Məhkəmə qərarları › İş №2(008)-6590/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6590/2024

18.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6590/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-сü il tarixli əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" alt sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, naməlum şəraitdə cavabdeh şirkətdə işçi kimi qeydiyyata alınmışdır. Həmin şirkətdə iş fəaliyyəti olmamışdır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən şirkətin hüquqi ünvanda mövcud olmaması və heç bir əlaqə məlumatının da olmaması səbəbilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" alt sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh şirkətində heç vaxt işləməmiş, olduğu yeri belə bilmir. Əmək kitabçası da yoxdur. Həmin turizm şirkətində vaxtı ilə atası işləmişdir, onun isə cavabdehin rəhbəri ilə heç bir əlaqəsi yoxdur. Kompensasiya ödənilməsini istəyir, lakin iddia tələbində kompensasiya və məsuliyyətə cəlb edilməsi tələbi olmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "myGov" internet informasiya portalından əldə edilmiş İddiaçı iş yeri haqqında arayışdan görünür ki, iddiaçı "xxxx" MMC-də "menecer" vəzifəsində işləyir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Maddə 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Sadalanan normalarının təhlilindən görünür ki, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək müqaviləsi bağlanmadığı hallarda tərəflər arasında yaranan münasibətlərdə əmək münasibətlərinə bənzər əlamətlər olduqda da qanunvericiliyinin tələblərinə görə əmək müqaviləsi bağlanmalıdır. Hazırki işdə tərəflər arasında nəinki əmək müqaviləsi mövcuddur, həmçinin əmək müqaviləsinin bağlanmasını tələb edən hüquq münasibətləri mövcud deyil. Belə ki, iddiaçının əmək kitabçası yoxdur, əmək münasibətlərinin rəsmləşdirilməsi üçün cavabdehə şirkətə müraciət etməmişdir, əmək münasibətlərindən irəli gələn digər hüquqlardan (əmək haqqı almaq, əmək məzuniyyətindən istifadə etmək və s.) istifadə etməmiş, vəzifələri (əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və s.) yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında faktiki olaraq əmək münasibətləri olmadığından iddia təmin edilməli, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin iddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olmuş xx.xx.2023-сü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olmuş xx.xx.2023-сü il tarixli əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" alt sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Cavabdeh "xxxx" MMC-dən 100 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar