552/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1853.16 manat maddi zərər, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, cəmi 2183.16 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 27.09.2018-ci il tarixdə AKX-0030145/09-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********00120 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən fotolar çəkilmişdir. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 799.20 manat; - 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat; - 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295.20 manat; - 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat olmaqla, İddiaçınə ümumilikdə 1717.20 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. AGİS və GASREP üzrə saldodan görünür ki, cavabdehin əvvəlki dövrdən 151.20 manat məbləğində yaranmış borcu AGİS bazasından GASREP proqramına keçirilmiş, borca görə 15.24 manat məbləğində tutulmalar da nəzərə alınmaqla, ümumilikdə 135.96 manat qalıq borc qalmaqdadır. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində hazırkı vaxt üçün İddiaçınə borca görə tutulmalar da nəzərə alınmaqla ümumilikdə 1853.16 manat məbləğində borcu qalır. (Aktlar üzrə 1717.20 + GASREP üzrə borc 135.96=1853.16 manat). İddiaçı nümayəndələri tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə, qanunvriciliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurulmuş maddi zərərdən əlavə, məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 27.09.2018-ci il tarixli, AKX-0030145/09-2018 saylı müqaviləyə əsasən, sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00120 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış ünvan 2 ünvanına dair AGİS və GASREP üzrə saldodan abonentin 2020-ci ilin fevral ayına aktlar üzrə cəmi 1717.20 manat borcu, 15.24 manat tutulmalar da nəzərə alınmaqla, 2012-ci il üçün 135.96 manat debitor borc olduğu müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00120 olan Cavabdeh ünvan 2 ünvanına 30.04.2019-cu il, 30.05.2019-cu il, 28.06.2019-cu il, 31.07.2019-cu il, 31.07.2019-cu il, 30.09.2019-cu il, 30.10.2019-cu il, 29.11.2019-cu il, 30.12.2019-cu il, 30.01.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (799.20 manat); ******* saylı (32.40 manat), ******* saylı (32.40 manat), ******* saylı (32.40 manat), ******* saylı (64.80 manat), ******* saylı (32.40 manat), ******* saylı (133.20 manat), ******* saylı (295.20 manat), ******* saylı (295.20 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi ümumilikdə 1717.20 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, ilk dəfə 30.04.2019-cu il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquqmühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Ona görə də, məhkəmə 30.04.2019-cu il tarixli, ******* saylı aktın mötəbər sübut kimi nəzərə alınmasını məqsədəmüvafiq hesab etsə də, həmin akt üzrə hesablanmış maddi ziyan məbləği ilə razılaşmır. Belə ki, qeyd olunan akt üzrə hesablamalar aşağıdakı qaydada aparılaraq, - 1.2x6x180=1296 m3 - 1.5x8x180=2160 m3 - 1.4x18x180=4536 m3 olmaqla, cəmi 7992 m3 nəticəsi əldə edilmişdir. Halbuki,həmin hesablama nəticəsində gəlinən nəticə cəmi 1332 m3 (1.2x6x30=216 m3 + 1.5x8x30=360 m3 + 1.4x18x30=756 m3) təşkil etməli idi. Alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpiyə vurulduqda, cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin 133.2 manat məbələğində olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil etdiyindən, əvvəlki illərdə (2012-ci il) istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borcun tutulması hissəsinə münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş ziyan qismində 133 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. İddianın qismən təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqından 150 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumundan 15 manat cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 133 (yüz otuz üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat olmaqla, cəmi 298 (iki yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6552/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6552/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver