Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6775/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun və oğlu X2 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülmə və evdən istifadə etməsinə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, 60 manat mediasiya xərcini, 100 manat dövlət rüsumu, 20 manat vəkil sorğusunun rüsumu və 12 manat 17 saylı notariat ofisinə ödədiyi rüsumu Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2021-ci il tarixində nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir uşağ doğulmuşdur. Hazırda onunla bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. O, ailə qurduqdan sonra cavabdeh ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdehin evinə köçərkən özü ilə cehiz aparmış, hal hazırda da o cehizlər iddiaçıya məxsus digər əşyalar onun evindədi. Onun və oğlu X2 hal hazırda yaşamağa yeri yoxdur. Cavabdehin evi Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşir və sənədi yoxdur, lakin bütün komunallar, qaz, işıq, su, hər biri cavabdehin adınadır. Cavabdeh məhkəməyə etirazla müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğuna görə iddianı qəbul etmir, etiraz edir və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarmasını xahiş edir. Beləki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha girib ailə qurduqdan sonra cavabdehlə birlikdə onun Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi evində yaşamışdır. Özü ilə birlikdə cehiz əşyalarını da həmin evə gətirmişdir. Guya hal-hazırda oğlu Hüseynlə birlikdə yaşamağa yerləri yoxdur və ona görə göstərilən mənzilə köçürülməsini məhkəmədən xahiş edir. İddiaçının iddia ərizəsində bu göstərdikləri ağ yalandan ibarətdir və böhtandır. Belə ki, iddiaçının göstərdiyi ev və torpaq sahəsi Cavabdeh deyil, tamam başqa bir şəxsə X8 məxsusdur, evin çıxarışı yoxdur və cavabdeh həmin evdə müvəqqəti olaraq kirayədə yaşamış və evin sahibi ilə öz aralarında razılaşıb kommunal xərcləri ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür ki, ödənməsi barədə aralarında anlaşılmazlıq yaranmasın. İddiaçı həmin evdə cəmi 9 aya yaxın müddət, yəni xx.xx.2021-ci ildən xx.xx.2022-cilədək yaşamış, bundan sonra hamiləliyi ilə əlaqədar xəstəxanaya getmiş və uşağı dünyaya gəldikdən sonra öz atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Cehizlərini isə saxlanması üçün başqa bir tanışının evinə yığmışdır və halhazırda da həmin evdədir. İddiaçının oğlu ilə birlikdə yaşamağa yerləri olmadığı barədə göstərdikləri də tam yalandır. İddiaçının 2 evi vardır. Biri, iddia ərizəsində göstərdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 4090/94-cü məhəllə ev 4-dəki 7 saylı mənzil və ünvan 2 ünvandakı mənzil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2021-ci il tarixdə cavabdehin evinə gəlin köçərkən 50000 manatlıq cehiz almış və 2024-cü ilədək orada yaşamışdır. Nikah pozulduqdan sonra o evdən qovulub, lakin bütün əşyaları orada qalıb. Cavabdehin evin ünvanı Ramana südçülük sovxozu kimi gedir və evin çıxarışı yoxdur, lakin kommunalların cavabdehin adına məxsus olmasına dair sübut təqdim edilmişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı evdən qovulmamış və uşaq doğulduğdan sonra o öz istəyi ilə evdən getmişdir. Ev cavabdehə məxsus olmadığını və orada kirayə qaldığını bildirdi. Bu faktı evin sahibi Sadıq Məmmədov təsdiq edə bilər, həmçinin onlar öz aralarında razılaşdılar ki, komunalları cavabdeh öz adına keçirtsin. Cehizlər isə başqa şəxsin evinə aparılmışdır. İddiaçının 2 evi vardır və yaşayış sahəsinə ehtiyacı yoxdur. Onlar 9 aya yaxın müddətdə birlikdə yaşadılar, uşaq doğulduğdan sonra ata evinə köçmüşdür. Əlavə olaraq bildirdi ki, iddiaçının evdən 2024-cü ildən əvvəl çıxması barədə sübut odur ki, nikahın pozulması barədə qətnamədə özü etiraf etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X3 və X4 ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatsız yaşamışlar. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci ildə bağlanmış nikah pozulması, birgə nikahıdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 boşanmadan sonra anası İddiaçı himayəsində qalması, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 5-18-8/2-2982/2024 saylı məktubundan görünür ki, Cavabdeh Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən qeydiyyatdan keçməmişdir. - Abşeron rayonu S.X16 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrinin çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətin 12 yanvar 1995-ci il tarixli 25№-li Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçüm ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X8 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evi özbaşına tikilidir. Tərəflər arasında 2021-ci ildə nikah bağlanmışdır, 2024-cü ildə isə nikaha xitam verilmişdir. İddiaçı ailə qurduqdan sonra cavabdeh ilə onun Bakı Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Hazırda iddiaçı orada yaşamır. Hazırkı iddia ilə İddiaçı mübahisəli evə köçürülməsini tələb edir.Bu mübahisəli olmayan hallardır. Evin cavabdehə məxsus olması və iddiaçının ora köçmək hüququnun olması işin mübahisəli halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Vəkil mübahisəli evin Cavabdeh deyil, X9 adlı şəxsə məxsus olmasını bildirmişdir. Məhkəməyə bu faktı təsdiq edən sübut kimi Abşeron rayonu S.X16 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışın surəti təqdim edilmişdir. Həmin sənədin əslini təqdim edilməsinə dair məhkəmənin təklifinə baxmayaraq, sözügedən sənədin əsli təqdim edilməmişdir. Buna görə də cavabdeh tərəfindən təqdim edilən əmrdən çıxarış mötəbər sübut kimi qiymətləndirilməmişdir. Bunun əksi olaraq isə bütün kommunal xərclərin məhz cavabdehə məxsus olması elə tikilinin həqiqətən ona məxsus olduğunu göstərir. Onun kirayə qalması ilə əlaqədar kommunal xərcləri öz adına rəsmiləşdirməsi barədə dəlili isə məhkəmə inandırıcı hesab etmədi. Beləliklə, İddiaçı həmin evdə yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, iddiaçının da eyni əsaslarla orada yaşamaq hüququ var. Ona görə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İddianın mübahisəli evə X1 dair hissəsinə münasibətdə bildirir ki, o, azyaşlıdır və məhkəmənin qətnaməsi ilə iddiaçının himayəsində saxlanılmışdır. Ona görə də, iddia bu hissədə də təmin olunmalı, iddiaçı ilə birlikdə X6 da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu, 60 manat mediasiya rüsumu, 20 manat hüquqi yardım xidməti üçün və 12 manat 17 saylı notariat ofisinə ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və oğlu X6 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, 20 manat hüquqi yardım xidməti və 12 manat notariat xidməti üçün rüsum cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-6775/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6775/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver