Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7076/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi "X3 xx.xx.2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "X3 xx.xx.2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, mərhum atası X6 xx.xx.2023-cü ildə təxminən saat 19-da ünvan 1 ünvanında qəfil ürəktutmadan səhhəti ağırlaşmış və vəfat etmişdir. Ərizəçi dərhal "Təcili tibbi yardım" xidmətinə zəng edərək həkim çağırmışdır. Çağırışa gələn həkimlər X3 vəfat etdiyini bildirmiş və bu faktla bağlı arayış vermişlər. Lakin həmin arayışın hansı müddət ərzində ərazi Poliklinikasına təqdim edilməli olması barədə məlumat verməmişlər, bu məlumatsızlıq səbəbindən hazırda ölüm haqqında tibbi şəhadətnamənin verilməsində ciddi problemlər yaşanmışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X6 xx.xx.1968-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Bakı Şəhəri Təcili və X5 Stansiyasının 5 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi Ə.İsmayılov və tibb bacısı İ.Quliyeva xx.xx.2023-cü ildə saat 20.00-da çağırış üzrə ünvan 1 ünvanına gələrək X3 həkimə qədər ölməsini müəyyən etmiş və bu barədə "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" tərtib etmişlər. X1 xx.xx.2023-cü ildə Şamaxı rayonu Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 20 nömrəli şəhər poliklinikasına müraciət edərək, X1nun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsini xahiş etmiş, lakin poliklinika xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, X1 yaşadığı müddət ərzində 20 nömrəli şəhər poliklinikasına müraciət olunmadığı üçün onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. 4 saylı "Asan xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi isə ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, X1nun ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm qeydə alına bilməz. İşdə olan Bakı Şəhəri Təcili və X5 Stansiyasının 5 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi Ə.İsmayılov və tibb bacısı İ.Quliyeva tərəfindən tərtib edilmiş "Ölüm haqqında xəbərdarlıq vərəqəsi"ndən görünür ki, briqada xx.xx.2023cü ildə saat 20.00-da çağırış üzrə ünvan 1 ünvanına gələrək X3 həkimə qədər ölməsini müəyyən etmişdir. İşdə olan "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 24 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X1 yaşadığı müddət ərzində 20 nömrəli şəhər poliklinikasına müraciət olunmadığı üçün onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. İşdə olan 4 saylı "Asan xidmət" mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, X1nun ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. İşdə olan Bakı Şamaxı Rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2023-cü ildə Şamaxı rayonu Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7, X8 və X4 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, X6 xx.xx.2023-cü ildə yaşadığı ünvan 1də təcili yardım briqadası gələnədək vəfat etmiş və xx.xx.2023-cü ildə Şamaxı rayonu Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün 4 saylı "Asan xidmət" mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.2023-cü ildə vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X3 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-7076/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7076/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver