Məhkəmə qərarları › İş №2(008)-7126/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7126/2022

07.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7126/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 və qeyrilərinin yaşadığı evə onun azyaşlı qızı X6 və X7 ilə birlikdə köçürülməyi və dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nigaha daxil olmuşdur. Onların birgə nikahdan X6 xx.xx.2014-cü il və X7 xx.xx.2012ci il təvəllüdlü iki uşaqları doğulmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küç 27 ünvanındakı yerləşən evə gəlin köçmüşdür. O, gəlin köçəndə cehiz əşyalarını evin üç otağına yerləşdirmişlər. O, ailəsi uşaqları on il sözügedən ünvanda ünvan 3avabdehlə ailə qurduğu ilk vaxtlarda münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehin əsassız səbəbdən ailədə mübahisələr yaratmasına görə münasibətləri korlanmış, hər gün evlərində söz söhbət, uşaqlarının gözü qarşısında təhqirlər və mübahisələr yaşanmışdır. Cavabdeh dəfələrlə onu uşaqlarının gözü qarşısında təhqir etmiş, evdə səbəbsiz yerə münaqişələr yaradaraq onu uşaqları ilə birlikdə evdən qovmuşdur. Bir sözlə cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. Bu torpağın və evin, digər tikililərin inşa olunmasında və təmirində onun da vəsaiti olmuşdur. Lakin hazırda cavabdeh həmin evdən tək istifadə edir və onun övladlarını da həmin evə buraxmır. Artıq ona qonşuları vasitəsi ilə məlum olmuşdur ki, cavabdeh həmin evlərinə müxtəlif alıcılar gətirərək evi dəyər dəyməzinə satmaq istəyir və pulunu tək mənimsəmək fikrindədir. O, uşaqları ilə 2011-ci il tarixdən həmin mübahisəli evdə yaşamış və cehiz əşyalarını evin otaqlarına yerləşdirmişlər. Cehiz əmlaklarım hazırda həmin evdədir. Onlar birgə nikah dövründə tikilmiş evdə cavabdehlə və uşaqları ilə bərabər yaşamışlar. O, ailə üzvü kimi həmin evə bağlılığı olmuşdur. Həttda həmin evdə yaşayarkən otaqlarda istifadə edərkən bir ailə kimi bərabər şəkillər çəkdirmiş, mübahisəli evdə bir gəlin kimi əziyyəti çox olmuşdur. Ailədə yaranmış narazılıq üzündən cavabdeh və qaynanasıgil iki uşağını əlindən alaraq, 2021-ci il tarixdə onu evdən məcburi çıxarmış və nikahın pozulmasına təşəbbüs göstərmişdir. Cavabdeh onun evdən qovulmağına nail olmaq üçün verilmiş torpaq, ev, habelə kommunal xidmətlərin (qaz,su,elektirik enerjisi) nikahda olduğu Cavabdeh2 adına olsa da belə onu qovarkən ona bildirdi ki, bu evlərin heç biri onun adına deyil, o başa düşür ki, onu evdən çıxardanın sonra cavabdeh bütün evləri dəyişdirilməsinə çalışımaqdadır. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki iş üzrə iddiaya dəqiqləşdirmə verərək mübahisəli evin ünvanının Aşıq Pəri küçəsi 27 kimi deyildə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi 14 nömrəli fərdi yaşayış evi kimi göstərilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə lazımı məlumatlar verməmişdir. Məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, icraatda olan 2(008)-7126/2022 saylı mülki iş üzrə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət eədərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri 27 ünvanında yerləşən evə onun və uşaqların köçürülməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini tamamilə əsassız hesab edərək, aşağıdakı səbəblərdən ona etiraz edir və iddia tələblərinin tamamilə rədd olunmasını xahiş edir. Belə ki, iddiaçı öz ərizəsində göstərdiyi kimi, onlar xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və atasına məxsus Bakıxanov qəsəbəsi, 1 -ci Aşıq Pəri küçəsində yerləşən 14 nömrəli evdə (əvvəlki Aşıq Pəri, 27) yaşamağa başlamışlar. Həmin ev 2008-ci ildən atasının mülkiyyətində olub və hazırda da onun mülkiyyətindədir. İddiaçı ilə olan nikahı 2021-ci ilin fevral ayında məhkəmə qaydasında pozulub və məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqları iddiaçı ilə qalmışdır. İddia ərizəsinin mətnindən görünür ki, bu ərizədə sanki başqa insanların həyatından bəhs edilir. Çünki ərizədə onların ailə həyatına və boşanma səbəblərinə uyğun olmayan faktlardan, hansısa tanımadığı Dadaş Şahbazovdan, Qaradağ rayonunda olan hansısa birmərtəbəli evdən, həmin evin 2005-ci ildə (yəni bizim evlənməmizdən 6 il əvvəl) tikilib-qurtarmasından, və guya bu evin onun da (yəni cavabdehin də, hansı ki 2005-ci ildə cəmi 15 yaşı var idi) gəlirləri hesabına tikilməsindən və s. həqiqətə uyğun olmayan hallardan bəhs edilir. İddiaçı əvvəlcə ərizəsində qeyd edir ki, guya mübahisəli ev təkcə atasının deyil, həm də onun əmlakıdır və bununla demək istəyir ki, mübahisəli ev birgə mülkiyyəti olub, daha sonra isə özünü ailə üzvü hesab edərək, evdən istifadə hüququnun yaranmasını iddia edir, halbuki sənədlər və faktlar bunların heç birini təsdiq etmir. İddiaçı mübahisəli evi qanunsuz tikili kimi təqdim edir və qeyd edir ki, guya həmin ev üzərində mülkiyyət hüququ mövcud deyil, torpaq sahəsi daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmamışdır, həmin torpaq sahəsində tikilmiş evlər isə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bunlar tamamilə həqiqətə uyğun deyil. Belə ki, xx.xx.2008-ci il qeydiyyat tarixi ilə Daşınmaz Əmlakın Dövlət Reyerstrindən ******* saylı Çıxarışına əsasən mübahisəli fərdi yaşayış evi tam mülkliyyət hüququ ilə atası X3 adına qeydiyyata alınmışdır. İddiaçı ilə o 2011-ci ildə, yəni mübahisəli evin mülkiyyət hüququnun rəsmiləşdirilməsindən 3 il sonra, evlənmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən “əmlak onların ümumi birgə mülkiyyəti sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən “Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir”. Göründüyü kimi, qanun yalnız nikah dövründə (nikah müddətində) ərləarvadın əldə etdikləri əmlakı onların birgə mülkiyyəti kimi tanıyır. Mübahisəli ev isə nə onların nikah müddətində (yəni 2011-ci ildən 2021-ci ilə kimi), nə də ki, onunla iddiaçının əldə etdiyi əmlakdır. Bu o deməkdir ki, mübahisəli fərdi yaşayış evi heç bir halda birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz. Digər tərəfdən nə onun, nə iddiaçının maddi imkanı olmamışdır ki, belə bir evin tikintisində, təmirində iştirak etsin. Çünki evin mülkiyyəti rəsmiləşdirildiyi zaman onun 18 yaşı, ev tikiləndə isə 15 yaşı var idi və həmin vaxt heç bir əmək fəaliyyəti ilə məşqul olmamış, heç bir gəlir əldə etməmişdir. İddiaçı ilə evlənəndə isə onun 21, iddiaçının 18 yaşı var idi. İddiaçı qeyd edir ki, həmin evdə çox əziyyət çəkib, lakin hansı əziyyətdən söhbət getdiyini anlamaq olmur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı heç bir yerdə işləməyib, onun heç bir gəliri olmayıb və həmin evə heç bir xərc çəkməyib. Özünün yaşadığı otağı yığışdırıbsa, sadəcə istifadə etdiyi yaşayış sahəsini təmizlikdə saxlayıb, bu isə həmin evdən ona hansısa haqqları qazandırmır. İddiaçı hesab edir ki, ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə edib, çünki ailə qurandan etibarən mübahisəli evdə yaşayıb, həmin evdə onun cehiz əşyaları var və ümumiyyətlə bu evə əziyyət çəkib. Digər tərəfdən də düzgün olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsini rəhbər tutur. Həmin maddəyə əsasən “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. İddiaçı ilə onun hüquqi münasibəti 2011-ci ildə rəsmi nikaha daxil olduqda yaranıb, bu da o deməkdir ki, tətbiq olunmalı maddi hüquq normaları 2009-cü ildə qanuni qüvvəyə minmiş Mənzil Məcəlləsi və qüvvədə olan Mülki Məcəlləsi (2011-ci ildən sonrakı dəyişikliklərlə) ola bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir”. Mübahisəli evin mülkiyyətçisi onun atasıdır və iddiaçı onun keçmiş gəlini olaraq qanunla ailə üzvü kateqoriyasına aid deyil. Bundan başqa iddiaçının istinad etdiyi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı ilə mübahisəli evin mülkiyyətçisi arasında heç bir müqavilə bağlanmamışdır. Bu səbəblərdən iddiaçının mübahisəli evi öz evi kimi qələmə verməsi həqiqətə uyğun deyil, mübahisəli evə köçmə istəyi isə qanuna tamamilə ziddir. Əlavə olaraq onu qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında olan hüquq münasibətləri 2011-ci ildə yarandığından yaşayış sahəsi ilə bağlı məsələlərə 2009-cu ildə qanuni qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır”. Bu o deməkdir ki, hətta o mübahisəli yaşayış evinin mülkiyyətçisi olsaydı və iddiaçının həmin evdən istifadə hüququ yaranmış olsaydı belə, boşandıqdan sonra iddiaçı istifadə hüququnu yenə də itirmiş olurdu. İddiaçı ərizəsində bildirir ki, guya o onu evdən qovduqdan sonra evlərin qeydiyyatın dəyişdirmişdir. Bununla bağlı bir daha təkrarlayır ki, daşınmaz əmlakın Dövlət Reyerstrində mübahisəli ev 2008-ci ildən atamın adına fərdi yaşayış evi kimi qeydiyyata alınmış və onun həmin vaxt 18 yaşı var idi; evin tikilməsinə, təmirinə və quraşdırılmasına heç bir vəsaiti yox idi. İddiaçı qeyd edir ki, evdə yaranmış narazılıq üzündən o və anası onu evdən məcburi çıxartmış, lakin yaranan narazılığın səbəbini göstərmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, boşanmanın səbəbi iddiaçının xəyanəti olmuşdu və o onu atasının (yəni mənim əmimin) ünvan 6 ünvanda yerləşən evinə göndərmişdir. İddiaçının ərizəsində anası Cavabdeh1 cavabdeh kimi göstərilməsi də düzgün deyil, çünki anası nə mübahisəli evin mülkiyyətçisi deyil, nə də ki, iddiaçının evdən çıxıb getməsi ilə əlaqəsi var. İddiaçının xəyanəti üzə çıxdıqdan sonra zatən özü evdə qalmaq istəmirdi və təbii olaraq, ya atasının, ya qardaşının evinə gedə bilərdi. Onu da bildirir ki, o, birgə nikahdan olan uşaqlarını iddiaçının himayəsinə vermək qətiyyən istəmirdir. Çünki ailəsinə xəyanət etmiş qadının (iddiaçının) iki qız uşağına yaxşı tərbiyə verməsindən şübhə edirdir. Hazırda iddiaçı atasına məxsus olan ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli evdə yaşayır (iddiaçımn əvvəlki iddia ərizəsində də həmin ünvan göstərilmişdir, iddia ərizəsinin surəti hazırki etiraza əlavə olunur). Məhkəmə qətnaməsinə əsasən uşaqlar ana ilə qalmalıdır və hazırda iddiaçının yaşadığı evdə qalırlar. Əgər iddiaçı uşaqlara baxa bilmirsə onların himayəsinə öz üzərinə götürə bilər. Bundan əlavə iddiaçının qeydiyyatda olduğu ünvan 7 ünvanda yerləşən ev də atasına (yəni mənim əmimə) məxsus fərdi yaşayış evidir və hazırda həmin ev boş olduğundan iddiaçının istifadəsinə verilə bilər. Beləliklə, hesab edir ki, iddiaçının onun atasının mülkiyyətində olan evdə yaşamaq üçün heç bir qanuni əsaslan mövcud deyil, həmin evdən istifadə hüququ yaranmadığından köçürülməsi mümkün deyil. MPM-nin 154-cü maddəsinə əsasən iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-391/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci ildə bağlanmış və 1707 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, tərəflərin nikahları pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası İddiaçı himayəsinə verilmiş, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh2 hər uşaq üçün, hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9054/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-391/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi “xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq alimentin tutulması” hissəsində dəyişdirilməsi və xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması xx.xx.2020-ci il tarixindən hesablanması qərara alınmışdır. 22 nömrəli Uşaq Poliklinikasının 101 nömrəli, 21 may 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Pəri 15 ünvanında yaşayan, vətəndaş İddiaçı uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2012-ci il tarixdən 22 nömrəli Uşaq Polklinikasında tibbi qeydiyyatdadırlar. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.02437 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 180.4 kv.m yaşayış 151.7 kv.m köməkiçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 9029 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mediasiya prosesində iştirak edilməmə barədə MŞB/5-00361 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. 980722006 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının kömək isdədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 deyildə X3 xüsusi mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının köçmək isdədiyi ev cavabdehlərin mülkiyyətində deyildir, hazır ki mülki üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yönəlmiş iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar