Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6985/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X13 1991-cı ildə ermənilərin Naxçıvana hücumu zamanı Sədərək rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əri şəhid olduqdan sonra ailənin bütün yükü onun üzərində olmuş, övladlarını tək ana kimi özü saxlayıb böyütmüşdür. Təqribən 10 il əvvəl ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsini alıb, orada fərdi yaşayış evi tikdirmişdir. Artıq 10 ildir ki, həmin evdə yaşayır. Təqribən 2017-ci ildə oğlu X11 qeyri-rəsmi olaraq birlikdə yaşadığı Cavabdeh ünvan 1 ünvanında yerləşən evinə gətirərək, ondan xahiş etdi ki, özlərinə ev alana kimi onlara onun evində yaşamağa icazə versin. O da oğlu olduğu üçün X7 icazə vermişdir. Lakin Cavabdeh onun evinə köçdükdən bir müddət sonra ona qarşı pis rəftar etməyə başladı. Oğlu - X11 vəfat etdikdən sonra isə Cavabdeh onu dəfələrlə döyüb edvən qovub. Sonuncu dəfə onu döyüb evdən qovduqdan sonra məcbur olub qızının evində yaşayır. Göründüyü kimi Cavabdeh yaşadığı evə köçəndən onunla mütəmadi olaraq səbəbsiz yerə mübahisə edir, rəhmətə getmiş mərhum həyat yoldaşı və onu küçə söyüşləri ilə söyür və təhqirlər edir. Dəfələrlə ona qarşı fiziki zorakılıqlar etmişdir. O, hər dəfə onunla danışıb məsələni sakit şəkildə həll etmək istəsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, xəstə, yaşlı insandır, bu kimi hallar ona çox pis təsir edir. Cavabdeh ona yenə sonuncu dəfə öz mənzilində baş nahiyəsinə vuraraq, döyüb qovmuş, əşyalarını da çölə atmışdır. Bu hallar dəfələrlə baş vermişdir. Hal-hazırda qızına məxsus evdə yaşayır. Cavabeh onu evdən qovmasının səbəbini, evi satacağı ilə əlaqələndirir. Göründüyü kimi o, öz evində sakit yaşaya bilmir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1- dən əşyaları ilə birlikdə çıxarılmalıdır. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, Cavabdeh əşyaları ilə birlikdə ünvan 7-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsi döngə 1, ev 8-dən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qəbul etmir və aşağıdakı səbəblərə görə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki o, 10 il bundan qabaq sözügedən ünvanda 300 kvm. torpaq sahəsi almış və orada fərdi yaşayış evi tikdirmişdir. Guya ki o, 10 il həmin evdə yaşamışdır. İddiaçı tam yalan danışır. Həmin torpaq sahəsini iddiaçı almamış, onun həyat yoldaşı X11 pul verib almış və 2015-ci ildə o, əri ilə birlikdə həmin torpaq sahəsində ev tikib, xx.xx.2016-cı ildən köçüb ailəsi və 4 uşağı birlikdə orada yaşamağa başlamışdır. İddiaçı qeyd edir ki, guya ki o, həmin evdə yaşamağa icazə vermiş və guya onu evdən qovmuşdur. Bu tam yalandır, iddiaçı onun qayınanasıdır, onun evində ümumiyyətlə heç vaxt yaşamamışdır, yalınz həyat yoldaşı vəfat edəndən sonra cəmi 1 ay onun evində yaşayıb sonra çıxıb getmişdir, onu qovmamışdır, bu yalandır və böhtandır. Onun həyat yoldaşının ölüm səbəbi də qayınanası olmuşdur. İddiaçı onun ərini əsəbləşdirdi və onun ölümünə səbəb oldu. İddiaçı qeyd edir ki, guya ki, onun evində yaşayarkən onu söyüb təhqir etmiş, guya ki, fiziki zorakılıq tətbiq etmişdir. Bu tam yalandır, iddiaçı ona böhtan atır, ona qarşı heç vaxt zorakılıq etməmişdir, onu heç vaxt söyüb təhqir etməmiş, əksinə iddiaçı əri vəfat edəndən sonra ona şər və böhtan atmağa başlamış, onu və uşaqlarını da özü tikdirdiyi evdən çıxarmaq istəyir. İddiaçı idda ərizəsində yalandan yazır ki, guya ki, onun başından vurmuş, guya ki onu döyüb evdən qovmuşdur. Bu tam yalandır ona qarşı böhtandır. İddiaçının yazdıqlarının heç biri həqiqətə uyğun deyildir. Bütün qonşular bunu təsdiq edə bilərlər. Qonşuları ona deyir ki, məhkəməyə çağırsalar o, gedib iddiaçının kim oluduğunu və ona necə böhtan atdığı deyərlər. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının dedikləri tam yalandır, şər və böhtandır, onun yaşadığı ev ona məxsus deyildir, onun və ərinin puluna həmin ev tikilmişdir. Evin heç bir sənədi yoxdur, özbaşına tikilidir. Evin və torpaq sahəsinin sənədi olmadığı halda və iddiaçıya məxsus olmadığı halda iddiaçı hansı əsasla onu həmin evdən çıxarır? İddiaçının belə bir subyektiv hüququ yoxdur. Evə dair iddiaçının adına heç bir sənəd yoxdur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı belə bir iddia ərizəsi qaldırmaq hüququ olmadığından iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ünvan 1 digər oğlunun evidir, cavabdehin çıxarılmasını istədiyi ev isə ünvan 7-dür. Cavabdeh nəvəsinə zəng vurmuşdu ki, evi satır, nəvəsi aradan çəkilsin. Bu nəvəsi oğlunun başqa arvadındandır, əsgərliyə gedib gəlib. Nəvəsi evdən çıxıb gəlib onun yanında qalır. Cavabdeh onu döydüyü üçün o evdə qalmadı. Onu iki dəfə döydü, bütün əşyaları ilə birgə çölə atdı. Digər oğlunun evi yaxındı, 8 nömrəli evi almışdır. Əlavə torpaq da alıb orada cavabdehin və digər nəvələrinin hazırda yaşadığı evi tikmişdir. Bütün əşyalarını gətirib xəbəri olmadan bu evə atıb getmişdir. Polisə müraciət etdi. Cavabdeh o evə gedəcəyi halda evi yandıracağını dedi. Hər gün dava etməmək üçün heç nə demədi, nəvələri ilə birgə orada qalmasına göz yumdu. Bir dəfə ora yenə getdi, evindən çıxmağını istədi. Cavabdehin evi deyil, pulu haradan aldığını desin. Araşdıra da bilərsiniz, 75A ünvanı İddiaçı adında çıxır. Ora sökülüb, əvəzində ona pul veriblər, o da həmin məhlədə ev və torpaq almışdır. X9 adlı şəxsdən almış, ev və torpağın sənədi yoxdur, amma pulu verdi, yoxsa orda ev tikməyinə icazə verməzdi. Cavabdeh Binəqədidə kirayədə qalırdı. Rəsmi nikahları yox idi. İddia ərizəsində qeyd etdiyi kimi cavabdehi Anaşkin küçəsi, döngə 3-dən çıxarmaq istəyir. Döngə 8 kimi qeyd edilən ünvanda öz qeydiyyatı çıxsa da, onu hərbiçi oğluna vermişdir. O, hazırda qızının evində yaşayır. Döngə 3-dəki evdə mərhum oğlu, cavabdeh, dörd nəvəsi və o birgə yaşayırdılar. Sonradan münasibətlər pisləşdi deyə evdən çıxdı. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya əl qaldırmamışdır, bunun üçün o, sübut təqdim etməlidir. 2008-ci ildə qeyd edilən Böyük Şordakı evə gəlin gəlmişdir. Rəsmi nikah olmayıb, oğlan onu qaçırdıb gətirib. 2009-cu ildə böyük oğlu anadan olub. Əri 2019-cu ildə ölüb, 2019-cu ilə qədər dörd uşağı doğulub. Gəlin getdiyi evdə onu yola vermədilər deyə iddiaçı həmin evdən onları çıxarmış, bir ay sonra isə mübahisəli evə köçmüşlər. Əri Qarabağda işləyirdi. 2015-ci ildə orada stadion tikilən vaxtı özünə ev, onlara isə 24000 manat pul verib ölçüsü 3 sot olan boş torpaq sahəsi almışdır. Aldığı adam da qonşusudur. Qayınanası ilə təkcə kirayə evdə bir yerdə qalmış, onu döyürdü deyə yola getməmişdir. 2015-ci ildən əri o evi tikib, 2016-cı ilin yanvarın 16-sı bügünkü evinə dörd uşağı və əri ilə köçmüşdür. Şahidləri də var, iddiaçı orada heç vaxt yaşamayıb. 2019-cu ildə əri öləndə iddiaçı onunla 1-2 ay qalmışdır. Uşaqlarına da özü tək baxmışdır. İddiaçı ona ancaq qara yaxmaqla məşğuldur ki, guya o, evə yad adam gətirmişdir. Ona görə iddiaçı onun evindən çıxmasını istəmişdir. Əri evi tikib, çox yaxşı adam olub, bunlara görə ürəyi partlayıb ölüb. Əvvəlki arvadından ayrılmışdı. Uşaqlarına yetim pulu almaq istəyir, ona da göz tikiblər. Mübahisə elə evin üstündə yaranmış, yaşadığı evi satmaq istəyir, başqa oğlu üçün planlar qurub. Bu evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Evi ona görə satmaq istəyir ki, yağış yağanda dizə qədər su içində qalırlar. Oboylar sökülmüş, kif basmışdır, uşağı da xəstələnib, məktəbə gedə bilmir. İddiaçı nənə kimi onun uşaqları ilə maraqlanmayıb. Xalasıoğlu arada gəlib qayğısına qalıb, yəqin ki, qayınanası bu vəziyyəti pis anlayıb. Odur ki, iddia tələbini qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən özü tikdiyi evdə yaşayır və vergi ödəyicisi kimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinin Sədərək rayon Polis şöbəsinin xx.xx.2007-ci il tarixli arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı həyat yoldaşı X13 1991-ci ildə ermənilərin Naxçıvana hücumu zamanı Sədərək rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli arayışının surətindən görünür ki, hərbi əməliyyatlarda şəhid olmuş X6 sabiq əməkdaşı X8 həyat yoldaşı İddiaçı qərarda nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ vardır. - AZ-İİ seriyalı, 049838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 300 kv.m ölçülü torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evindən istifadə edir və vergi ödəyicisidir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. - AZ-İV seriyalı 625194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, atası X11, anası Cavabdehdır. - AZ-İV seriyalı 625195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası X11, anası Cavabdehdır. - AZ-İİİ seriyalı 941096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, X1 xx.xx.2013-cü il tarixdə doğulmuşdur, atası X11, anası Cavabdehdır. - AZ-İİİ seriyalı 941095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur, atası X11, anası Cavabdehdır. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi istehlakçı Cavabdeh yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkina küçəsində yerləşən evi qazla təmin edir. - "xxxx" MMC ilə Cavabdeh arasında internet xidmətinin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh istifadəçi, ünvan 6 ünvanı kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Sabunçu Bələdiyyəsinin yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən 300 kv.m ölçülü torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evindən istifadə edir və vergi ödəyicisidir. Odur ki, iddiaçının əmlakdan istifadə hüququ olduğu üçün bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olması müəyyən edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur Qanunvericiliyin mahiyyətindən də göründüyü kimi mülkiyyətin 3 forması vardır ki, bunlar da müvafiq olaraq, sahiblik, istifadə və sərəncam hüquqlarıdır. Hazırkı iş üzrə mübahisəli ev bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmaqla iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində analoji qaydada bu hüquqdan irəli gəlməklə həm evin təsərrüfatını aparmaqla, həm də vergi və digər mükəlləfiyyətlərini icra etməklə əmlaka faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir ki, bu da mülkiyyət hüququnun komponentlərindən biridir. Beləliklə, məhkəmə iddiaçının qeyd olunan iddia tələbi ilə çıxış etməsinə dair subyektiv hüququnun mövcudluğuna münasibətdə kifayət qədər əsasın olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 4 ünvanında yerləşən 300 kv.m ölçülü torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin qənaətinə görə faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır. Bu məqsədlə əmlakdan istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma əsasları, özbaşına tikilidə faktiki yaşayanlarla cavabdehin əlaqəsi, cavabdehin mübahisələndirilən evdə faktiki yaşamaq hüququnun mövcudluğu əsası araşdırılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin onun mərhum oğlu ilə faktiki münasibətlərdə olduğunu və 4 nəvəsinin anası olduğunu etiraf edir. Torpaq sahəsində tikinti işləri aparılan zaman zəruri xərclərin kim tərəfindən qarşılanması ilə bağlı tərəflər sübut təqdim edə bilməmişlər. Artıq 10 ildən çoxdur ki, cavabdeh və ailəsi göstərilən evdə məskunlaşmışdır. Torpaq sahəsinin alınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 300 kv.m ölçüdə olan torpaq sahəsi 10 il əvvəl təxmini 2015-ci ildə İddiaçı tərəfindən alınmışdır. Torpağın və fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri yoxdur, ev statusuna görə özbaşına tikilidir. Daşınmaz əmlaka (torpaq sahəsinə, həmçinin evə) mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla həmin fakt təsdiq edilmişdir. Bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı odur ki, İddiaçı tərəfindən torpaq alınaraq mərhum oğlu X7 və onun faktiki nikah münasibətlərində yaşayan Cavabdeh verilsə də, tərəflər öz şəxsi vəsaitləri hesabına həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirdiklərini bildirmişlər. Lakin nə iddiaçı, nə də cavabdeh bunu sübut edə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin mübahisəsiz halı həm də odur ki, X11 və Cavabdeh faktiki nikah münasibətlərindən doğulan 4 övladı ilə birlikdə təxmini 2016-cı ildən həmin evə köçmüş və orada yaşamışlar. İddiaçının oğlu X11 2019-cu ildə vəfat etmiş, cavabdeh 4 övladı ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmişdir. İddiaçının oğlu X5 başqa nikahından olan övladı əsgərlikdən qayıtdıqdan sonra evin satılması ilə əlaqədar tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Göründüyü kimi, İddiaçı mübahisəli ünvanda inşa edilmiş evdə yaşamasa da, hazırda Cavabdeh və 4 nəvəsinin yaşadığı mübahisəli evdən – özbaşına tikilidən cavabdehin çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli ev cavabdehin daimi yaşayış yeri sayıldığından, Cavabdeh həmin evdə yaşamaq hüququ olduğundan mübahisəli evdən çıxarıla bilməz. Belə ki, iddiaçının sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, Cavabdeh da eyni əsaslarla orada yaşamaq hüququ var. Belə ki, Cavabdeh da yaşayış yeri məhz həmin evdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh həmin əmlakın mülkiyyətçisi olmasa da, ev 2016-cı ildən onun sahibliyində və istifadəsindədir. Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma və ya bunu təsdiq edən məhkəmə qərarı da yoxdur. Cavabdeh iddiaçının ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) deyildir. Beləliklə, istər iş materiallarından, istərsə də tərəflərin izahatlarından aydın olur ki, fərdi yaşayış evi faktiki olaraq, cavabdehin istifadəsindədir. Hətta iddiaçının da izahatında, eləcə də iddia tələbində qeyd olunmuşdur ki, iddiaçı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində hazırda məskunlaşmır, qızına məxsus evdə yaşayır və həmin evdə müvafiq olaraq cavabdeh və nəvələri qalır. Nəzərə aldıqda ki, mənzil üzərində sərəncam vermə hüququna münasibətdə hər iki tərəfin səlahiyyəti yoxdur, mübahisəyə sahiblik hüququ məfhumundan irəli gələn hallara əsasən baxılmalıdır. Bu zaman da aydın olur ki, tərəflərin sahiblik hüququna münasibətdə hüquqları ekvivalent təşkil etməkdədir. İddiaçı tərəfindən irəli sürülən məqamlar faktiki olaraq mülkiyyət hüququnun elementləri ilə əhatə olunsa da, iş materiallarından görünür ki, cavabdehin də müvafiq sahiblik hüququnun mövcudluğu işin təkzibedilməz halıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzildən və ya digər bu kimi yerlərdən məcburi çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehin mübahisəli ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar (qazın alqı-satqı müqaviləsi, internet xidmətinin göstərilməsi müqaviləsi və tərəflərin izahatları) məhkəmədə təsdiq edildiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü evdən çıxarılma tələbinin hər hansı qanuni və ya hüquqi əsası mövcud deyildir. Buna görə də necə ki, iddiaçı mübahisəli evdə normal şərtlər daxilində yaşamaq hüququna malikdir, bərabərlik prinsipinə uyğun olaraq cavabdehin də həmin evdə yaşamaq hüququ vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı şəhid ailələsi olduğundan və iddia rədd edildiyindən, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6985/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6985/2025
16.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver