Məhkəmə qərarları › İş №2(008)-6693/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6693/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6693/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhərində ölmüşdür. Həkimə vaxtında müraciət etmədiklərindən atası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. O, ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirmişdir ki, Səfəri 15 ildir ki, tanıyır. Mərhum onun evində rəhmətə gedib. O, evinə Səfərin mebel sexindən mebel sifariş vermişdi. Səfər hadisə günü günorta ustasını onun evinə gətirmiş və onu axşam gəlib götürəcəyini bildirmiş, evə üzü qızarmış və təngənəfəs halda gəlmişdir. Səfər evdə olarkən birdən ayağını tutmuş və ətrafındakılar tərəfindən yerə uzadılmışdır. Təcili tibbi yardıma zəng olunsa da, cavab verilmədiyi üçün o, özü xəstəxanaya gedərək təcili tibbi yardım heyətini evinə gətirmişdir. Onlar evə daxil olanda Səfər artıq dünyasını dəyişmişdi, həkim polislə əlaqə saxladı və polislər də hadisə yerinə gəlmişlər. Polislər gələn zaman polisə mərhumun infarkt səbəbindən dünyasını dəyişdiyini bildirmişlər. Mərhum Günəşli qəbirstanlığında dəfn olunmuşdur. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X9 ifadəsində bildirmişdir ki, Səfər onun dayısıdır. 15 sentyabrda Hüseyn ona zəng vuraraq Səfərin halının pis olmasını bildirmişdir. O, evə çatanda Səfər artıq dünyasını dəyişmişdir. Hadisə baş verən ev Günəşlidə məscidlə üzbəüz yeni tikilinin 3-cü ya 4-cü mərtəbəsində yerləşirdi. Təcili tibbi yardım heyəti artıq orada idi. Həkim ona ölüm səbəbi kimi infarkt olduğunu bildirmişdi. Sonra dəfn etmək üçün mərhumu Günəşlidəki öz evinə aparmışlar. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, Hüseyn bacısı oğludur, Səfər isə bacısının həyat yoldaşıdır. Hadisə günü Səfərin ustası ona zəng vurdu ki, Səfərin halı pisdi kömək lazımdır. O, evə gedəndə Səfər artıq dünyasını dəyişmişdi, təcili tibbi yardım maşını evdən çıxırdı. Mərhum Qaraçuxurda bazarın yanında həyat yoldaşı, anası və qızı ilə birlikdə yaşayırdı. Səfər 15 sentyabr 2023cü ildə rəhmətə getmişdir, Günəşli qəbirstanlığında dəfn olunmuşdur. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 09629479 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - XV-ЖГ seriyalı 415911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunda doğulmuşdur, atası X5, anası X3r. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Təcili və X4 Stansiyası 21 saylı bölmənin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 və X4 gələnə qədər ölmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-15-963/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Bu səbəbdən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 356 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. - 11 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 2076 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X5 evdən kənarda vəfat etdiyinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 52 nömrəli 2015-ci il tarixli əmrinə əsasən 106 nömrəli arayış vermək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar