Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-737/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 26 ünvanındakı mənzilə olan yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 26 ünvanındakı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, mənzil 26 hazırda onun mülkiyyətindədir. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışına əsasən xx.xx.2012-ci il tarixdə onun adına tam mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. Cavabdeh 1996-1997-ci illərdə evdən birdəfəlik köçüb getmişdir. Hazırda yerini bilmədiyi tamamilə başqa ünvanda yaşayır. Cavabdeh 20 ildən artıqdır bu mənzildə yaşamamasına baxmayaraq mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Hazırda mənzildə cavabdehə məxsus əmlak yoxdur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır və onun qeydiyyatda olduğuna görə onun tərəfindən əlavə xərclər çəkilir. Cavabdehlə olan rəsmi nikahları da Sabunçu rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, mənzil 26 (sonradan - mübahisəli mənzil) İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır (47 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış). Cavabdeh 1997-ci ildən mübahisəli mənzildə yaşaması barədə iddiaçının qonşuları tərəfindən akt tərtib olunmuşdur (xx.xx.2020-ci il tarixdə tərtib olunmuş AKT). Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə göndərilən məlumatdan cavabdehin xx.xx.2009-cu il tarixdə ölkədən çıxdığı və bir daha qayıtmadığı görünür. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli mənzilə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması yalnız formal xarakter daşıyır. Bu əsasdan onun istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 26 saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 26 saylı mənzilə istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-737/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-737/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver