Məhkəmə qərarları › İş №2(008)-737/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-737/2022

27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-737/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X4, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qeyd edilməklə uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək övladları X2 17.01.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, doğum qeydində ata qrafasında Ərizəçi1, ana qrafasında Ərizəçi2 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər 2012-ci ilin dekabr ayında faktiki nikaha girməklə ailə qurmuşdular. 17.01.2013-cü il tarixdə qızları Xədicə doğulmuşdur. Ərizəçi doğum evinə gedə bilmədiyindən uşağı yaşadığı evdə dünyaya gətirmişdir. Xədicə 07.02.2013-cü ildən 7 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasına ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qızları Xədicə ilə birlikdə gəlmişdilər. Onlar məhkəməyə izahat verərək qeyd etdilər ki, Xədicə onların qızıdır. Özlərinin də sənədi olmadığından nikah bağlamayıblar. Xədicənin sənədi alındıqdan sonra rəsmi nikaha da girəcəklər. Xədicə ərizəçilərin onun valideynləri olduğunu, özünün 9 yaşı olduğunu, məktəbə getmədiyini məhkəməyə bildirdi. İş üzrə ifadə verən şahid X6 qeyd etdi ki, o, Ümidli Gələcək Sosial X1 əməkdaşıdır. Ərizəçilərin çox yoxsul şəraitdə yaşamaları, qızları Xədicənin məktəbə getməməsi barədə qonşuları tərəfindən Birliyin qaynar xəttinə zəng daxil olmuşdur. Onlar ərizəçilərin yaşadığı evə getmiş və həqiqətən də Xədicənin doğum haqqında şəhadətnaməsinin olmamasını, bu səbəbdən uşağın məktəbə getməməsini, hətta valideynlərinin sənədlərinin olmamasını müəyyən etmişdilər. Əvvəlcə valideynlərin sənədlərinin alınmasına tərəflərindən köməklik göstərilmiş, sonra isə hazırki iş üzrə sənədlər toplanmış, iddia ərizəsi yazılmışdır. İş üzrə ifadə verən şahid X5 qeyd etdi ki, o, ərizəçilərin qonşusudur. Ərizəçilər həmin ünvana uşaq sox balaca olanda köçmüşdülər. Uşaq sənədi olmadığından məktəbə getmir. Ərizəçilər heç bir yerdə işləmirlər, kənddə sakinlərə bəzən həyət-bacada xidmət göstərirlər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******** №-li və AA******* №-li şəxsiyyət vəsiqəlrindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il və Ərizəçi2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdular, ünvan 1 ünvanında qeydiyyatdadılar. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxs 7 №-li Birləşmiş şəhər Xəstəxanası tərəfindən Ümidli Gələcək Sosial X3 ünvanlanmış 13.08.2021-ci il tarixli, 464 №-li məktubdan görünür ki, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 3, ev 3 A ünvanında yaşayan 17.01.2013-cü il təvəllüdlü X7 07.02.2013-cü ildən 7 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən həmin Birliyə ünvanlanmış 01.10.2021-ci il tarixli məktubdan görünür ki, uşağın doğumunun qeydə alınması üçün tibb müəssisəsinin sənədi təqdim edilməlidir. Hazırda ərizəçilər uşaqlarının doğum faktının müəyyən edilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi doğum haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Göründüyü kimi, 9 yaşında uşaq sənədi olmadığından təhsil almaq hüququndan məhrum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. X2 17.01.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin, doğum qeydində ata qrafasında Ərizəçi1, ana qrafasında Ərizəçi2 qeyd edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar