Məhkəmə qərarları › İş №2(008)-7324/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7324/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7324/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2023-cü il tarixli, 238K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və həmin müddət ərzində əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, O, Suraxanı “Megastore”-da rəsmi işçi kimi xx.xx.2023-cü il tarixində şirniyyat şöbəsində satıcı vəzifəsində işə başlayıb. İş iki növbəli saat 07.00-dan 16.00-dək, 16.00-dan 01.00-dək müəyyən edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsində qeyd olunmayan artıq işlərə cəlb olunmuş, amma heç bir əlavə əmək haqqı verilməmişdir. Əmək müqaviləsində iş vaxtının 9 saat və 2 növbəli olmadığını bilsə də, müqavilənin nüsxəsi onda olmadığı üçün heç kimə heç nə sübut edə bilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyinin 142 xidmətinə etdiyi şikayətlə bağlı Bakı şəhər Əmək Müfəttişliyində şikayətə baxılsa da, ondan sübutlar tələb olunmamışdır. May ayının sonu Suraxanı “Megastore”-da rəhbərlik dəyişikliyi olmuş, yeni gələn müdir Sevinc Ələkbərova yemək vaxtını 10 dəqiqə azaldaraq 20 dəqiqə, çay vaxtını da 5 dəqiqə azaldaraq 10 dəqiqə etdiyindən, İddiaçı isə 9 saat işləyən bir işçi üçün bu vaxtın çox az olduğunu və marketi yazılmamış qanunlarla idarə etdiyini bildirərək çox mədəni şəkildə etirazını bildirmişdir. Sevinc Ələkbərova çox kobud şəkildə marketdən çıxıb getməsini və bir daha müəssisəyə buraxılmayacağını demişdir. Nöbəti gün işə gedib, ancaq müəssisəyə buraxılmamışdır. xx.xx.2023-cü il tarixdə BM marketlər şəbəkəsinin rəhbər işçilərindən olan Ali Kazım adlı şəxslə özü sosial media vasitəsi ilə əlaqə yaradıb və o iddiaçıya BM marketlər şəbəkəsinin Suraxanı filialında yox başqa filialına getməsini demişdir. O bu barədə Əmək Müfəttişliyi 142 xidmətinə şikayət etmiş və onun Əmək Müfəttişliyinə şikayət etdiyi üçün ona rəsmi qaydada məktub göndərilərək, güya xx.xx.2023-cü il tarixindən heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və buna görə də onun Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən çıxaracaqları deyilmişdir. Onun Azərbaycan Rspeblikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ilə bağlı məsələnin nə yerdə olduğunu Dost xidmətindən marağlanmağa getdiyi vaxt öyrənmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmirdən görünür ki, ”BM mağazalar” bölməsində “Satıcı” vəzifəsində işləyən İddiaçı Xanəli qızı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70-cı maddəsinin “ç” bəndi ilə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, əmək müqaviləsi əsasında satıcı vəzifəsində çalışdığı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də mümkün olmamışdır. İşdə olmamağıyla bağlı 5 iş günü ərzində izahat verilməsi xahiş edilib. Əks halda heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi”) əmək müqaviləsinə xitam veriləcəkdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmr aşağıda göstərilən əsaslara görə ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olumması konkret göstərilməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin həllində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfisiri mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Qanunun məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 10-cu maddəsində, eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərində işçinin vəzifə öhdəlikləri nəzərdə tutulmuşdur. İşəgötürən İddiaçı işə gəlməməkdə təqsirli bilmiş və mövcud olmayan intizam pozuntusuna görə ona intizam tənbehi vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərlimişdir ki, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə digər məlumatlarla bərabər müəssisənin hüquqi ünvanı, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Cavabdeh idarənin xx.xx.2023-cü il tarixli əmrində idarənin hüquqi ünvanı göstərilməmiş, eləcə də işçinin Əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə o cümlədən 72-ci maddəsinə əsasən işdən azad olunması qeyd edilsə də, işçinin hansı əmək funksiyasını və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş, eləcə də işçinin 72-ci maddənin hansı bəndi ilə işdən azad olunmalı olması göstərilməmişdir. İşəgötürən işçinin 72-ci maddədə nəzərdə tutulmuş 8 bənddən hansına əsasən işdən azad etməsini əmrdə əsaslandırmamışdır. Həmçinin işəgötürən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə istinad etməmişdir. Şərh olunanlardan göründüyü kimi işəgötürən işçinin işdən azad olunmasına dair əmri verən zaman Əmək məcəlləsinin 84-cü maddəsinin tələblərini təkrar-təkrar pozmuşdur. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan cavbadeh idarənin xx.xx.2023-cü il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv edilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh idarənin işçilərin iddiaçının işlədiyi mağazanın müdir müavini Roman Şirinov, mağaza müdir müavini Sevinc Qeybullayeva və mağaza müdiri Sevinc Ələkbərova tərəfindən müxtəlif vaxtlarda İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməməsi barədə aktlar tərtib olunmuşdur. Belə ki, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi barədə aktlar tərtib olunaraq, onun intizam pozuntusuna yol verdiyi qeyd olunmuşdur. Məhkəmə qeyd olunan sənədlərə münasibətdə göstərir ki, Əmək müqaviləsinin pozulmasına dair əmrdə həmin sənədlərə istinad olunmadığından, işçinin məhz həmin intizam pozuntusuna yol verdiyi qeyd olunmadığından həmin sənədləri əsas kimi qəbul etmir. Belə ki, əmrin məzmunundan işçinin həmin intizam pozuntusuna görə işdən azad olunması görünmür. Eləcə də işçinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə işdə olması yəni idarənin daxili qaydalarına uyğun olaraq həmin tarixlərdə işə gəlməsinin BİZM238S aparatındakı barmaq izlərinin vatsap qrupuna göndərilməsi qeydiyatları ilə təstiq olunduğundan, cavabdeh idarənin işçiləri tərəfindən tərtib olunmuş aktları məhkəmə həqiqətə uyğun hesab etmir. İddiaçı aktlaın tərtib olunduğu dövrlərdə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə işə buraxılmaması barədə zəng edərək bildirməsi, həmçinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə X3 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etməsi, həmçinin BM marketlər şəbəkəsinin rəhbər vəzifəli şəxsi olan Ali Koç adlı şəxslə xx.xx.2023-cü ildə telefonla danışan zaman onun işə çıxamasına razılıq verilməməsi bir daha təstiq edir ki, müdriyyət onu qəsdən işə buraxmamış və bu vəziyyəti ört basdır etmək üçün işçinin işə gəlməməsi barədə həqiqətə uyğun gəlməyən aktlar tərtib etmişdir. İşdən göründüyü kimi cavabdeh idarə sonuncu dəfə xx.xx.2023-cü ildə işçinin intizam pozuntusuna yol verməsini sənədləşdirmiş həmin tarixdən sonra heç bir sənədləşdirmə aparmamışdır. Belə olduğu halda da, müdiriyyət əmək qanunvericiliyinin tələblərini pozmuş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin əmək intizamını pozması barədə tərtib olunmuş sonuncu xx.xx.2023-cü il tarixli aktın tərtib olunmasından 1 ay 5 gün sonra işçiyə intizam tənbehi verilmiş, bu halda da işəgötürən intizam tənbehinin verilməsi qaydasını pozmuşdur. Şərh olunanlardan göründüyü kimi işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı aylıq əmək haqqı 370 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilmiş yuxarda göstərilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azd etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, cavabdeh idarənin əmri iləğ edilməli, İddiaçı Cavabdeh MMCdə şirniyat şöbəsində satıcı vəzifəsinə işə bərpa olunmalı, işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Ödənilmiş 50 manat mediyasiya xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 238 K nömrəli Əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də şirniyat şöbəsində satıcı vəzifəsinə işə bərpa edilsin. İşdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Ödənilmiş 50 manat mediyasiya xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar