Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6605/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı X1 cavabdeh X9 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh X9 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 03 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək hər ay üçün 600 (altı yüz) manat olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının, 1000 (bir min) manat məbləğində aldığı borcun, 200 (iki yüz) manat vəkil xidmətinə ğörə xərcin və 10.000 (on min) manat mənəvi ziyanın tutularaq qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan X12 ilə bağladığı xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən cavabdehin icarəyə götürdüyü “Xətai” Metro stansiyasının yaxınlığında yerləşən mağazada satıcı vəzifəsində işləyib. Əmək müqaviləsində əmək haqqının rəsmən 250 manat nəzərdə tutulsa da, faktiki olaraq cavabdeh iddiaçıya hər ay 600 manat əmək haqqı ödəmişdir. 2022-ci ilin dekabr ayında səbəbi ona izah edilmədən işdən çıxarılmışdır. İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir ərizə yazmadığını, eləcə də hər hansı bir intizam tənbehinə yol vermədiyini bildirib və hansı əsasla işdən çıxarıldığını soruşduqda, X12 ona mən belə istəyirəm belə də olmalıdır cavabını vermişdir. Belə olan zaman cavabdehdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə onu tanış etməyi, həmin əmrin surətini, əmək kitabçasını təqdim etməyi tələb etmiş ki, qanunverciliyə müvafiq qaydada həmin əmri mübahisələndirmək imkanı olsun. Lakin cavabdeh əmri və əmək kitabçasını ona verməkdən imtina etmişdir. Daha sonra iddiaçı X2ynar xəttinə zəng edərək qeyri-qanuni olaraq işdən azad olunduğu barədə şikayət edib və məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. X7 ilə tez-tez əlaqə saxlasan da, onlar iki aydan yuxarı bir müddətdə hər dəfə cavabdehi axtardıqlarını, təhqiqat apardıqlarını bildiriblər. X7 bu məsələ ilə bağlı təhqiqat aparsa da, təhqiqatın nəticələri və qəbul etdiyi qərar barədə ona rəsmən yazılı məlumat verməyib eləcə də cavabdehdən əldə etdiyi sənədləri ona təqdim olunmayıb. Vəkil sorğusuna X4 verilən cavab əsasında ona məlum olub ki, cavabdehin 24 dekabr 2022-ci il tarixli 03 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan 2X1MA1T000500 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 07 yanvar 2020-ci il tarixdə X3 “Mağaza” bölməsində “Satıcı” vəzifəsinə işə qəbul olmuş, müddətsiz əmək müqaviləsi bağlamış və aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilən cavab məktubunda iddiaçının işdən çıxması barədə əmr, əmək müqaviləsi bildirişindən görünür ki, “Mağaza” bölməsində “Satıcı” vəzifəsində işləyən X3 ilə bağlanılmış 2X1MA1T000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi əsasında tərəflərdən birinin təşəbbüsü” əsasında xx.xx.2022-ci il tarixində xitam verilib. Həmçinin Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 2-ci bəndində işçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyə şöbəsinə/departamentinə hevalə edilib. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 3 cü bəndində göstərilmişdir ki, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəyə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları 1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. 3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırılması zaman müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında fərdi sahibkar X6 yanında “Mağaza” bölməsində satıcı vəzifəsinə işə qəbul olmuşdur. X3 ilə bağlanmış 2X1MA1T000500 nömrəli əmək müqaviləsinə, “AR ƏMnin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022ci il tarixində xitam verilib. İddiaçı hazırda məhkəməyə müraciət edərək fərdi sahibkar X6 xx.xx.2022-ci il tarixli əmrinin ləğv qanunsuz olduğundan ləğv edilməsini məhkəmədn xahiş etsədə mülki işin matriallarına əalvə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddalaraının pozulması halları müəyyən edilmədi Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh fərdi sahibkar X6 yanında “Mağaza” bölməsində “Satıcı” vəzifəsinin 24 dekabr 2022ci il tarixli əmək müaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur və təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 cavabdeh X11 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev