Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7079/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlu sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə dəymiş zərər kimi əsassız hesablanmış 535,15 manat məbləğində borcun qalan hissəsinin silinməsinə, ödədiyi vəsaitlərdən əsassız olaraq çıxılan pulun onun hesabına qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəh., ünvan 2 ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********800001 olan smart tipli qaz sayğacı onun istifadəsində idi və smart karta ödəniş etməklə qaz sayğacından istifadə edirdi, lakin xx.xx.2019-cu il tarixində ******* nömrəli akt əsasında "Azəri-Qaz" İstehsalat Birliyinin əməkdaşları ünvana gələrək adıma olan smart tipli qaz sayğacını çıxararaq, yerinə mexaniki tipli sayğac quraşdırdılar. Həmin vaxtdan etibarən, mexaniki tipli sayğacdan istifadə etdiyi qazın pulunu ödəyir. Bu yaxınlarda ona verilən borc bildirişində onun qaz sayğacına görə 535,15 manat cərimə yazılmışdır. Borcumun haradan yarandığını bilmək və öyrənmək üçün "Azəri-Qaz" İstehsalat Birliyinə müraciət etmişdir. Oradan ona bildirmişdilər ki, onun sayğacın dəyişilən zaman guya ki, əvvəlki sayğac labaratoriyada yoxlanılan zaman "sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi. Sayğac istismara yararsızdır" barədə rəy verilmişdir. Bu səbəbdən də onun istifadədəsində olan sayğaca xx.xx.2019-cu il tarixli ******* N-li Akt tərtib edərək, 535,15 (beş yüz otuz beş manat, on beş qəpik) manat dəymiş ziyan hesablanmışdır. O, həmin "Azəri-Qaz" İstehsalat Birliyinin əməkdaşına bildirdi ki, o, sayğaca heç vaxt müdaxilə etməmişdir. Sayğacın labaratoriyada yoxlanış zamanı o, orada olmamışdır. Evin sayğacı küçədə quraşdırılıb. O, həmin sayğaca ancaq smart kartla qaz yükləmək üçün yaxınlaşmışdır. Həmin "Azəri-Qaz" İstehsalat Birliyinin əməkdaşları da onun aylıq ödənişlərinə baxaraq, ona inandığını, lakin çox adama cərimə yazıldığını ona bildirdi. Onun barəsində qərəzli və haqsız yazılan xx.xx.2019-cu il tarixli ******* N-li Akt tərtib edərək, 535,15 (beş yüz otuz beş manat, on beş qəpik) manat borcun silinməsini tələb etdi. Lakin bundan sonra ona yazılmış cərimə borcu silinmədi. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Həmin sayğac lobaratoriyada müayinəsi onun iştirakı ilə olmalı idi. Lakin hazırki prosedurlar onun iştirakı olmadan keçirildiyi üçün, həmin labaratoriya rəyinin heç bir mötəbərliyi yoxdur. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli ******* N-li Akt tərtib edərək, 535,15 (beş yüz otuz beş manat, on beş qəpik) manat cərimənin məndən tələb olunması mənə qarşı haqsızlıqdır. Bildirir ki, haqsız olaraq onun avans olaraq ödədiyi pullardan xx.xx.2019-cu il tarixli ******* N-li akt əsasınında yazılmış 535,15 (beş yüz otuz beş manat, on beş qəpik) manat borca çıxılmışdır. İddiaya etiraz: Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (akt və foto çəkilişlər məhkəməyə təqdim edilmişdir). İddiaçının ünvanında G-4 markalı, 1202AQ**********6 saylı sayğaca müdaxilə olunduğu aşkar olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir.G-4 markalı, 1202AQ**********6 saylı sayğacın müdaxilə etməsi fakti təsdiq etmək üçün çıxarılaraq "Azəriqaz" İB-nin SOCAR**********30991710X02882 saylı, 26 sentyabr 2019-cu il tarixli telefonoqramına əsasən 26 sentyabr 2019-cu il tarixində əhali sektorunda istismarda olan Bakı RQÖQX Departamentindən Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasında aparılmış aşağıda nömrələri qeyd olunan Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacları 08 oktyabr 2019-cu il tarixndə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuş Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019 tarixli 29/1710-02882 Nli Aktına əsasən G-4 markalı 1202AQ**********6 No-li sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yaranmışdır.” şəklində rəy verilmişdir. Fransa istehsali G4 markalı smart-kart tipli qaz sayğacları 08 oktyabr 2018-cı il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən, xx.xx.2018-cü il -ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2019-cu il tarixli tarixli ******* No-li “AKT" əsasən 486 manat dəymiş zərərin məbləği hesablanmış,abunə koduna əlavə edilmişdir “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 535.15 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəblərini məhkəməyə göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. - xx.xx.2025-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00001 abonent kodu olan İddiaçı 2025-ci il üçün 535.15 manat borc hesablanmışdır və müəyyən bir hissəsi tutulmuşdur. - Cavabdeh İB tərəfindən tərtib olunmuş 29/1710-02882 nömrəli Qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixində aparılmış Dövlət yoxlaması nəticəsində qaz sayğacı yararsız hesab olunmuşdur. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 6-2.1 Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00001 nömrəli abonent kodu açılmışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2019-cu il tarixli aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi məqsədi ilə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cü il tarixli akta əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən sayğaca müdaxilə olunmasına dair rəy verilmişdir. Bununla əlaqədar Birlik tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış, itirilmiş qazın həcmi 4860 m3 müəyyən edilərək 535,15 manat borc hesablanmışdır. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, borcun hesablanmasına əsas olmuş akt sayğacın laboratoriya müayinəsinin nəticəsi haqqında xx.xx.2019-cu il tarixli, ******* təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdır. Aktın mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür. Hazırkı işin halları baxımından isə bu kimi halların heç biri öz təsdiqini tapmır. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00001) əsassız hesablanmış 535,15 manat məbləğində borcun qalan hissəsi silinsin və ödədiyi vəsaitlərdən əsassız olaraq çıxılan pul onun hesabına qaytarılsın. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2.
Məhkəmə qərarları › İş №2(008)-7079/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7079/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver