Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-749/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona 2020-ci ilin aprel ayından hesablanmaqla aylıq əmək haqqının 60 %-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ilin noyabr ayından bəri Cavabdeh ASC-də tornaçı vəzifəsində çalışır. xx.xx.1988-ci il tarixdə Cavabdeh ASC-də çalışan zaman iş yerində istehsalat qəzası nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 60 % itirmiş və ona ömürlük İİİ (üçüncü) dərəcə əlillik təyin edilmişdir. 2020-ci ilin aprel ayında cavabdeh ASC-də əmək haqlarının artırılmasına baxmayaraq, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilməli olan ödəncin məbləği artırılmamışdır. Belə ki, hazırda ona ödənilən aylıq əmək haqqının, yəni 585 manatın 60%i məbləğində, yəni 351 manat aylıq ödənc ödənilməli olduğu halda, ona aylıq 184 manat ödənc ödənilir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nin X4 Xidmətinin Bakı şəhər idarəsinə şikayətlə müraciət etmiş, müraciətinə cavab olaraq, AR ƏƏSM-in X4 Xidmətinin Bakı şəhər idarəsindən aldığı **********4 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh ASC-nin vəzifəli şəxsi barəsində AR İXM-in 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, bu günədək cavabdeh ASC tərəfindən ona müvafiq ödəncin ödənilməsi həyata keçirilmir. Hesab edir ki, bu hal əmək qanunvericiliyinin və əmək hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də pozulmuş hüquqları bərpa edilməli, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin verilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Cavabdeh ASC iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsi hər iki tələb üzrə əsassız olduğu ücün rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.1991-ci il tarixdən işdə əmək xəsarəti aldığına görə HƏEK-nin arayışına əsasən əmək qabiliyyətinin 60 %-ni itirmiş və buna görə ömürlük ödənc təyin edilmişdir. İddiaçı xəsarət aldığı müddətdə çalışdığı peşə burğuçu-tornaçı olmuşdur. Eyni zamanda, iddiaçı hal-hazırda Cavabdeh ASC-də tornaçı işləyir, əmək qabiliyyətini 60 %-ni itirməsinə baxmayaraq zavod tərəfindən ona tam əmək haqqı verilir. İddiaçı xx.xx.2018-ci ildə X4 xidmətinə 2016-2018-ci il illər üzrə əmək xəsarətinə görə Ödəncin düzgün hesablanmadığı barədə şikayət ərizəsi ilə müraciət etmişdir. 1 saylı Region üzrə X4 tərəfindən iddiaçının ərizəsinə əsasən 2016-xx.xx.2018-ci il tarixə iddiaçının iştirakı ilə araşdırma aparılmış və əmək xəsarətinə görə ödənc müfəttişlik tərəfindən yenidən hesablanmışdır. İddiaçıya əmək xəsarətinə görə ödənc 149 manat müəyyən edilmiş və 2016-2018-ci illər üzrə əlavə olan 1157,65 ödənc hesablanaraq iddiaçının bank hesabına ödənilmişdir. İddiaçı Müfəttişlik tərəfindən müəyyən edilən 149 manat ödənişə etirazı olmadığını müfəttişliyə yazdığı izahatda bildirmişdir. xx.xx.2020-ci ildə əmək haqqlarının kütləvi artımı zamanı iddiaçının ödənci artırılaraq 184 manat olmuşdur. İddiaçı xx.xx.2022-ci ildə yenidən X4 Xidməti Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. X4 Xidməti Bakı şəhər idarəsinə müvafiq sənədlər təqdim edilməsinə baxmayaraq 1 saylı Region üzrə X4 tərəfindən aparılmış araşdırma nəzərə alınmayıb və xx.xx.2022-ci ildə İnzabati xəta haqqında MN ******* saylı protokol tərtib edilərək xx.xx.2022-ci ildə MN1290939 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək İdarə heyətinin sədrinə 1200 manat cərimə tədbiq edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (008)5079/2022 saylı qərarı ilə Cavabdeh ASC-nin şikayətinin təmin edilməsi, Cavabdeh ASC-nin sədri X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati material üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsində yazdıqları barədə dəlilləri tamamilə əsassızdır. İddiaçı iddia ərizəsində göstərilənləri hər hansı sübutlarla təsdiq edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən, iddia ərizəsinin tamamilə əsassız olduğu ücün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000205 saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh ASC-də mexaniki yığma sexində tornaçı işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 585.00 manat təşkil edir. Müqavilə qüvvədədir; - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000206 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən "xxxx" ASC-də mexaniki yığma sexində köməkçi fəhlə işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 345.00 manat təşkil edir. Müqavilə qüvvədədir; - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000207 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən "xxxx" ASC-də mexaniki yığma sexində köməkçi fəhlə işinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 380.00 manat təşkil edir. Müqavilə qüvvədədir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin, İddiaçı ünvanladığı **********4 saylı xx.xx.2022-ci il tarixli məktubunda 2020-ci ilin aprel ayında müəssisədə əmək haqqları artırılmasına baxmayaraq ona ödənilməli olan zərərə görə ödəncin əmək qanunvericiliyinin tələbləri pozularaq düzgün hesablanıb ödənilmədiyi göstərilir; - Cavabdeh ASC-nin əmək haqqı hesablama cədvəlindən çıxarışdan görünür ki, İddiaçı aylıq əmək haqqı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 585.00 manat müəyyən edilmişdir; - Cavabdeh ASC-nin əmək haqqı hesablama cədvəlindən çıxarışdan görünür ki, İddiaçı aylıq əmək haqqı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 585.00 manat müəyyən edilmişdir; - Cavabdeh ASC-nin əmək haqqı hesablama cədvəlindən çıxarışdan görünür ki, İddiaçı aylıq əmək haqqısı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 585.00 manat müəyyən edilmişdir; - Cavabdeh ASC-nin 178 saylı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, əmək xəsarətinə görə İddiaçı 2020-ci ilin aprel-2022-ci ilin avqust aylarını əhatə edən dövr üzrə hər ay 184.00 manat ödənc verilmişdir; - Cavabdeh ASC-nin 11 saylı xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən müəssisə üzrə əmək haqlarının 10% artırılması ilə əlaqədar olaraq, əmək xəsarətinə görə İddiaçı ödənilən ödəncin miqdarı xx.xx.2023-cü il tarixdən 10% artırılaraq 203 manat müəyyən edilmişdir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/6-5045 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ASC əsas mediasiya sessiyasını keçirməkdən imtina etmişlər; - Məhkəmə-mühasibatlıq ekspertizasının 9/3616 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə, İddiaçı 2020-ci ilin aprel ayından indiyədək "xxxx" ASC-də əmək müqaviləsinə əsasında tornaçı vəzifəsində işlədiyi müddətdə istehsalatda aldığı əmək xəsarəti nəticəsində ödənilən aylıq ödənclər üzrə əlavə hesablanmalı məbləğin 6847,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Ekspert hesablamanı 2023-cü ilin 8 ayı daxil olmaqla aparmışdır. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin şikayətinin təmin edilməsi, "xxxx" ASC-nin sədri X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati material üzrə icraata xitam verilməsi qərara alınmışdır; -Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3083/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, "xxxx" ASC-nin sədri X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş, "xxxx" ASC-nin sədri X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdə cavabdeh müəssisədə işdə əmək xəsarəti aldığına görə əmək qabiliyyətinin 60 %-ni itirmiş və ona aylıq ödənc təyin edilmişdir. xx.xx.1991-ci il tarixdən isə ödənc ömürlük təyin edilmişdir. İddiaçının xəsarət aldığı müddətdə çalışdığı peşə 2-ci dərəcəli burğuçu-tornaçı olmuş, hazırda fəhlə köməkçisi işləyir. İddiaçının tornaçı olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqı 585.00 manat, həmin tarixdən sonra 345.00 manat olsa da, cavabdeh tərəfindən ona hər ay 184.00 manat, xx.xx.2023-cü il tarixdən 203 manat ödənc verilmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya verilən ödəncin məbləği yalnız kütləvi artım zamanı artırıla bilərdi və xx.xx.2023-cü il tarixdən 10 faiz kütləvi artım olduğuna görə, 184 manatın ödənc də 10 faiz artıtılaraq 203 olmuş və bu şəkildə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Həmin Məcəllənin 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, aylıq ödəncin miqdarı cavabdeh müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilməklə ödənməli olduğundan, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə iddiaçıya 2020-ci ilin aprel ayından hər ay 351 manat hesablanmaqla aylıq əmək haqqının 60 %-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza zamanı mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert əmək qabiliyyətinin 60%-ni itirmiş iddiaçıya aylıq ödənclərin az hesablandığını, 2020-ci ilin aprel ayından indiyədək olan dövr üzrə hesablanmamış ödəncin məbləğinin 6847,00 manat olduğunu müəyyən etmişdir. Məhkəmə 9/3616 saylı xx.xx.2023-cü il tarixli rəyilə qismən razılaşmır. Bеlə ki, cavabdеh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya 203 manat ödənc versə də, rəyi vеrən еkspеrt ödənilməmiş ödənc fərqinin miqdarını müəyyən еdərkən həmin halı nəzərə almamış, bütün mübahisəli dövr üzrə ödəncin aylıq məbləğinin 184.00 manatdan hеsab еtmiş, bununla da iddiaçıya ödəncin 2020-ci ilin aprel ayından indiyədək olan dövr üzrə 6847,00 manat az hesablandığı barədə işin hallarına tam uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, ödənilməmiş ödənc fərqinin miqdarı müəyyən еdilərkən cavabdеhin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya ödədiyi ödəncin miqdarı nəzərə alınmalı, həmin məbləğ ödənilməmiş ödənc fərqinin еkspеrt tərəfindən müəyyən еdilmiş miqdarından çıxılaraq, mübahisəli dövr üzrə hesablanmalı olan ödəncin məbləği 6714,00 manat müəyyən edilməli və həmin məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmçinin, məhkəmə onu da vurğulamaq istəyir ki, iddia tələbində konkret hansı məbləğdə pul tələb olunması qeyd olunmasa da, ərizənin “xahiş edirəm” hissəsində ziyanın hesablanaraq ödənilməsi məhkəmədən xahiş edilmişdir. Ona görə də, həmin məbləğin hesablanaraq göstərilməsi iddiaçının tələbinin tam təmin olunması kimi qəbul olunmalı, iddia tələbindən kənara çıxılması kimi hesab edilməməlidir. Çünki, iddiaçı ona ödənilməli ödəncin hansı qaydada həyata keçirildiyini əvvəlcədən bilə bilməzdi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumunun miqdarı müəyyən edilərkən 2020-ci ilin aprel ayından xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqının 60 %-i miqdarında aylıq ödəncin az ödənilmiş 6714,00 manat iddia qiyməti olaraq qəbul edilməli, iddia təmin edildiyindən, eləcə də iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ekspertə verilməli olan məbləğ və 87,14 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İstehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə İddiaçı 2020-ci ilin aprel ayından (xx.xx.2023-cü il tarixədək hər ay 351 manat olmaqla cəmi 6714 manat) hesablanmaqla aylıq əmək haqqının 60 %-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Cavabdeh ASC-dən 150 manat ekspert xərci tutularaq, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SWİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Cavabdeh ASC-dən 87,14 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-749/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-749/2023
15.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver