Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6817/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi HDM 033896 №-li xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 1700,30 manat məbləğində borcun **********10009 №-li abonent kodundan silinməsi və 3000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2009-cu il tarixdə həmin ünvana "Bakı Elektrik Şəbəkəsi" tərəfindən AMPY (5219A) tipli, A310882200M111222 №-li li sayğac quraşdırılmış, plomb vurulmuş və onun adına **********10009 №-li li kod rəsmiləşdirilmişdir. xx.xx.2011-ci il tarixdə həmin sayğac qeyri-müəyyən səbəbdən AMPY (5219A) tipli, A261131034M330447 №-li sayğac ilə əvəzlənmiş və onunla hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri sayğacına abonentin iştirakı olmadan baxış keçirmiş, guya sayğacdan kənar xətt, sayğacın alt qapağının olmaması və naqilin en kəsiyinin olmasını aşkar etmiş, HDM 033896 №-li xx.xx.2023-cü il tarixli akta əsasən kənar xətti ləğv etmişdir. Həmin akta əsasən abonentin hesab koduna 1700.30 manat borc yazılmışdır. Halbuki, heç bir kənar xətt olmamış, heç bir foto-video təqdim edilməmişdir. Nə iddiaçının, nə də ki, ailə üzvlərinin həmin aktdan xəbərləri olmamışdır. Akt birtərəfli qaydada tərtib edilmiş, iddiaçıya və ya ailə üzvlərinə təqdim olunmamış və iddiaçı həmin aktı imzalamamışdır. Abonentin imzalamadığı həmin AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı üçün həmin AKT ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərk, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 4 ünvanında **********10009 №-li kodla abonent kimi qeydiyyat alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri iddiaçıya məxsus sayğaca baxış keçirmiş, HDM 033896 №-li xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirmişdilər. Həmin akta əsasən sayğacdan kənar xətt, sayğacın alt qapağının olmaması və naqilin en kəsiyinin olmasını aşkar etmişdir. Həmin akt əsasında abonentin hesab koduna 1700,30 manat borc yazılmışdır. Həmin məbləğ cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanmışdır: 2,4 kvt x 24 saat x 0,7 x 365 gün = 14717 kvts. Hazırda iddiaçı aktın ləğv edilməsini və hesablanmış 1700,30 manatı silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə hesab edir ki, istehlakçının təqsiri sübuta yetirilmədiyindən akt üzrə hesablaşma bir ay nəzərə almaqla hesablanmalıdır: 2,4 kvt x 24 saat x 0,7 x 30 gün = 1209 kvts x 0,09 manat = 109 manat. İddiaçı belə hesablamaya etiraz etmədi. Belə olan halda məhkəmə hesab edir ki, 1591 manat (1700 – 109) iddiaçının hesab kodundan silinməlidir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilərkən sayğacdan kənar xətt, sayğacın alt qapağının olmaması və naqilin en kəsiyin olması aşkar edilmiş, bu hal HDM 033896 №-li xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirmişdilər. İddiaçı tərəfindən aktın ləğv edilməsi üçün sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. İddiaçı mənəvi ziyana dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. HDM 033896 №-li xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1591 manat məbləğində borcun **********10009 №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6817/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6817/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver