Məhkəmə qərarları › İş №2(008)-6751/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6751/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6751/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən bağ evi hal-hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən bağ evi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən bağ evini ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Belə ki, Bakı şəhəri 12 saylı Notariat ofisində bağlanmış müqaviləyə əsasən sözügedən bağ evi onun mülkiyyətinə keçirilmiş, həmin bağ evinin alqı-satqısı X3 ilə onun arasında bağlanmışdır. Qeyd olunan əmlak onun mülkiyyətində, sahibliyində və istifadəsindədir. Qısa müddət əvvəl isə əmlakı özgəninkiləşdirmək istəyərkən Cavabdeh qeydiyyatda olmasına dair məlumat almışdır. Cavabdeh evi alqısatqı müqaviləsi əsasında almış olduğu X1 oğludur. Sözügedən bağ evindən qeydiyyatdan çıxması barədə cavabdehə, iddiaçı tərəfindən dəfələrlə müraciət ünvanlansa da, hər müraciətində ona yaxın zamanda qeydiyyatdan çıxacağı barədə vəd vermişdir. Hazırda tam mülkiyyət hüququ əsasında ona məxsus olan bağ evini özgəninkiləşdirmək istədikdə həmin şəxsin bağ evində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını tam həyata keçirməsini məhdudlaşdırır. Cavabdehn hazırda onun bağ evində qeydiyyatda olması səbəbindən iddiaçı sözügedən bağ evini sata, bağışlaya və ya digər yolla özgəninkiləşdirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 iyul 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı X3 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında yerləşən, ümumi sahəsi 64.6 kv/m, yaşayış sahəsi 36.1 kv/m, yardımçı sahəsi 28.5 kv/m olan 2 otaqlı bağ evini (64.6 kv/m) daşınmaz əmlak İddiaçı satılmışdır. 26 iyul 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 13-cü bəndində qeyd olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmaq öhdəliyi daşıyır. İş materiallarında olan **********407 nömrəli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında yerləşən daşınmaz əmlakın satılmasına razılıq vermişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında 22 aprel 2022-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482/T ünvanında qeydiyyatda olmaqla anası ilə həmin ünvanda yaşamışdır. 26 iyul 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanan zaman qeydiyyatda olan Cavabdeh **********407 nömrəli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən daşınmaz əmlakın satılmasına razılıq vermişdir. Həmçinin daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan gündən Cavabdeh qeyd olunan ünvanda bir gün də olsun yaşamamış, hazırda həmin əmlak İddiaçı mülkiyyətində olmaqla orada yaşayır. Yəni Cavabdeh evin satılmasına razı olaraq, alqı-satqı müqaviləsi bağlanan gündən həmin ünvanı tərk etsə də, formal olaraq onun qeydiyyatdan çıxmaması mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Hazırkı işin hallarını nəzərə alaraq, iddia ərizəsi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 482T ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar