Məhkəmə qərarları › İş №2(008)-6558/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6558/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6558/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “tələb edilən suni borcun ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “tələb edilən suni borcun ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirşağa Bələdiyyəsinin qanunsuz olaraq ondan tələb etdiyi 724 manat 71 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Abbasov X4 rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla,ailəsi ilə birlikdə yaşayır. Pirşağı qəsəbəsində 12 sot torpaq sahəsinə X5 ilə, Pirşağı Bələdiyyəsi arasında İcarə müqaviləsi bağlanmışdır. 1 kv.m sahənin illik icarə haqqı 1 qəpik, illik icarə haqqının məbləği 12 manat təyin olunmuşdur. Müqavilə 10 il müddətinə bağlanmışdır. 2006-ci ildə bağçılıqla məşğul olmaq üçün X3 600 ha.torpaq sahəsini idarə etmək üçün etibarnamə alaraq, həmin sahədən istifadə etmişdir. Qeyd olunan sahədə 1 otaqlı ev tikərək, su, işıq və qaz sayğacı çəkdirmişdir. 2009-cu ildə ona xəbərdarlıq gəlmişdir ki, ev və 1 sot torpaq sahəsi plana düşür. Plana düşdükdən sonra ona konpensasiya verilərək tikdiyi ev sökülmüşdür. Daha sonra həmin torpaq sahəsinin başqa yerində ev tikərək, özünə şərait yaratmışdır ki, torpaq sahəsində işlədikdən sonra dincəlməyə yeri, suyu və işığı olsun. 2016-cı ilə qədər hər il bələdiyyə vergisini ödəmişdir. Etibarnamənin vaxtı bitmiş, qüvvədən düşmüş və yenədə evin plana düşməsi barədə xəbər gəlmişdir. Ona verilən Etibarnamənin müddəti 2016cı ildə bitdiyindən qeyd olunan tarixdən sonra heç bir vergi ödəməmiş, sonradan tikdiyi ev 2021-ci ildə sökülən zaman ona kompensassiya ödənilmişdir. X1 barəsində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə müraciət edərək, 724 manat 71 qəpik torpaq vergisi borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. ... hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. ... Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçının tələbi inzibati xarakterli olduğundan, bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxıla bilinmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati xarakterli və inzibati məhkəmələrin yuristiksiyasına aid olduğundan mülki işin icraatına xitam verilməli, iddiaçı həmin iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 191, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “tələb edilən suni borcun ləğv edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar