Məhkəmə qərarları › İş №2(008)-6685/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6685/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6685/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən ona hesablanmış 2177.28 manat mələğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi evi ona məxsusdur. Qeyd olunan ünvana Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən ünvanda smartkart tipli sayğac quraşdırılmışdır. xx.xx.2022ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən əlavə xətdən istifadə edilməsi ilə bağlı ona cərimə yazılmışdır. Ona məxsus evdə kənar xətt aşkarlanması ilə bağlı akt tərtib edilməsindən xəbəri olmamış, qaz idarəsinə gedərək həmin aktı və şəkili tələb etsə də, tərtib edilmiş akt verilsə də, kənar xəttin aşkarlanması ilə bağlı şəkillər verilməmişdir. Komissiya təşkil edilərək, evə baxış keçirilməsini bildirsə də, razı olmamışlar. Yazılmış 2177,28 manat cərimə məbləğinin əsassız hesab edilərək silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onu iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, göstərilən ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyan 18144 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24saat və hesabat müddəti 90 gün, Dəmir Sobanın maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x90=2592m3 3x24x90=6480m3 3x1.4x24x90=9072 m3 hesablanmışdır. Məhkəmə hesabat müddəti ilə razılaşmayaraq qeyd edir ki, qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat 90 gün kimi, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3 orta günlük iş rejimi 24 saat deyil 8 saat, hesabat müddəti 90 gün kimi, Dəmir Sobanın maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat deyil 8 saat, hesabat müddəti 90 gün kimi qəbul edilməlidir. 1,20 x 6 x 90 = 648 x 0,12 = 77,76, 3 x 8 x 90 = 2160 x 0,12 = 259,20, 1,40 x 8 x 90 = 120,96, cəmi 457,92 (dörd yüz əlli yeddi manat, doxsan iki qəpik) manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edir. Akt tərtib edilən zaman 3 ədəd dəmir sobanın olması qeyd edilməklə heasbat aparılması hissəsi ilə razılaşmayan məhkəmə hesab edir ki, iş materiallarında olan abonent saldosunda və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 ədəd dəmir soba olmuşdur. Həmçinin akt tərtib edilən zaman aşkar olunan avadanlıqları hansı sayda olması barədə heç bir foto şəkil sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2177,28 manat borc məbləğindən 1719,36 manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2177,28 manat borc məbləğindən, 1719,36 (bir min yeddi yüz on doqquz manat, otuz altı qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar