Məhkəmə qərarları › İş №2(008)-726/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-726/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-726/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 626,40 manat borcun silinməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan ümumilikdə 170,55 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun ünvan 1 ünvanda yerləşən həyət evində quraşdırılmış qaz sayğacı və həmin sayğac üzrə **********00000 nömrəli abonent hesabına 2021-ci ilin mart ayından 626,40 manat borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edən zaman ona sənədlər təqdim edilib. Təqdim edilmiş 29 mart 2021-ci il tarixli ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən ona aydın olub ki, xx.xx.2021-ci il tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və 6264 kubmetr qaz itkisi müəyyən edilmişdir. Hesab edir ki, dəymiş ziyan məbləği qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. xx.xx.2021-ci il tarixdən etibarən hər dəfə qaz kartına pul yükləyən zaman qeyd etdiyi əsassız yazılmış borc məbləğinə görə ondan pul tutulur. 2023-cü ilin oktyabr ayına qədər ondan ümumilikdə 170,55 manat pul tutulmuşdur. Hesab edir ki, ondan tutulan 170,55 manat pul məbləğləri də Cavabdehndən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, borcun ona aidiyyəti olmadığını, fotoşəkillərdəki sayğacın onun olmadığını və iddianın təmin edilməsini məhkmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair 30 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən samovarın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.5x24x90=3240 m3 1.4x24x90=3024 m3 Cəmi: 6264 m3 hesablanmışdır. Məhkəmə hesabat müddəti ilə razılaşmayaraq qeyd edir ki, samovarın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat hesabat müddəti 90 gün deyil, 30 gün kimi, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti 90 gün deyil, 30 gün kimi qəbul edilməlidir 1.5 x 8 x 30 x 0,12 = 43,20 manat 1.4 x 12 x 30 x 0,12 = 60,48 manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edərək vurulmuş ziyan 103.68 manat müəyyən edilir. Həmçinin hesabat müddətinin 90 gün deyil 30 gün kimi qəbul etməsini abonent saldosundan əsasən iddiaçı 30 mart 2021-ci il tarixindən əvvəlki aylarda edilmiş sərfiyat üzrə ödənişlər etdiyindən hesabat müddətini 30 gün kimi qəbul edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda iddia tələbini iddiaçı tərəfindən aylıq ödənilmiş məbləğdən Cavabdeh İB tərəfindən borca görə tutmuş 170,55 manat pulun geri qaytarılması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə halları öz təstiqini tapdığından, iddiaçının 30 mart 2021-ci il tarixli akt üzrə 103,68 manat borcu qaldığından cavabdeh “Azərqaz” İB tərəfindən karta yüklənmiş məbləğlrdən tutmaların aparılmasını qanuni hesb edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 522,72 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 522,72 (beş yüz iyirmi iki manat, yetmiş iki qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar