Məhkəmə qərarları › İş №2(008)-7367/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7367/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7367/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «Formes.Group.az” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «Formes.Group.az” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən icarə müqaviləsi üzrə yaranmış 3800 manat borcun, borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 190 manat pulun, ümumilikdə 3990 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə notarial qaydada icarə müqaviləsi imzalanmış, iddiaçıların xüsusi mülkiyyətlərində olan və paylı mülkiyyət ilə onlara məxsus olan 201,5 kv.metr, 4 otaqlı obyekt və 0,03 ha torpaq sahəsi Cavabdehnə icarəyə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışlardan da göründüyü kimi, icarə müqaviləsi üzrə ödənilməli olan 300,00 manat icarə haqqı yalnız 2020-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilmiş, həmin ödənişlərdə də yubadılmalar olmuşdur. Həmin icarə müqaviləsinə tərəflər arasında qarşılıqlı razılıq əsasında notarial qaydada 21.08.2021- ci il tarixdə bağlanmış müqavilə əsasında xitam verilmiş, icarə obyekti cavabdeh tərəfindən onlara təhvil verilmişdir. Lakin icarə müqaviləsi üzrə qalıq borclar, yəni 12 ay 20 gün *300 manat = 3800 manat (2020-ci ilin iyul ayından 2021 -ci ilin avqust ayına qədər olan dövr üzrə) bu günədək onlara cavabdeh tərəfindən ödənilməmiş, müxtəlif bəhanələrlə həmin ödənişlərdən yayınılmışdır. Cavabdehə ünvanladıqları pretenziya məktubu ilə də mübahisə öz həllini tapmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, tərəflər arasında müqaviləyə xitam verilməsinə baxmayaraq müqavilə ləğv edildiyi dövrə qədər həmin icarə obyekti cavabdehin sahibliyi və istifadəsində olmuş, həmin obyektdən istifadə edilmiş, buna baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəlikləri tam icra etməyərək icarə haqlarını tam ödəməməklə onlara ziyan vurmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən həmin vəsaitin vaxtında ödənilməməsi səbəbindən onlara dəymiş ziyan (əldə çıxmış fayda) da ödənilməlidir. Bu səbəbdən cavabdehdən həm də borcun vaxtında ödənilməməsinə görə illik 5% olmaqla 1 ilə görə hesablanmış 190 manat (3800 manat*5/100) da tutularaq onlara ödənilməlidir. İddiaçı1 Füzuli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı3 Füzuli qızının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və digər iddiaçıların nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 21.12.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı3, Maniyen Nüsrətulla oğlu, İddiaçı2 onlara məxsus olan ünvan ünvanda yerləşən 201.5 kv/m, yaşayış sahəsi 112.2 kv/m, yardımçı sahə 89.3 kv/m olan 4 otaqlı bağ evinin və 0.03 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus torpaq sahəsini aylıq 300 manat məbləğində – icarəçi Cavabdeh MMC-yə icarəyə vermişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan bağ evi İddiaçı1 1/3 hissə olaraq xüsusi mülkiyyətindədir, digər hər birinin payı 1/3 hissə olmaqla payçılar İddiaçı2 və X2r. - Ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, dövr üzrə -1373.75 manat məxaric, 1,376 manat mədaxil olunmuşdur. - 21.12.2019-cu il tarixli, 3M-1260 reyestr nömrəli icarə müqaviləsinin ləğvinə dair yeni müqavilədən görünür ki, tərəflərin razılığına əsasən icarəyə verənlərə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsi 219 saylı bağ evi və 0.03 ha torpaq sahəsinə dair bağlanmış 21.12.2019-cu il tarixli, 3M-1260 reyestrli icarə müqaviləsi, 21.08.2021-ci il tarixdən ləğv olunmuş və müqavilədə qeyd edilmşdir ki, tərəflər gələcəkdə bir-birinə qarşı heç bir maddi, mənəvi tələblər irəli sürməyəcəklər və məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət etməcəklər. - İcarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, icarə müqaviləsi üzrə yaranmış 3800 manat borcun, borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 190 manat pulun, ümumilikdə 3990 manat pul vəsaitinin onalara 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. İş materialarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 447.5-ci maddəsini tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin hallarından məlum olur ki, iddiaçılar ila Cavabdeh MMC arasında 21.12.2019-cu il tarixində icarə müqaviləsi bağlanmış, iddiaçılar yəni icarəyə verənlər xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakı icarəçiyə aylıq 300 manat ödənilmək şərti ilə icarəyə vermişdirlər. 21.08.2021-ci il tarixində tərəflərin qarşılıqlı razılığı əsasında icarə müqaviləsi ləğv edilmiş və müqavilədə göstrilmişdir ki, tərəflər gələcəkdə bir-birinə qarşı heç bir maddi, mənəvi tələblər irəli sürməyəcəklər və məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət etməcəklərdir. Hazırda iddiaçılar məhkəmə müraciət edərək, icarəyə götürən icra müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi lazımı qaydada icra etməyərək aylıq icarə haqqını ödəmədiyini bildirsələr də, icarə müqaviləsinin ləğvinə dair 21.08.2021-ci il tarixli yeni müqavilədən də görünür ki, tərəflərin gələcəkdə bir-birinə qarşı heç bir maddi, mənəvi tələblər irəli sürməyəcəklər və məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət etməcəklərinə dair iradə ifadələrindən göstərərək bildirmişlərdir ki, icarə müqaviləsi ləğv edildiyi tarixdə tərəflərin birinin digərinə qarşı yerinə yetirilməmiş öhdəliyi qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 21.12.2019-cu il tarixdə icarə müqaviləsinin ləğvinə dair yeni müqavilədən də göründüyü kimi müqavilənin ləğv edildiyi tarixdə tərəflərin bir-birinə qarşı icarə müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmadığından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «Formes.Group.az” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar