Məhkəmə qərarları › İş №2(008)-7181/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7181/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7181/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.1972-ci ildə Xocalı rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X6”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X10”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, anası X3 xx.xx.1972-ci ildə Xocalı rayonunda anadan olmuşdur. X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Anasının doğumu haqqında şəhadətnaməsinin olmaması dəfn pulunun alınması və vərəsəlik işinin açılması ilə əlaqədar müvafiq sənədlərin toplanması ilə bağlı çətinliklər yaradır. Anası 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin doğum haqqında şəhadətnaməsini itirmiş, bəlkə də gətirə bilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 müraciət edərək təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin şöbə Xocalı sənədlərinin arxivi olmadığına görə, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, atası X13, anası X2r. - AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1972-ci ildə Xocalı rayonunda anadan olmuşdur. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1976-cı ildə Xocalı şəhərində doğulmuş, atası X6, anası X7r. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xocalı rayonu vaxtilə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan Ərizəçi anası X1 xx.xx.1972-ci ildə Xocalı rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayışla təmin olunacaqdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası X3 xx.xx.1972-ci ildə Xocalı rayonunda anadan olmuşdur. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Anasının doğumu haqqında şəhadətnaməsi dəfn pulunun alınması və vərəsəlik işinin açılması ilə əlaqədar tələb olunur. Həmin sənəd isə, 1988-ci il hadisələri ilə əlaqədar itirilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 müraciət edərək təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, Xocalı rayonundan olan sənədlərin arxivinin olmaması əsası ilə, ərizənin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçinin anasının doğum haqqında şəhadətnaməsinin itirilməsi və bərpasının başqa yolla mümkün olmaması səbəbindən, ərizə təmin edilməli, ərizəçi anası X1 xx.xx.1972-ci ildə Xocalı rayonunda doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X6”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X10”, ananın milliyəti “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1972-ci ildə Xocalı rayonunda doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında “X6”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X10”, ananın milliyəti “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar