Məhkəmə qərarları › İş №2(008)-6738/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6738/2023

22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6738/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Lakin müəyyən olunur ki, Ərizəçi ünvan 1al rayonu, Parlament prospekti, məhəllə 500, ev 4A, mənzil ünvanında rəsmi qeydiyyatdadır (həmçinin ərizədə yaşadığı yeri olaraq həmin ünvan qeyd edilmişdir). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Sözügedən Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, ış günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə, onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bu səbəbdən də, hazırkı ərizəyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Lakin müəyyən olunur ki, ərizədə maraqlı şəxs göstərilməmiş, eyni zamanda, ərizəçinin maraqlı şəxsə müvafiq müraciəti, müraciətin təmin edilməsindən imtina edildiyi halda, imtina məktubu, başqa sözlə, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, elektron-məhkəmə informasiya sistemi məlumatlarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən ərizəçi tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu X1 vasitəsilə Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilmədən geri qaytarıldığını nəzərə alıb, hesab edirəm ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. X1 vasitəsilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hazırkı ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş Ərizəçi büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar