Məhkəmə qərarları › İş №2(008)-680/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-680/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-680/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Boru zavodu deyilən ərazidə yerləşən, 4 otaqlı, həyətində 5 sot torpağı olan yaşayış evinə azyaşlı qızı ilə birlikdə köçürülməyi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 30 noyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından bir qız uşağı anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə müraciət edilmiş, iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə rəsmi nikahı pozularaq, nikaha xitam verilmiş, uşağın saxlanması üçün aliment təyin edilmişdir. Qeyd edir ki, Cavabdeh1lə ailə həyatı qurarkən, onların Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Boru zavodu deyilən ərazidə yerləşən, 4 otaqlı, həyətində 5 sot torpağı olan yaşayış evinə gəlin köçmüş, burda uşağı, ailəsi ilə birlikdə xoşbəxt yaşasa da, bir vaxt sonra həmin yaşayış evindən zor ilə cavabdehlər, o və uşağı ilə birlikdə onları zor gücləri ilə, onlara zərər yetirərək, çölə çıxartmışlar. O, həmin yaşayış evində 3 ildən artıq müddət ərzində gəlin kimi köçüb yaşamış, həmin ev rəsmi sənədi olmayıb, özbaşına tikinti statusundadır. Buna baxmayaraq cavabdehlər onu həmin evdən qanunsuz olaraq çıxartmışlar. Hazırki halda birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mübahisəli evdə yaşayıb və cavabdehlər tərəfindən yaşadığı həmin evdən məhrum edilib. Belə ki, əri Cavabdeh1 və qaynanası Cavabdeh2 tərəfindən amansız rəftara, işgəncəyə və dözülməz davranışa məruz qalandan sonra ailədə gərgin münasibətlər yarandığı üçün o, başqa evdə yaşamaq məcburiyyətində qalıb. Belə ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra həmin evə qayıtmağına və orada yaşamağına cavabdehlər imkan verməyərək, mənzildən əslində məhrum etmişlər. Bu baxımdan qeyd etmək olarki, məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Qeyd etmək lazımdır ki, mübahisəli ev üzərində nə Cavabdeh1, nə də Cavabdeh2 mülkiyyət hüquqları olmadığından, ilk vaxtdan onun məruz qaldığı məhrumetmə (evə buraxılmama) qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmə tərəfindən azyaşlı övladı ilə birlikdə yaşamış olduğu evə köçürülmə barədə qətnamə çıxarılacaqdır. 15.12.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 165 saylı evin 202 saylı mənzilinə köçürülməyi barədə (azyaşlı qızı ilə birlikdə) qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçıyla eyni məzmunda ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.10.2021-ci il tarixli, **********93 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 5, 17 saylı mənzil Cavabdeh2 adına 16 saylı DNK-nın 4Ə/1-108 reyestr nömrəli,18.11.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 08.12.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 210, 20 saylı mənzil Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 23.10.2014-cü il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 04.11.2014-cü il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına digər ərazilərdə dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.01.2022-ci il tarixli, 2(008)- 680/2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - "xxxx" ASC tərəfindən 01/05-06/026 nömrəli, 10 yanvar 2022-ci il tarixli məktuba əsasən Səhmdar Cəmiyyətin elektron bazasında Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən 5 saylı evin, 17 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 165 saylı evin, 202 saylı mənzili üzrə (abunə kodu: **********50202) Cavabdeh1 isə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən 210 saylı evin, 20 saylı mənzili üzrə abonent olaraq qeydiyyata alınmışdır. 17.01.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində bildirdi ki, iddiaçı onun gəlininin bacısıdır. Sevda 2 ildir ki, evlidir. Əri ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 165 saylı evin, 202 saylı mənzildə yaşamışdır. Stol-stul, qabqacaq orada qalmışdır. Sevdanın həmin evə gəlin köçmüşdür, həmin evi görmüşdür. Sözügedən ev yaşamaq üçün bütün şəraiti malikdir. Hal-hazırda atasının evində yaşayır. Atasının evi çox balaca və şəraitsizdir. 17.01.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Təxminən 2019-cu ildə ailə qurub. Övladının 21 fevralda 2 yaşı olacaqdır. 1 il 6 ay Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 165 saylı evin, 202 saylı mənzili yaşamışdır. Cehiz əşyaları həmin evə yerləşdirilmişdir. Həmin evdə qaynanası, bacısı və yoldaşı yaşayırdı. Onun yaşamaq üçün başqa yeri yoxdur. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 30.11.2018-ci il tarixində rəsmi nikaha daxil olarq ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra onlar Cavabdeh1 anası X1 yaşadığı özbaşına tikili hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 165 saylı evin 202 saylı mənzilə birlikdə yaşamışlar. Nikah dövründə tərəflərin bir 21.02.2020-ci il təvəllüdlü övladı X2 dünyaya gəlmişdir. Bundan sonra tərəflər arasında olan ailə münasibətləri bir il yarım müddətdən sonra pozulmuş, iddiaçı azyaşlı övladı ilə evdə məcburi qaydada çıxardırılaraq başqa yerdə yaşamağa məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 30.4-ci maddəsinə əsasən эgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konistitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma xarakterinə görə qadağanedici norma, tətbiq edilən subyektlərin dairəsin görə isə ümumi normadır. Normanın mənası ondan ibarətdir ki , hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən ilk növbədə 3 məsələ aydınlaşdırılmalıdır. 1. Şəxs köçmək isdədiyi yerdə yaşayıbmı, 2. Şəxs yaşadığı yerdən məhrum edilibmi. 3.məhrumetmə qanunidir. Hazırki mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, ona görədə hazırda 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilərdiki, mıəhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edlmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə cavabdehlər yuxarıda qeyd edilən qadağanedici normaları pozmuş, pozuntunun nəticələri hal-hazırdada davam etməkdədir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhmiyyəti olmayan norma sayıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı azyaşlı övladı ilə birlikdə məhrum edildiyi mənzilə köçürülməlidir. Məhkəmə onunda qeyd edir ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reysterindən qeydiyyata alınmaması Konistitusiyanın 43-cü maddəsinin tıətbiq edilməsinə maneə ola bilməz. Belə ki. həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə edilir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq iddiaçınında azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini qadağan edən norma yoxdur. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı 21.02.2020-ci il təvəllüdlü övladı X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 165 saylı evin 202 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar