Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6710/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “Pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “Pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3110 (üç min yüz on) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd olunan ünvanda quraşdırılmış abonent kodum **********00000 olan mexaniki tipli qaz sayğac onun istifadəsindədir. 2022-ci il tarixinə qədər qaz sərfiyyatına olan ödənişləri vaxtı-vaxtında etmiş, növbəti illərdə isə həmin mənzildə yaşamağı faktiki olaraq dayandırmışdır. Ara sıra mənzilə baş çəkir, həmin müddət ərzində də istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Bildirmişdir ki, evə quraşdırılmış əvvəlki sayğac mexaniki tipli qaz sayğacı olmuş, 2025-ci ilin iyul ayında Cavabdeh əməkdaşları ona məxsus smart tipli qaz sayğacını mexaniki tipli sayğac ilə əvəz etmişlər. Göstərilən müddətə qədər onun “Azəriqaz" İstehsalat Birliyinə heç bir borcum olmamışdır. Sayğac dəyişdikdən sonra xx.xx.2025-ci il tarixində “Azəriqaz“ İstehsalat Birliyindən ünvana gələn qəbzdə 3092.25 manat borc yazıldığını görmüş, bu məbləğin nəyə görə hesablanmasını öyrənmək üçün “Azəriqaz“ istehsalat Birliyində müraciət etmiş, aldığı məlumata əsasən məlum olmuşdur ki, “Azəriqaz“ İstehsalat Birliyinin ******* nömrəli aktına əsasən qazdan qeyri-qanuni istifadə etdiyim üçün cərimə olunmuşdur. Lakin, belə bir aktın yazılmasından bu günə kimi xəbərim olmamış, “Azəriqaz“ İstehsalat Birliyinin ******* nömrəli aktı qeyri-qanuni və əsasız olaraq tərtib olunmuşdur. O, qaz xəttinə heç bir qanunsuz müdaxilə etməmiş, bu halı “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşlarına bildirərək, tətbiq edilmiş cərimənin silinməsini xahiş etsə də, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı bunu edə bilməyəcəyini bildirmişlər. Hesab edir ki, qaz xəttinə qeyri-qanuni qoşulması əsası ilə ******* nömrəli akt üzrə cərimənin ondan tələb olunması həm əsassız həm də ona qarşı edilmiş haqsızlıqdır. Hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərtib olunan ******* nömrəli akt əsassız olduğundan, həmin akt əsasında yazılmış 3110 (üç min yüz on) manat məbləğində cərimə silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkarlanmış, dəymiş ziyan 25920 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6 x 12 x 360 = 25920 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş heç bir tədbir görmədən yalnız pozuntu halı ilə bağlı akt tərtib etməklə kifayətlənmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1 -ci maddə əlavə edilmişdir. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələbindən göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00000 olan İddiaçı ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6710/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6710/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver