Məhkəmə qərarları › İş №2(008)-691/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-691/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-691/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında 2073,60 manat məbləğində hesablanmış borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında 2073,60 manat məbləğində hesablanmış borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsində yerləşən 29 nömrəli evin (abonentin kodu: **********00000) sayğacına 2073,60 manat əsassız borc hesablanmışdır. Halbuki o, sayğacdan kənar qazdan istifadə etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə isə o, xəbərdar edilməsinə baxmayaraq gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyinə görə işə baxılması onun iştirakı olmadan davam etdirilmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddianı etiraf etməmiş və iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyini, bunun videoçəkilişlə rəsmiləşdirildiyini bildirmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsində yerləşən 29 nömrəli evdə yaşayır. Həmin evə **********00000 abonent kodu verilmişdir. Cavabdeh işçiləri tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən 2073,60 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********00000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2024-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əsasən, İddiaçı qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 240 gün qəbul edilməklə (6x12x240=17280 kub.m) itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2024-cü ilin mart ayına 17662 kub.m qaza görə borcu 2073,60 manat təşkil edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində deyilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Analoji norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndində də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, "Qaz təchizatı haqqında" Qanunun və "Qazdan istifadə Qaydaları"nın normalarının tələblərinə uyğun olaraq, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olubolmamasına qiymət verilməsi üçün kifayət edir. Lakin əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın yalnız istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə həll olunması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilməlidir. İddiaçı iddia ərizəsində qaz xəttinə qanunsuz qoşulduğunu inkar etsə də, məhkəmə baxışı zamanı bunu etiraf etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş videoçəkilişdən göründüyü kimi, Cavabdeh əməkdaşı tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı evin həyət hasarının bayır tərəfində olan qaz sayğacının ventili bağlıdır və abonent daşıyıcı xəttə qoşularaq qazdan qeyri-qanuni istifadə edir. Birləşmə nöqtəsi qaz borusunun alt tərəfindədir və həmin nöqtədən iddiaçının həyətinə hasarın üstündən rezin şlanq çəkilmişdir. Eyni zamanda, daşıyıcı boruya şlanqın birləşmə nöqtəsini əks etdirən fotoşəkil də cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən xx.xx.2024-cü ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsində yerində müayinə keçirilmişdir. İddiaçı yerində müayinənin vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, yerində müayinə zamanı o, yaşadığı 29 nömrəli evin həyətindən bayıra çıxmaqdan imtina etdiyini bildirdi və prosessual hərəkətdə iştirak etmədi. Yerində müayinə zamanı müəyyən olundu ki, həmin küçədə olan dəmir qaz boru xətti iddiaçının və onun qonşularının həyətlərinin hasarı boyunca hasarın üstündən təxminən 20-25 sm yuxarıda çəkilmişdir. Qaz borusunun iddiaçının qapısına yaxın hissəsində alt tərəfdən deşik açılmış və həmin deşik metal bolt ilə bağlanmışdır. Göstərilən deşik qaz xəttinə sayğacdan kənar qaydada şlanq qoşulması üçün uyğundur. Borunun qeyd olunan hissəsi iş materiallarında olan fotoşəkildə əks olunan görüntü ilə oxşardır. Lakin İddiaçı həyətin qapısını açmaqdan və həyətdən küçəyə çıxmaqdan imtina etdiyinə görə borunun deşilmiş hissəsinin iddiaçının, yoxsa onun qonşusunun həyətinin qarşısında olduğunu və xəttə məhz kimin qoşulduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan sonra məhkəmə baxışı zamanı videoçəkiliş və yerində müayinənin protokolu elan edilərək tədqiq olunan zaman İddiaçı videogörüntüdəki hasarın ona məxsus olduğunu, qaz borusuna qanunsuz qoşulmuş şlanqın məhz onun həyətinə çəkildiyini, lakin bu xətti kimin çəkdiyini bilmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübut mövcud olmasa da, iddiaçı qaz xəttinə qanunsuz qoşulmasını məhkəmə icraatı zamanı etiraf etdiyinə görə hazırkı iddiaya belə sübutların mövcud olmaması əsası ilə qiymət verilə bilməz və İddiaçı iddia tələbinə cavabdeh tərəfindən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı cavabdehin hesablamasını düzgün hesab etmir. Belə ki, "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, itirilmiş qazın bərpası üçün məbləğ qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 240 gün qəbul edilməklə (6x12x240=17280 kub.m) hesablanmışdır. Məhkəmənin fikrincə, borcun 240 gün (8 ay) üçün hesablanması əsaslı sayıla bilməz. İddiaçının bir ay əvvəl, yəni 2024-cü ilin fevral ayında qazın dəyəri olaraq cavabdehə 10 manat ödəniş etdiyini və cavabdehin bununla bağlı hər hansı irad bildirməməsini nəzərə aldıqda, cavabdeh iddiaçıya yalnız son 1 ay (30 gün) üçün borc hesablaya bilərdi. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun yalnız (6x12x30=2160 kub.m x 0,12 manat) 259,20 manat hissəsi əsaslı sayılmalıdır. Beləliklə, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçının abonent koduna xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış borcun 15120 kub.m qaza görə 1814,40 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası "Dövlət rüsumu haqqında" Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddianın qiyməti 2073,60 manat olmaqla ödənilməli olan dövlət rüsumu 40,73 manat təşkil edir. Cəmi 2073,60 manat məbləğində iddianın 1814,40 manat hissəsi (87,50 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 87,50 faizi, yəni 35,63 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 5,10 manat ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 nömrəli abonent koduna xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış borcun 15120 kub.m qaza görə 1814,40 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 35,63 manat hissəsi Cavabdehnə aid edilsin və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar