Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6902/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi ailə münasibətlərinə girməklə ikinci dəfə ailə qurmuşdur. Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə, indiki Qarabağ küçəsindəki fərdi yaşayış evi hələ birinci nikahda olduğu müddətdə tikilmiş və cavabdehi həmin mənzilə gətirmişdir. İddiaçı Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsi tərəfindən torpaq vergi ödəyicisi kimi ödəyici kodu 18001xxxxxxx qeydiyya alınmış və hər il üzə torpaq və fərdi yaşayış evinin əmlak vergisini ödəyir. Torpaq sahəsi üzərindəki yaşayış evinin hüquqi ünvanı Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşir. İddia ərizəsinə əlavə olunan şəhadətnamədən göründüyü kimi, iddiaçı vergi ödəyicisi kimi bələdiyyədə qeydiyyatdadır. Belə ki, 1 mərtəbəli kürsülü yaşayış evinin tikintisinə ümumilikdə 150.000 manatdan çox xərc çəkmişdir. Mənzili öz vəsaiti hesabına tikməsi və həmin mənzildə yaşadığının sübutu olaraq qonşuları məhkəməyə dəvət oluna bilərlər. Cavabdeh ailədaxili narazılıq səbəbindən hazırda onu mənzilə buraxmır və qapının açarlarını da dəyişmişdir. Başqa yaşayış yeri yoxdur. O, sığınacaq olaraq hər gün bir qohumunun mənzilində qalmaq məcburiyyətində qalmışdır. Mənzilə yaxınlaşa bilmir. Belə ki, şərlənəcəyindən qorxur. Ən əsası mənzilin açarı iddiaçıda olmadığı üçün mənzilə girə bilmir. Ona məxsus olan əşyalar, geyim ləvazimatları da həmin mənzildədir. Buna baxmayaraq, evi, eşyasi olduğu halda, hazırda səfil vəziyyətində bir gün küçədə və bir gün qohumlarının evində qalmasına dözə bilmir və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mənzilin su, qaz, işıq sayğacı da onun adınadır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin, Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə şəhadətnamə verilmişdir. -Sabunçu rayonu Ramana bələdiyyəsinin xx.xx.2013-c il tarixli qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən 1,5 ar torpaq sahəsi üçün 2,7 manat torpaq vergisi ödəmişdir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən 2016-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi ünvanında yerləşən mövcud fərdi yaşayış evinin memarlıq planlaşdırmasının eskiz həlli sifarişçi İddiaçı verilmişdir. -Bakı şəhəri Sabunçu RİH başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh ər-arvad münasibətlərindədir. Mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinə görə İddiaçı 2013-cü il tarixdn torpaq vergisi ödəyir və Ramana bələdiyyəsində yerli büdcə vergi ödəyicisi kimi uçota alınmışdır. Həmçinin 2016-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən sözügedən fərdi yaşayış evinin eskiz layihəsi iddiaçının sifarişi əsasında ona verilmişdir. Hazırda iddiaçı həmin evə daxil ola bilmədiyini, başqa yaşayış yerinin olmadığını bildirib, tikdirdiyi evə köçürülməsini məhkəmədən xahiş edir. Həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair hal-hazırda da cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamasını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, iddiaçı qeyd olunan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (2016-cı ildə iddiaçının sifarişi əsasında Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən eskiz layihəsi verilmiş) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6902/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6902/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver