Məhkəmə qərarları › İş №2(008)-721/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-721/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-721/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi üzrə adına 2023-cü ilin avqust ayına hesablanmış 6339,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi İddiaçı ata-babasından qalma ev olmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya nömrəsi RX1066437 olan çıxarışla xüsusi mülkiyyət hüququ ilə X4 (İddiaçı nənəsi) adına qeydiyyata alınaraq evin texniki pasportu tərtib edilmişdir. Daha sonra həmin ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2015-ci il tarixli 2(103)- 6517/2015 nömrəli qətnaməsi ilə İddiaçı qəyyumu olduğu, fəaliyyət qabiliyyəti olmayan qardaşı X1 arvadı X5 və onun uşaqlarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 saylı evə istifadə hüquqları tanınmış, bundan sonra da X5 həmin evə pasport qeydiyyatına götürülərək, Sabunçu rayon Polis İdarəsi tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə seriya AZE 16440174 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Həmin vaxtdan onların arasında ailə münaqişəsi yaranmaqla çoxsaylı məhkəmə mübahisələri olmuş, X5 tərəfindən onun və qəyyumu olduğu, fəaliyyət qabiliyyəti olmayan qardaşı X6 qeyd edilən evdə yaşamalarına imkan verilməmiş və ona görə də onlar faktiki olaraq ünvan 1 ünvanında bacıları Səriyyə Kərimovanın evində yaşayırlar. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alındığından, elektrik enerjisi, su və qaz təminatı ilə bağlı müqavilələr onun adınadır. Buna baxmayaraq, həmin evdə faktiki olaraq X5 uşaqları ilə birlikdə yaşayır və elektrik enerjisi, su, eləcə də qazdan faktiki olaraq onlar istifadə edirlər. Bu yaxınlarda ona məlum olmuşdur ki, Xalidə Məlikova tərəfindən yaşadığı həmin ev üzrə 2020-ci ildən başlanaraq dəfələrlə qanunsuz yolla, yəni sayğacdan kənar təbii qazdan istifadə hallarına yol verilmiş, bu hallar da səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilmiş və ev üzrə 2023-ci ilin avqust ayına 6339,30 manat qaz borcu yaranmışdır. Həmin ünvana dair qaz üzrə abonentin saldosundan da göründüyü kimi, 2020-ci ildən başlanaraq həmin ünvan üzrə qaz sərfiyyatına görə pul ödənilməmiş, borc isə 2021-ci ilin axırına görə 2185,60 manat, 2022-ci ilin axırına görə 5937,50 manat, 2023-cü ilin avqust ayına görə 6339,30 manat təşkil edir və həmin qaz sərfiyyatına görə də onun adı borclu kimi göstərilir. Halbuki, həmin ünvanda qeyd olunan dövrdə faktiki olaraq X5 uşaqları ilə birlikdə yaşamış və qazdan da faktiki olaraq onlar istifadə etmişlər. Ona görə də, həmin pul orada faktiki yaşayan X2 tutulmalıdır. Bu barədə ərazi qaz istismar sahəsinə şifahi qaydada bildirməsinə baxmayaraq, nəticəsi olmamış, yüksək məbləğdə qaz borcunun yarandığı ötən 3 il müddətində həmin evin təbii qazla təchizatı dayandırılmamış və qaz borcunun tutulması üçün heç bir tədbir görülməmişdir. Bütün bunlar onda şübhə yaratmışdır ki, həmin ev üzrə qazdan faktiki istifadə edən X5 ilə ərazi qaz istismar sahəsinin əməkdaşları arasında razılıq, sövdələşmə vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, həmin ünvanda qaz xəttinə qeyri-qanuni qoşulmalar etmişdir və dəymiş ziyanın həcmi hesablanmışdır. İddiaçı özü də bu halı təsdiq edərək, həmin ünvanda qaz xəttinə qanunsuz qoşulmalara yol verildiyini etiraf edir. Qeyd olunanlara əsasən nümayəndə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ ilə adına dövlət qeydiyyatına alınmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ4-ün maksimal saatlıq qaz sərfi nominal sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 3996 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ4-ün maksimal saatlıq qaz sərfi nominal sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 7560 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ4-ün maksimal saatlıq qaz sərfi nominal sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 2520 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ4-ün maksimal saatlıq qaz sərfi nominal sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 12 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 12 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 12 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 1008 m3 itki hesablanmışdır. - Abonent saldosundan görünür ki, 2018-ci ilin iyul ayında akt üzrə 799,20 manat məbləğində, 2020-ci ilin fevral, mart və aprel ayında aktlar üzrə cəmi 1108,80 manat olmaqla, ümumilikdə aktlar üzrə 1908 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə vurğulayır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir. Lakin, hazırkı işdə davamlı olaraq deliktin – təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz İddiaçı tərəfindən törədilməsi halı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Belə ki, iddiaçı qeyd olunan fərdi yaşayış evinin özünün xüsusi mülkiyyətində olmasına baxmayaraq, apellyasiya məhkəmənin qətnaməsi ilə qardaşının keçmiş arvadı X3 həmin evdən istifadə hüquqlarının tanındığını və 2015ci ildən həmin şəxsin uşaqları ilə birgə qeyd olunan fərdi yaşayış evində yaşadıqlarını, özünün isə bacısının evində qaldığını, qaz xəttindən qanunsuz qoşulma halına qardaşının keçmiş arvadı tərəfindən yol verilə biləcəyini bildirir. İddiaçının izahatında göstərdiyi bu faktı təkzib edən hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qaz xəttindən qanunsuz qoşulma faktı mövcud olmuş olsa belə, iddiaçı qanunsuz qoşulma halına yol vermədiyindən, tərtib edilmiş aktlar üzrə zərər məbləği iddiaçıdan tələb edilə bilməz. Buna görə də, iddia tələbi həmin aktlar üzrə hesablanmış zərər məbləğinin (cəmi 1908 manat) silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Lakin məhkəmə, 4431,30 manat (6339,30-1908=4431,30) borcun silinməsi hissəsində iddia tələbini əsaslı saymır. Belə ki, həmin borc məbləği təbii qazdan istehlak edilməsi ilə əlaqədar yarandığından, yəni sərfiyyat borcu olduğundan, silinə bilməz. İddiaçı qeyd olunan evdə yaşamaması, yəni orada təbii qazdan istehlak etməməsi halında, abonent hesabının öz adından başqa ada keçirilməsi üçün cavabdeh quruma vaxtında məlumat verməli idi. Bu səbəbdən də, iddia tələbi qalan borcun silinməsi hissəsində rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən - aktlar üzrə hesablanmış cəmi 1908 manat pulun silinməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 39.08 manat məbləğində dövlət rüsumunu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus **********10000 saylı abonent koduna əsassız olaraq hesablanmış 1908 (min doqquz yüz qırx səkkiz) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 39,08 (otuz doqquz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar