Məhkəmə qərarları › İş №2(008)-683/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-683/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-683/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi internetdə mebel sifarişi vermək üçün araşdırma aparılması ilə bağlı tanımışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə internetdə yerləşdirilən mebel elanında qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Cavabdeh kimi təqdim edən şəxsə mebel sifariş vermək istədiyini bildirmişdir. Bundan sonra cavabdehlə seçdiyi mebellərin qiymətində razılaşmış və mebellərin hazırlanması üçün həmin şəxsin göndərdiyi bank kartlarına müxtəlif elektron ödəmə sistemi aparatları vasitəsilə 1000 (bir min) manat məbləğində nağd pulu göndərmişdir. Lakin cavabdeh pulu aldıqdan sonra öz öhdəliyini yerinə yetirməmiş və onu aldadaraq həmin mebelləri ona təhvil verməmişdir. Buna görə də o, cavabdehə müraciət edərək, ödədiyi 1000 manat pulu geri tələb etmişdir. Lakin cavabdeh hər dəfə pulunu qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 1000 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - tərəflər arasında whatsapp sosial şəbəkəsindəki yazışmalardan görünür ki, iddiaçı cavabdehə sifariş verdiyi mebellərə görə 1000 manat pul vermişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Əzizaliyev X1 Elcan Sənan oğluna verdiyi 1000 manat pulun ona qaytarılmasına köməklik göstərilməsi üçün Xırdalan şəhəri Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə internetdə yerləşdirilən mebel elanında qeyd olunan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və özünü Cavabdeh kimi təqdim edən şəxsə mebel sifariş vermək istədiyini bildirmişdir. Həmin şəxslə seçdiyi mebellərin qiymətində razılaşmış və mebellərin hazırlanması üçün həmin şəxsin göndərdiyi kart hesablarına ümumilikdə 1000 manat pul göndərmiş, lakin həmin şəxs vədinə əməl etməyib hal-hazıradək sifariş götürdüyü mebeli təhvil verməmişdir. Araşdırma zamanı Cavabdeh yerinin müəyyən olunaraq baş vermiş hadisə ilə bağlı izahatının alınması və İddiaçı ərizəsində göstərdiyi xüsusatlar üzrə niyyətinin müəyyən olunması mümkün olmamışdır. Araşdırılan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı sifariş etdiyi mebellərə görə 1000 manat məbləğində pulu Cavabdeh vermişdir. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh iddiaçı qarşısından götürdüyü öhdəliyə əməl etməmiş, mebelləri iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 1000 manat məbləğində pulu İddiaçı almışdır. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçının sifariş verdiyi mebelləri təhvil verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar