Məhkəmə qərarları › İş №2(008)-679/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-679/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-679/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Magarlamova Eminanın nümayəndəsi Gulueva Sakhiranın iştirakı ilə, İddiaçı Magarlamova Eminanın Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Magarlamova Emina Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 13 saylı evin mülkiyyətindəki yaşayış sahəsi 25 kv.m olan iki otağından Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı ilə məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 13 saylı evin yaşayış sahəsi 25 kv.m olan iki otağını iddiaçı Magarlamova Emina 16.11.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. 21.11.2019-cu il tarixdə isə iddiaçının həmin əmlakın iki otağı üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin evdə yaşamasalar da, orada formal olaraq qeydiyyatda qalmışlar. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı, işdə olan 16.11.2019cu il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Bakı şəhəri Sabunçu rayonu İcra Hakmiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 17.12.2021-ci il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. Məhkəmə iclasında iddiaçı Magarlamova Eminanın nümayəndəsi Gulueva Sakhira iddia tələbini müdafiə edərək, iddia və ona dəqiqləşdirmə barədə ərizədə göstərilənlərə uyğun izahat verib, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 (habelə yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3 və Cavabdeh2nın) məlum olan sonuncu yaşayış ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən cavabdehlərin məktub göndərilən ünvanda qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamadıqları barədə məhkəməyə məlumat verilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci və 203.1-ci maddələrinə əsasən cavabdehlərə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, əşyanın mülkiyyətini iddiaçıya keçirməklə, özünün (həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh3 və Cavabdeh2nın) həmin ev üzərindəki mülkiyyət hüququ (habelə mənzildən istifadə hüququnu) aradan qalxmış, Magarlamova Emina isə evin mülkiyyətini qeyri-şərtsiz (yüklülükdən azad) əldə etmişdir. Belə olan halda, Cavabdeh1 (həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh3 və Cavabdeh2nın) ünvan 1 ünvanında yerləşən 13 saylı evin yaşayış sahəsi 25 kv.m olan 2 otağından istifadə hüquqları aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə) ünvan 1 ünvanında yerləşən 13 saylı evin yaşayış sahəsi 25 kv.m olan 2 (iki) otağından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar