Məhkəmə qərarları › İş №2(008)-7218/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7218/2022

05.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7218/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Quqark rayonu Şaumyan kəndində xx.xx.1986-cı il tarixində anadan olmuş Ərizəçi barəsində doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında “X7”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında isə “X4”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o - Ərizəçi, xx.xx.1986-cı il tarixində Ermənistan Quqark rayonu Şaumyan kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələr vaxtı Bakı şəhərinə köçmüşlər. Müəyyən səbəblərdən və məlumatı olmadığından vaxtında şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN” Xidmət mərkəzinə müraciət etdikdə əvvəlcə doğum haqqında şəhadətnaməni bərpa etməli olduğunu bildirdilər. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etsə də, bu dəfə şöbə məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında müraciət etmiş və xx.xx.2022-ci il tarixli ******* saylı qərar ilə müsbət cavab almışdır. Qərarı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. - SX seriyalı, ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə doğulmuş Ərizəçi hərbi bilet Azərbaycan Respublikası SHXÇDX-nin Sabunçu Rayon İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs 2708-05/15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənistan Quqark rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa olunması məsələsi həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlərin haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunması bildirilmişdir. - X1 qeydiyyat şöbəsinin İİ СЛ seriyalı, 352851 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X7 ilə xx.xx.1962-ci il təvəllüdlü X5 arasında xx.xx.1985-ci il tarixdə, 18 nömrəli akt ilə nikahları qeydə alınmışdır. Ərə Rəhimov, arvada isə Rəhimovadır. -X1 Qeydiyyat Şöbəsinin V-СЛ seriyalı, 324455 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Quqark rayonu, Şaumyan kəndində anadan olmuş, anansı X6 və atası X3r. Ərizəçi izahatından bildirmişdir ki, o, xx.xx.1986-cı ildə Ermənistan Quqark rayonu Şaumyan kəndində doğulmuş, anası X6 və atası X3r. Lakin o bunları sübut edəcək hər hansı bir sənədi əldə edə bilməmişdir. Bu səbəbdəndə ərizəçi məhkəməyə hazırkı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qəraraın 4.2-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. X1 itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçi məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnaməsi olsa da onun yenidən bərpa edilməli olduğunu və yenidən almaq üçün qeydiyyata orqanına müraciət etmiş olsa da imtina cavabı aldığından bu səbəbdən aktının qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericliyin tələbinin nəzərə alaraq ərizəçinin diqqətinə çatdırır ki, məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Bundan əlavə itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarına əlavə edilmiş X1 Qeydiyyat Şöbəsinin V-СЛ seriyalı, 324455 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial təsdiq edilmiş surətindən görünür ki, qeyd edilmiş doğum haqqında şəhadətnamənin surəti xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, doğum haqqında şəhadətnamənin bərpa edilməsinə dair tələbdə qeyd edilən hallar bu faktın təsdiq edilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş müddəalar ilə uzlaşmadığından,yəni Ərizəçi doğum haqqında şəhadətnaməsi olduğundan ərizə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar