Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-667/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş, doğumu Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1955-ci il tarixdə 2651 nömrə ilə qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi orta təhsilini Bakı şəhəri 211 nömrəli orta məktəbdə almış, hərbi xidmətini 1974-1976-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçərək Azərbaycana qayıtmış və həmin vaxtdan isə ölkəni tərk etməyərək ünvan 1 ünvanında yaşayır. Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli Qərarında onun 1998-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilmədiyindən, Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi doğulduğu vaxtdan Azərbaycan Respublikasının ərazisində yaşamasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu da təsdiq edən heç bir sənədi yoxdur. Azərbaycan Respublikası vətandaşlığına qəbulla bağlı vəsatətinin həmin şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vatandaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması faktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun (xüsusən “fın kod” tələb edilən) bir çox dövlət və qeyridövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 07 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Ərizəçi ərəzisini müdafiə edərək, bu günədək xəstə olduğu üçün məhkəməyə müraciət etmədiyini, 1974-1976-cı illərdə Sankt-Peterburqda hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra 1890-ci ildə Arxangelskə getdiyini, həmin ildə də Azərbaycan Respublikasına qayıtdığını, 1990-ci ildə isə Türkiyyə Respublikasına getdiyini, orada magazada işlədiyini və 2008-ci ildə Azərbaycan Respublikasına qayıtdığını bildirmiş və şəxsiyyət vəsiqəsini almaq, qeydiyyata düşmək üçün ərizəsinin təmin edilməsini xahiş etmişdir. 07 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 izahatında Qanunvericiliyin tələblərinə əsasən, şəxs 2006-cı ilədək Azərbaycan Respublikasına gəlməlidir və heç bir dövlətin vətəndaşlığına mənsub olmamalıdır. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və yaşadığı ölkələrin vətəndaşlığına mənsub olub-olmaması müəyyən edilməlidir. Şəxs faktiki olaraq hərbi xidmətdən sonra Arxangelskə getmişdir. Orada nə fəaliyyətlə məşğul olub-olmadığını bilinmədiyini, bu sənədlərin zəruri olduğunu bildirmiş və hesab edir ki, ərizə əsassızdır, təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunur ki, ərizəçinin 1998-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. - İş materiallarında olan SSR-nin XİV-ЖГ seriyalı 677517 nömrəli pasportunun surətindən görünür ki, Ərizəçi 10 dekabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. - İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Azərbaycan Respublikasında, Bakı şəhərində anadan olmuşdur. - İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38-33/2- 4451/24 nömrəli cavab məktubuna əsasən xx.xx.2024-cü il təvəllüdlü Ərizəçi xx.xx.2008-ci ildə Gürcüstan Respublikasından, Azərbaycan Respublikasına daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Əmirli Vüsal eyvaz oğlu xx.xx.2024-cü il tarixdə etiraz ərizə ilə məhkməyə müraciət edərək, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “1976-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin 2008-ci il tarixdə ölkə sərhədlərindən girişi qeydə alınmışdır. Lakin, bununla belə AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, 1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin – Rusiya Federasiyasının vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd təqdim edilməsini; 2. Sözügedən sənədin əldə edilməsi mümkün olmadığı halda məhkəmə tərəfindən müvafiq sorğunun göndərilməsini; 3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini; 4. 1-ci və 3-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 5. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 3-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəflərindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 nömrli qərarının 12-ci bəndinə əsasən Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qəraraın 12.2-ci bəndinə əsasən Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Ərizəçi Gürcüstan Respublikasından Azərbaycan Respublikasına xx.xx.2008-ci ildə giriş etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində isə SSR pasportu olan şəxslərin Azərbaycan Respublikasına 2006-cı il, yanvarın 1-dək gəlməsi imperativ olaraq müəyyən edilmişdir. Ərizəçinin qanunda müəyyən olunmuş müddətdən 2 il sonra Azərbaycan Respublikasına giriş etdiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi” tələbinə dair ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-667/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-667/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver