Məhkəmə qərarları › İş №2(008)-6595/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6595/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6595/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz” İB-yi tərəfindən ünvan 1 ünvanında yerləşən evin hesab koduna (kod: **********00004) əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Azəriqaz” İB-yi ilə 04/3361 saylı xx.xx.2023-cü il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin qaz xətti üzərinə G-4 SMART markalı **********761 nömrəli qaz sayğacı quraşdırmış və (**********00004) saylı hesab kodu verilmişdir. Cavabdeh "Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixə qeyd olunan evin qaz sayğacına baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların üzərində yuvasının ətrafında əzik-cızıq izlərinin olması barədə onun iştirakı və imzası olmadan ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 1555,20 (min beş yüz əlli beş manat 20 qəpik) manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən yazılmış akt qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvana cavabdeh "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən qaz xətti üzərinə qaz sayğacına baxış keçirərkən və sayğac dövlət yoxlamasından keçirilərkən onun iştirakı və aktda imzası olmamışdır. Bununla bağlı ona heç bir rəsmi məlumat verilməmişdir. Həmin ünvana hər ay kart vasitəsi ilə ödəniş olunmuş və təbii qazdan istifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 cərimədən xəbəri olmadıqlarını, sayğaca heç bir müdaxilə edilməsiyini, sayğacın dəyişdirilib yerinə yeni sayğac qoyulduğunu qeyd etmiş, iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndəsinin iştirak etməmə səbəblərini bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Cavabdeh İB arasında bağlanılmış 04/3361 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Paylayıcı olan Cavabdeh İB-i bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçı olan İstehlakçını keyfiyyətli qazla təmin etməyi, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********00004 nömrəli abonent İddiaçı məxsus qaz sayğacına baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsəsan itirilmiş qaz sərfiyyatının həcminin 12960 m3 olması hesablanmışdır. **********00004 nömrəli abonent İddiaçı məxsus abonent saldosundan görünür ki, abonentə qalıq və aktlara əsasən 2023-cü ilin aprel ayı tarixində 1555.20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı iddiaçıya məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların üzərində və yuvasının ətrafında əzik-cizıq izlərinin olması və bunun əsasında itirilmiş qazın həcminin 12960 kub metr hesablanaraq dəymiş zərərin 1555.20 manat hesablandığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi, onda əzik-cızıq xətlərinin olması və bunun məhz iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, silinməsi tələb edilən 1555.20 manat məbləğin silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə saldoda iddiaçıya 2023-cü ilin aprel ayı üzrə hesablanmış 1555.20 manat borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin **********00004 №-li abonent kodundan 1555.20 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar