Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-673/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması və azyaşlı uşaqları – xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qaynanası, Cavabdeh2 isə həyat yoldaşıdır. Onunla xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahdan iki övladları dünyaya gəlmişdir. X1 xx.xx.2011-ci ildə, qızları Hacı-zadə Ayan Dəyanət qızı isə xx.xx.2017-ci ildə doğulmuşdur. Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra bir müddət Bülbülə qəsəbəsində yaşamışlar. Qaynatası və qaynanası həmişə deyirdilər ki, “yeni tikilən binalarda ev alıb sizi ora köçürdəcəyik”. Onlar ailə quran vaxt cavabdehlər Yasamal rayonu Qələbə dairəsi yaxınlığında Həsənbəy Zərdabi küçəsində 5 mərtəbəli binada yaşayırdılar. 2 il Bülbülədə yaşadıqdan sonra onlar da həmin mənzilə köçmüşlər. 2014-cü ildə həmin mənzili satıb Yeni ünvan 1 ünvanda yeni tikilən binada hazırda yaşadıqları mənzili almışlar. 2015-ci ildə mənzilin təmirinə başlanılmışdır. Müvəqqəti olaraq o, həyat yoldaşı və uşaqlar atasıgildə, qaynanasıgil isə qızıgildə yaşamışlar. Təmir başa çatdıqdan sonra yeni mənzilə köçmüşlər. Mənzil iki otaqlı idi, ancaq yenidən planlaşdırılaraq mətbəxin hesabına üç otaqlı düzəldilmişdir. İkinci övladları Ayan həmin mənzildə dünyaya gəlmişdir. Ayanın bir yaşı olanda valideynləri Dəyanətə onların Kürdəxanıda olan torpaq sahəsində ev tikib ora köçməyi məsləhət bilmişlər. Bundan sonra hazırda cavabdeh olan həyat yoldaşı Dəyanət Kürdəxanıda olan torpaq sahəsində ev tikməyə başlamışdır. Evin tikilməsinə onların ailəsi də köməklik edirdi. Hətta ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları da ümumi razılıqları əsasında satılıb evin tikintisinə sərf edilmişdir. Qiyməti daha yüksək olsa da həmin vaxt Dəyanətin ona dediyinə görə qızıllar təxminən 5000 manata satılmışdır. 2020-ci ilin mart ayında Kürdəxanıda yeni tikilmiş evə köçmüşlər. Bütün cehiz əşyaları evə yerləşdirilmişdir. Ev üç otaqdan, mətbəxdən və sanitar qovşağından ibarət idi. Atası tərəfindən hədiyyə olaraq ona verilmiş 1500 manata mətbəx mebeli almışlar. Hazırda da həmin mebel mətbəxdə istifadədədir. Birgə nikah dövründə cavabdehlər və ailə üzvləri ilə münasibətləri normal olmuşdur. İstər birgə yaşadıqları müddətdə, istərsə də ayrı yaşadıqları vaxtda aralarında xırda söz-söhbət istisna olmaqla hər hansı bir ciddi mübahisə, gərginlik olmamışdır. 2021ci il iyun ayının 19-da qaynatası Hacı-zadə Tahir dünyasını dəyişmişdir. Yas mərasimi onların Kürdəxanıda yaşadıqları evdə keçirilmişdir. El adəti ilə valideynləri və qohuməqraba yasda iştirak etmişlər. Özü isə ailə üzvü və evin sahibəsi kimi rəhmətliyin yasında iştirak etmişdir. Yas mərasiminin 40-cı günü qeyd ediləndən bir neçə gün sonra Yeni Yasamalda olan mənzildən pul itməsi məsələsi ortaya çıxmışdır. Dəyanət yaşadıqları evdə pul saxlamırdı. Bütün pullarını anasına verirdi, o isə buna etiraz etmirdi. Bu məsələdən bir neçə gün sonra həyat yoldaşı Dəyanət ona dedi ki, anası pulun onun tərəfindən götürüldüyünü iddia edir. O isə bildirdi ki, xeyli müddətdir ki, o mənzildə olmamış, ora gedib-gəlməmişdir. Mənzildə anası və qardaşının ailəsi ilə yaşayır. Bacısı da bütün yas dövründə ailəsi ilə birlikdə orada yaşamışdır. Nə üçün anası onlardan şübhələnmir o, orada olmadığı halda onu günahlandırır. Demişdir ki, qoy versinlər polisə, polis araşdırsın. Onlar isə polisə müraciət etməmişlər. Mənzildə yaşamadığı, ora gedib-gəlmədiyi halda pulu necə götürə bilər? Eyni zamanda bildirmişdir ki, 10 ildən çoxdur ki, ailəlidirlər, nə vaxtsa ondan belə bir hərəkət hiss etmişdirmi? Əgər o, mənzildə olsa idi və pulun yerə düşdüyünü belə görsə idi onu götürüb anasına verərdi. Bu məsələ ətrafında getdikcə sözsöhbət böyüməyə başlamış və haqq-nahaq onu günahlandırmışlar. 16 noyabr 2021-ci ildə Dəyanət onu və uşaqları atasının evinə gətirmişdir. Sonradan onları evə aparmaq üçün gəlməmişdir. Telefonla zəng etdikdə bildirmişdir ki, anası sakitləşənə qədər bir müddət atasının evində qalsa yaxşı olar. Anası onu o evdə görmək istəmir. Yeni il qabağı, dekabr ayının 30-da Dəyanət atasının evinə, yanlarına gəlmiş və ona bildirmişdir ki, “pul məsələsini üstünə götür, etiraf elə, yoxsa məcbur olub boşanmalıyam”. O isə Dəyanətə bildirmişdir ki, o, üstünə şər-böhtan götürə bilməz. Olmayan şeyi heç vaxt etiraf etməz. Ondan sonra 6 aya yaxın müddətdə Dəyanət onlarla maraqlanmadı. 20 may 2022-ci ildə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. O isə nikahın pozulmasına etiraz edərək aliment tələbi irəli sürmüş və evə qayıtmaq istədiyini bildirmişdir. Dəyanət isə ona bildirmişdir ki, ev anasınındır, onun icazəsi olmadan ora girə bilməz. Sonradan o, evə getdikdə görmüşdür ki, evin giriş qapısının açarlarını dəyişdiriblər. Başa düşdü ki, bütün bu məsələlər ailəni dağırtmaq üçün bir qurğu imiş. Hazırda Cavabdeh1 daimi olaraq, ailə üzvləri isə müəyyən vaxtlarda Kürdəxanıda onlara məxsus olan evdə yaşayırlar və onun cehiz əşyalarından istifadə edirlər. Göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqları ilə birlikdə iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə birgə nikah dövründə inşa edərək yaşadıqları və əmlakının da hazırda da yerləşdiyi faktiki sahib olduğu evə köçmək istəyir. Kürdəxanıda tərəflərindən inşa edilmiş evlə bağlı vəkillik qurumu tərəfindən Kürdəxanı Bələdiyyəsinə göndərilmiş sorğuya cavab olaraq Bələdiyyədən göndərimiş 02 iyun 2022-ci il tarixli 71 nömrəli cavab məktubunda göstərilir ki, “bildiririk ki, sorğuda qeyd olunan X7 və X4 Kürdəxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması barədə sənəd mövcud deyil. X14 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatdadır. X14 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət etmiş, uzun illər istifadəsində torpaq sahəsinin olmasını bildirərək, qeydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş üç bağ qonşunun təsdiqi və F.R.Hacızadənin xahişi nəzərə alınaraq torpaq vergisinə cəlb olunmuşdur. Hal-hazırda istifadəsində olan sözügedən torpaq sahəsi Kürdəxanı qəsəbəsinin xəritəsinə istinadən Kərəm Mirzəyev küçəsində yerləşir. Son ödənişi xx.xx.2020-ci ildə (torpaq 500 kv.m və 120 kv.m əmlak) tam ödənilmişdir”. Kürdəxanı Bələdiyyəsi tərəfindən vəkillik sorğusunun digər hissəsinə, torpaq sahəsində yaşayış evinin inşa edilib-edilməməsi, inşa edildiyi halda yaşayışın olubolmaması barədə arayış verilməsi hissəsinə cavab verilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi uşaqları ilə birlikdə 9 aydan çoxdur ki, atasının evində yaşayır. Cavabdeh X8 tərəfindən nikahın pozulması barədə iddia qaldırıldıqdan sonra aliment tələbinə dair qarşılıqlı iddia əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə uşaqların saxlanılması üçün aliment ödənilməsi barədə qərar qəbul edilmişdir. Nikahın pozulması 11 noyabr 2022-ci ilə təyin edilmişdir. Müəyyən edilmiş aliment də uşaqların ataları tərəfindən vaxtlı-vaxtında ödənilmir. Bütün yükü yaşlı valideyinlərinin üzərinə düşür. Ona görə də birgə nikah dövründə inşa etdikləri və uzun müddət yaşayaraq hazırda da cehiz əşyalarının olduğu Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri zəruridir. Bələdiyyənin cavab məktubunda göstərilir ki, axırıncı vergi ödənişi xx.xx.2020-ci ildə ödənilmişdir. Bu faktın özü də sübut edir ki, həmin ev onlara məxsusdur. Belə ki, onlar ora 2020-ci ilin mart ayının axırında köçmüşlər. Ona görə də artıq ev onlara məxsus olduğu üçün Cavabdeh1 tərəfindən Dəyanət vergi ödəməyə məcbur edilməmişdir. Çünki əvvəllər vaxtı çatan kimi vergini Dəyanətə ödətdirirdi. Dəyanət isə evə köçdükdən sonra nədənsə vergini ödəməmişdir. Göstərilinən torpaq sahəsi və üzərində tərəflərindən birgə nikah dövründə ümumi vəsaitləri hesabına inşa edilmiş və uzun müddət yaşadıqları fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehlərin onun uşaqları ilə birlikdə həmin mənzilə buraxılmaması və ona məxsus əmlaklardan qanunsuz istifadə edərək orada yaşamalarına maneələr törədilməsi əsassız olmaqla mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, həm torpaq sahəsi, həm də onun üzərində tikilmiş yaşayış evi Cavabdeh1 tərəfindən alınmış və tikilmişdir. Əgər iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bu torpaq sahəsi məhz onun oğlu üçün verilməsi nəzərdə tutulmuş olsa idi bu zaman sözügedən torpaq sahəsi elə alınan zaman Cavabdeh2 adına alınmış olardı. Cavabdeh1 onurğasından əməliyyat olunduğu və bundan sonra ayağında axsama problemi yaşadıqdan sonra, həmçinin artıq təqaüdə çıxması ilə əlaqədar olaraq özü üçün onun istifadəsində bələdiyyənin qərarı ilə 2012-ci ildə almış olduğu torpaq sahəsində bağ evi inşa etmişdir. Belə ki, 26 aprel 2013-cü il tarixdə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında yerləşən 132 nömrəli mənzili sataraq onun satışından əldə olunan vəsait hesabına Kürdəxanıda onun adına sözügedən bağ sahəsində ev inşa etməyə başlamışdır. 2014-cü ildə həyat yoldaşı Hacızadə-Tahirin insult keçirməsi ilə evin inşası yarımçıq saxlanılmış və 2014-2015-ci illərdə ailə bütün maddi gəliri məhz Hacı-zadə Tahirin səhhətinə sərf etmişdir. Yəni tikintinin inşasının yarımçıq qalma səbəbi maddi yükün həm səhhətə, həm də evin tikintisinə çatdırıla bilməməsi olmuşdur. Beləliklə, bir müddət sözügedən inşaat dayandıqdan sonra ailənin kiçik oğlu tərəfindən inşaat işləri şəxsən tamamlanmaqla və həmin ev təmir edilməklə ora kommunikasiya xətlərinin çəkilməsi ilə evin tamamlanması həyata keçirilmişdir. 2020-ci ildə qaz xətti çəkilmiş, ardınca isə su və digər xətlərin çəkilişi və rəsmiləşdirilməsi tamamlanmışdır. Daha sonra 2021-ci ildə Hacı-zadə Tahirin vəfat etməsi ilə tərəflər arasında qeyd edilən ailə münaqişəsi başlamışdır. Sözügedən fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsait birbaşa Cavabdeh1 və onun kiçik oğlu Hacı-zadə Taleh Tahir oğlunun vəsaiti olmuşdur. Belə ki, artıq 04 aprel 2019-cu ildən etibarən Cavabdeh2 işləməmişdir. Bunu isə X13 Xidmətinin vəkil sorğusuna vermiş olduğu cavabından aydınlaşdırmaq mümkündür. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh2 uşaqlar üçün təyin edilmiş aliment məbləğini çətinliklə ödəyir. Belə olan halda necə olur ki, uşaqların alimentini çətinliklə ödəməyə vəsait tapan bir atanın ev tikintisi üçün vəsaiti meydana gəlir birdən-birə? Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi evin istər tikintisinin, istərsə də təmirinin bilavasitə Hacəı-zadə Firuzə Rza qızı və Hacı-zadə Taleh Tahir oğlu tərəfindən həyata keçirilməsini, iddiaçının sözügedən mənzilə məhz orada 8 ay yaşadığı üçün köçürülməsi üçün hüququnun yaranmasının qanunvericiliklə də nəzərdə tutulmadığını hesab edir. Sözügedən fərdi yaşayış evinin qanunsuz tikili olması və torpağın qaynana – Cavabdeh1 qanuni istifadəsində olması, ona qanuni əsaslarla ayrılması işin mübahisəsiz halıdır. Belə olan halda hətta fərz olunsa ki, sözügedən mənzil qaynananın adına dövlət reyestrində qeydə alınmış olsa idi belə yenə də iddiaçının iddia tələbinin təmin edilməsinə qanun yol verməyəcdi. İddiaçı ilə Hacı-zadə Vüsalə Vilayət qızının arasında olan nikaha Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2022 nömrəli 11 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İ seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 18 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Hacı-zadə soyadı verilmişdir. - AZ-İİ seriyalı 780298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacı-zadə Tahir Dəyanət oğlu 14 may 2011-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası İddiaçıdır. - AZ-İV seriyalı 021993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacı-zadə Ayan Dəyanət qızı 12 sentyabr 2017-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası İddiaçıdır. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 71 nömrəli 02 iyun 2022-ci il tarixli məktubundan görünür ki, X7 və X4 Kürdəxanı Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsi ayrılması barədə sənəd mövcud deyil. X3 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatdadır. Belə ki, X14 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət etmiş, uzun illər istifadəsində torpaq sahəsinin olmasını bildirərək, qeydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş üç bağ qonşusunun və F.R.Hacızadənin xahişi nəzərə alınaraq torpaq vergisinə cəlb olunmuşdur. Hal-hazırda istifadəsində olan sözügedən torpaq sahəsi Kürdəxanı qəsəbəsinin xəritəsinə istinadən Kərəm Mirzəyev küçəsində yerləşir. Son ödənişi xx.xx.2020-ci ildə (torpaq 500 kv.m və 120 kv.m əmlak) tam ödənilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2022 nömrəli 27 may 2022ci il tarixli qərardadından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlunun və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızının saxlanılmaları üçün 27 may 2022-ci il tarixdən (alimentin müvəqqəti tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq yekun məhkəmə aktı çıxarılanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh2 alınaraq İddiaçı xeyrinə tutulması qərara alınmışdır. - paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Biriliyi ilə istehlakçı Hacı-zadə Taleh Tahir oğlu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11 iyun 2020-ci il tarixli 116080 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (Kürdəxanı qəsəbəsi Ləhiş bağları) keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. - kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X11 və satıcı Cavabdeh1 arasında bağlanmış **********75213/1 nömrəli 26 aprel 2013-cü il tarixli alqısatqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında yerləşən 132 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 65.000 manatdır, mənzilin dəyərinin 19.500 manatı alıcıipoteka qoyanın özü tərəfindən, 45.500 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən **********75213 nömrəli 26 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı və Cavabdeh2 18 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahda olduqları və birgə yaşadıqları müddətdə, yəni 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində fərdi yaşayış evi inşa etdirərək həmin evə köçmüşlər. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçı ilə cavabdehlərin yaşayış yeridir. Cavabdehlərin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçməsinə dair tərəflər hər hansı bir sübut təqdim etməmişlər, mövcud sübutlar isə həmin evin özbaşına tikili olmasına dəlalət edir. Belə olan halda, iddiaçı mübahisəli fərdi yaşayış evindən faktiki sahibliyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı deyildir, odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 və onun kiçik oğlu Hacı-zadə Taleh Tahir oğlunun vəsaiti hesabına tikilməsinə dair cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf 26 aprel 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında yerləşən 132 nömrəli mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsinin mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edildiyini, evin tikintisinə və təmirinə çəkilmiş yerdə qalan xərclərin isə Hacı-zadə Taleh Tahir oğlu tərəfindən ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları – xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları – xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-673/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-673/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver