Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6940/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı Nərmin qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Nərmin qızının Cavabdeh qarşı «evdən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nərmin qızı Cavabdeh qarşı «evdən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, dördüncü kvartal, sahə № 319 ünvanında yerləşən 200 k.v. torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nərmin qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun baldızı əri olan Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır və müvəqqəti əsaslarla Azərbaycan Respublikasında yaşayır. Cavabdehin və onun ailə üzvlərinin Azərbaycan Respublikasında mülkiyyətlərində yaşayış evləri yoxdur. Bu səbəbdən də, o, 17.07.2021-ci il tarixinədək 100 illiyə X3 tərəfindən baş etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, dördüncü kvartal, sahə № 319 ünvanında yerləşən 200 k.v. torpaq sahəsində özünün və ailənin maliyyə vəsaiti hesabına tikdiyi fərdi yaşayış evində 2009-cu ildən cavabdehin və onun ailəsinin müvəqqəti yaşamasına icazə vermişdir. Əvvəllər hər şey yaxşı olsa da, sonradan cavabdeh tez-tez evdə dava-dalaş salmağa, arvadını və azyaşlı uşaqlarını döyməyə, ucadan nalayiq söyüşlər söyməyə, qonşuları günün bütün saatlarında narahat etməyə başladı. Cavabdeh baldızı və uşaqları daima döydüyünə, ölümlə hədələdiyinə görə baldızı şikayəti əsasında dəfələrlə Bakı şəhəri Sabunçu polis şöbəsinə aparılmış və onun barəsində müvafiq tədbirlər görülsə də, bir faydası olmamışdır. Cavabdehin bu ictimai birgə yaşayış qaydalarına zidd, qonşuların istirahətini pozan hərəkətləri bugün də davam edir. Onun hədəsindən qorxaraq baldızı uzun müddətdir ki, onunla yaşamaq məcburiyyətindədir. Qonşular bununla bağlı ona və həyat yoldaşına haqlı iradlarını bildirir və cavabdehin bu hərəkətlərinə son qoyulmasını ondan tələb edirlər. Cavabdehə bu barədə o və həyatyoldaşı dəfələrlə bildirsə də onun qanuna zidd hərəkətlərini görüb, evdən çıxmasını tələb etmişlər. Lakin o, onları da hədələyərək evdən çıxmayacağını və heç kimin də onu evdən çıxarmağa gücünün çatmayacağını bildirir. Sözügedən özbaşına tikili ona məxsus olduğundan, cavabdehlə yaşayış sahəsindən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, həmin fərdi yaşayış sahəsindən və torpaq sahəsindən cavabdehin çıxarılmasına dair iddia tələbim tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nərmin qızı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsinin onun qaynatasına məxsus olduğunu, onun üzərindəki tikinində qaynatası təfindən tikilmişdir. Lakin qaynatası Gürcüstan vətəndaşı olduğundan torpaq sahəsini qaynatası aldığdan sonra onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsini alındıqdan sonra orda 2012-ci il tarixində baldızı və onun əri olan Cavabdeh yaşaması üçün qaynatası onlara vermişdir. Lakin hazırda cavabdeh olan Cavabdeh baldızını incitdiyindən baldızı evi tərk edərək onunların evinə məskumlaşmışdır. Baldızı ilə cavabdeh arasında münasibətlər pozulduğundan artıq Cavabdeh həmin evdə yaşaması dügün deyil, bu səbəbdən məhkəməyə müraciə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, həmin torpaq sahəsini və onun üzərində olan tikili ona məxsusdur. Həmin evi o özü öz zəhməti ilə tikmişdir. Orada nə qaynatasının nədə ki, iddaçının heç bir əziyyəti olmamışdır. Həmin tikilidə 2012-ci il tarixindən bu yana o və onun ailəsi yaşamışdır. İddiaçı həmin evdə və torpaq sahəsində heç vaxt yaşmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fiziki və Hüquqi Şəxslərin mülkiyyətində olan və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsində nəzərdə tutulmuş evlərin sxemlərinin hazırlanmasına dair "xxxx" MMC-nin 05.02.2021-ci il tarixli hesabat cədvəlindən görünür ki, sifarişçi İddiaçı sifarişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat Maştağa yolunun sağ tərəfi sahə 319-un bir hissəsinin bazar dəyəri 19500 (on doqquz min beş yüz) manat dəyərləndirilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC Fiziki və Hüquqi Şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqları inventarlaşdırılmasına dair 17.01.2012-ci il tarixli hesabat cədvəlindən görünür ki, tikinti sahibi Cavabdeh İsmayıl oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu sağ kənarı olan 319 nömrəli fərdi yaşayış evi və torpaq sahəsi 38.010 (otuz səkkiz min 0n) manat dəyərində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Sabunçu Rayon Maştağa Bələdiyyəsinin yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 1012 saylı, 07.03.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu sağ kənarı olan 319 nömrəli ünvanında vergi ödəyicisi kimi Cavabdeh İsmayıl oğlu qeyd alınmışdır. - Azərbaycan Respublikası Sabunçu Rayon Maştağa Bələdiyyəsinin yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 7899 saylı, 26.07.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu sağ kənarı olan 319 nömrəli ünvanında vergi ödəyicisi kimi İddiaçı qeyd alınmışdır. -17.07.2021-ci il tarixli AR-İİ seriyalı, 390472 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Sima Nəriman qızına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu sağ kənarı olan 319 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsindən 200 kv. ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli, 20.10.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 4-cü kvartal, sahə 319 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 4-cü kvartal, sahə 319 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi olsa da, iddiaçının həmin evə və torpağa qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquq olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi. Belə ki, məhkəmə iclasında İddiaçı həmin tərpaq sahəsini qeyri-rəsmi şəkildə iddiaçının qaynatası olan tərəfindən alındığını və həmin evdə tikilmiş özbaşına tikili qaynatası öz vəsaiti hesabına, onun tərəfindən tikdirildiyi israr edsədə, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iddiaçı tərəf mülki işin matriallarına əlavə edilmiş 17.07.2021-ci il tarixli AR-İİ seriyalı, 390472 nömrəli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 4-cü kvartal, sahə 319 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının yaranmasını qeyd etsələrdə, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reystrində qeydiyyatda alındığdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Həmiçinin məhkəmə araşdırılması zamanı tərəflərin özlərinin izahatlarındanda məlum olur ki, Cavabdeh 2012-ci il tarixdən həmin evdə yaşamış, sözügedən əmlakdan istifadə etmişdir, hal-hazırda da orada yaşayır, iddiaçı isə həmin torpaq sahəsində və onun üzərində yerləş fərdi yaşayış evində heç vaxt yaşamamışdır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia tələbinin İddiaçı Nərmin qızının Cavabdeh qarşı «evdən və torpaq sahəsindən çıxarılma»sına dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Nərmin qızının Cavabdeh qarşı «torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6940/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6940/2021
25.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver