Məhkəmə qərarları › İş №2(008)-6862/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6862/2024

04.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6862/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh 2 nömrəli birləşmiş şəhər xəstəxanasına qarşı "işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ödənilmiş mediasiya xərclərinin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 nömrəli birləşmiş şəhər xəstəxanasına qarşı "işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ödənilmiş mediasiya xərclərinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nömrəli birləşmiş şəhər xəstəxanasının rəhbərliyi tərəfindən yol verilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa olunmağı, həmçinin ödədiyi bütün mediasiya xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı ildə 2 nömrəli birləşmiş şəhər xəstəxanasında sanitar qadın vəzifəsinə işə qəbul edilmiş. xx.xx.2024-cü ildən xx.xx.2024cü ilə qədər (14 gün) səhhəti ilə əlaqədar ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü ildə işə çıxaraq, xx.xx.2024-cü ildən növbəti əmək məzuniyyətinə çıxmaq barədə ərizə yazmaq istəsə də, baş həkimin göstərişilə məzuniyyətin başlanma tarixini xx.xx.2024-cü il qeyd etmişdir. Məzuniyyətin verilməsi barədə əmrlə tanış olunmamışdır. xx.xx.2024-cü ildə 2 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkiminə ərizə ilə müraciət edərək məzuniyyətin verilməsi barədə əmrin surətinin verilməsini xahiş etsə də, indiyə qədər müraciətinə cavab verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, məzuniyyətin verilməsi barədə 69-K nömrəli əmr qeyri-qanuni olaraq köhnə tarixlə, yəni xx.xx.2024-cü il tarixilə verilmişdir. Məzuniyyətə çıxmaq barədə ərizəni xx.xx.2024-cü ildə yazdığı halda, əmr xx.xx.2024-cü ildə verilmiş və həmin əmrlə tanış edilməmiş. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iddiaçının 2 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi əvəzi X1 ünvanlanmış izahatından görünür ki, səhhətinə görə sanatoriya getməli olduğu halda məzuniyyət pulu vaxtında verilmədiyinə görə müalicəyə gedə bilməmiş, məzuniyyət müddətinin dəyişdirilməsi barədə xx.xx.2024-cü ildə ərizə ilə cavabdehə poçt vasitəsilə mürüciət etmiş, əlavə olaraq kağız daşıyıcıda təqdim etsə də, ərizənin götürülməsindən imtina edilmişdir. - Əmək kitabçasından çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətlərinə işəgötürən təşəbbüsü ilə ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əsası mübahisələndirərək, işə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 140 (5-ci hissə). İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 189 (2-ci hissə). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İlk öncə məhkəmə qeyd edir ki, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Hazırki işdə iddiaçı xx.xx.2024-cü ildən məzuniyyətdə olmuşdur, lakin təqdim edilmiş hesabdan çıxarışda məzuniyyətə görə ödənilməli olan pul xx.xx.2024-cü ildə ödənildiyi öz təsdiqini tapmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü ildən çıxarılması qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən halların daha ətraflı araşdırılması üçün müvafiq sənədlər cavabdehdən tələb edilsə də, onlar məhkəməyə təqdim olunmamışdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslardan biridir (Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi). Lakin işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki işdə bütün bu xüsusatları araşdıra bilmək məqsədilə cavabdeh tərəfə məhkəmə tərəfindən müvafiq sənədlərin təqdim olunması təklif olunmuşdur. Lakin görülmüş tədbirlərə, həmçinin 500 manat məbləğində cərimə tətbiq olunmasına baxmayaraq həmin sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddianın əsassızığına dair, eləcə də məhkəmə araşdırmanın aparılması üçün zəruri olan sənədləri təqdim etməməsi məhkəmədə iddianın əsaslı olması fikrini yaradır. Əmək kitabçadan çıxarışdan görünür ki, iddiaçının işdən azad edilməsinin əsas səbəbi kimi “əmək vəzifələrini kobud şəkildə pozması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin, məhkəmə hesab edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, əlaxsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və cavabdeh tərəf bu faktları, eləcə də qanunla bu əsasla əmək müqaviləsinə xitam verilməsi prosedurlara riayət edilməsini təsdiq edən sübutlar təqdim etməlidir. Göstərilənlərə əsasən, iddianın işə bərpa olunmasına dair hissəsi təmin edilməlidir. İddianın məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair münasibət bildirərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sadalanan normalardan görünür ki, işəgötürən əmək müqaviləsini ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermişdirsə işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı alma hüququ vardır. Hazırki işdən görünür ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi qaydalarını pozmuş, ona görə də iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqını tələb etməkdə haqlıdır. Beləliklə, iddia bu hissədə də təmin edilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən 60 manat Bakı 3 saylı Mediasiya Təşkilatına ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Ona görə iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin iddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi qismən təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 2 nömrəli birləşmiş şəhər xəstəxanasına sanitar qadın vəzifəsinə işə bərpa edilsin. İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2024-cü ildən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqı cavabdeh 2 nömrəli birləşmiş şəhər xəstəxanasından alınaraq ona ödənilsin. Mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul cavabdeh 2 nömrəli birləşmiş şəhər xəstəxanasından alınaraq iddiaçıya ödənilsin. Cavabdeh 2 nömrəli birləşmiş şəhər xəstəxanasından 100 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar