Məhkəmə qərarları › İş №2(008)-7382/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7382/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7382/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, ******* nömrəli akta əsasən 885,60 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 1620 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 1080 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 2073,60 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 2332,80 manat, ümumilikdə isə dəymiş zərər kimi müəyyən olunan 8726,40 manat borcun **********40000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Həmin evə **********40000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etdi ki, onun adına olan **********40000 nömrəli abonent hesabında borc məbləğləri yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən, xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən ona aydın oldu ki, guya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkiləri müəyyən edilərək onun hesabına ümumilikdə 8726,40 manat dəymiş zərər məbləği yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən aktlarla razı deyildir. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, aktlar tərtib etmişlər. Qeyd edilənlərə əsasən hesab edir ki, borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla əsasən 2332.80 manat dəymiş zərərin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və 2332.80 manat hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və bildirdi ki, hazırda abonentin saldosuna əsasən iddiaçının akt üzrə hesablanmış 2332.80 manat borcundan əlavə, 1111.65 debitor borcu olmaqla, cəmi 3444.45 manat borcu ödənilməmiş qalmaqdadır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023 il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2023 il tarixli ******* saylı akt əsasında 2332.80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna hesablanmış 6393.60 manat məbləğində cərimə borcunun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2240/2024 nömrəli mülki iş üzrə 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2687/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2240/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirlimədən saxlanılmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Buna görə cavabdeh, iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2332.80 manat vurulmuş ziyan tələb edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi ilə bağlı aktlar tərtib edərək, iddiaçının abunə koduna borc hesablamış, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2332.80 manat vurulmuş ziyanın da İddiaçı aid edilməsi əsassızdır. Məhkəmə, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2332.80 manat borcun silinməsi hissəsində iddia tələbini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2332.80 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, Cavabdehndən 43.32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abunə koduna xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2332.80 manat məbləğində borc silinsin. Cavabdehndən 43.32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar