Məhkəmə qərarları › İş №2(008)-687/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-687/2025

14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-687/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuşdur. Həyat yoldaşı bir müddət idi ki, ürəyindəki xəstəlikdən əziyyət çəkirdi. Məhz bu səbəbdən həyat yoldaşı xx.xx.2019-cu il tarixdə Quba rayonu Qələdüz kəndi ərazisində vəfat etmişdir. Onun meyitinə hüquq mühafizə orqanlarının iştirakı ilə MTE və PA Birliyinin Quba rayon Şöbəsinin eksperti tərəfindən baxış keçirilmiş və nəticə etibarilə Quba rayon Prokurorluğu tərəfindən xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həyat yoldaşı Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Sonradan həyat yoldaşının ölüm şəhadətnaməsini almaq üçün 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən sənəd təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. Əlavə olaraq bildirilmişdir ki. ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən həyat yoldaşının ölümünü təsdiq edən tibbi şəhadətnaməni almaq uçün ərazi üzrə 21 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin qeyd edilən tibb müəssisəsi 372 saylı xx.xx.2024-cü il tarixli cavabla bildirmişdir ki 1950-ci il təvəllüdlü X2 21 nömrəli Şəhər Poliklinikasından ölüm haqqında tibbi şəhadətnamənin yazılması səlahiyyətləri xaricindədir. Məhz bu səbəbdən həyat yoldaşı X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda vəfat etməsi faktının müəyyən edilməsi zəriridir. Eyni zamanda bildirir ki, həyat yoldaşı X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda vəfat etməsi faktı miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, ikinci Zabrat qəsəbəsində uzun müddətdir ki, qonşuluqda yaşayır. O, ərizəçigilin Qubaya gəzməyə getdiklərini bilirdi, sonra xəbər gəldi ki Təranə xanımın yoldaşı ölüb. Səhv etmirsə, mərhum 2019-cu ilin martın 24-ü ölmüşdür. Mərhum Qubada ölmüş, Maştağa qəsəbəsində dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. Səhv etmirsə, mərhumun ürəyində problem var idi, stend qoymuşdular. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Təranə xanımla qarnizonda işləmişlər. Təranə xanım Xətai bölməsində, o, Sabunçu bölməsində işləmişdir. O, hazırda da işləyir, Təranə xanım isə işləmir. 2019-cu ilin martın 24-də onlar Qubaya bir günlük turla gedib-qayıtmışlar. Təranə ilə gəzirdilər, həmin vaxt ona zəng gəldi, mərhum yoldaşının telefonunu itirməsi və Təranənin ora gəlməli olduğu barədə məlumat verildi. O, Təranə ilə oradakı istirahət yerinə yaxınlaşdılar və mərhumu - Oktayı uzanan vəziyyətdə gördülər, mərhum artıq ölmüşdü. Təcili yardım sonradan gəlmişdi, ürəyində stend var idi. Hadisənin Qubanın hansı kəndində olduğu yadında deyil. Sonrakı proseslərdə o, Təranə ilə hər yerə getmişdir. Prokurorluqda da bir yerdə olmuşlar, özü orada izahat yazmışdır. Daha sonra mərhumu evə gətirdilər, növbəti gün dəfn edildi. O, dəfndə, yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 02546967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə X1 ölməsi faktında cinayət hadisəsi olmadığına görə toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. - İİİ-ЖГ seriyalı 259594 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3- 16-5/15-1090/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 372 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zabrat qəsəbəsi Montin küçəsi ev 2 ünvanında yaşamış 1950-ci il təvəllüdlü X3 2019-cu ildə vəfat etdiyinə və poliklinikaya müraciəti olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Quba rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar