Məhkəmə qərarları › İş №2(008)-75/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-75/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-75/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh «X3 və Avtomatika» MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «X3 və Avtomatika» MMC-yə qarşı “sosial müdafiə fonduna köçürülməmiş məbləğin köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «X3 və Avtomatika» MMC-nə qarşı “sosial müdafiə fonduna köçürülməmiş məbləğin köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin sosial müdafiə fondunun köçürülməmiş məbləğin köçürülməsi və təqaüdünə artımın dəqiqləşdirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1942-ci il təvəllüdlü, 3 uşaq atası, ali təhsilli, Azərbaycan Respublikasının ixtiraçısı, 34 ixtiranın və çoxlu taleyüklü səmərə göstərilən cavabdeh tərəfindən təqaüdə artımın hesablanmasına əsas verən sığorta kapitalını dövlət sosial müdafiə fonduna qanuna uyğun şəkildə aldığı əmək haqqına uyğun şəkildə köçürməmişdir. Bu haqda işdən çıxandan sonra bilmişdir. 19 may 2010-cu ildən 29 sentyabr 2017-ci ilə kimi həmin MMC-də işləmişdir. İşdən çıxandan sonra Bakı şəhəri Nərimanov rayonunun Sosial Müdafiə Fonduna müraciət etmişdir ki, yığılmış sığorta kapitalına uyğun olaraq təqaüdünə artım hesablasınlar. Həmin müraciət əsasında təqaüdü 172 manat civarında artırıldı. Hesabatla maraqlananda iki səhv aşkarlamışdır. 2017-ci ilin sığorta kapitalı uçota salınmamışdır. İradəni qeydsiz və şərtsiz qəbul edərək düzəliş etməyə söz vermişlər, düzəliş icraatdadır. İkinci səhv o idi ki, cavabdehin dövlət sosial müdafiə fonduna köçürlümüş kapital təxminən 65 % azdır. İşlədiyi dövrdə 88000 (səksən səkkiz min) AZN məbləğində məvacib almışdır. Buna uyğun hesablanmış maaş 144588 manat civarında olmalı, yəni həmin maaşdan 25 % sosial sığorta fonduna 14 % dövlət vergisi kimi tutularaq 88000 (səksən səkkiz min) manat məvacib verilməli idi. Göstərilən məvacibdən tutulan 25 % sığorta fondu keçirilən məbləğ 36147 manat olaraq, dövlət sosial sığorta fonduna köçürlüməli idi. Fəqət faktiki köçürülmüş məbləğ 12417 manat təşkil etmişdir ki, bu köçürmə borclu olduğu məbləğin 34.5 %-ni təşkil edir, beləliklə 23665 manat hesabatdır. İncə dəqiq hesabat aparılması üçün materiallara girişin olmadığı üçün göstərilən rəqəmlər audit ekspertizası vasitəsi ilə dəqiqləşdirilmişdir ki, bu ancaq məhkəmə sorğusu əsasında baş tuta bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «X3 və Avtomatika» MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehin yazılı məhkəmə çıxışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-ə əmək haqqı ştat cədvəlində müvafiq ödənilməklə 5 nömrəli xidmət sahəsinə mühəndis-sazlayıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin dövr ərzində İddiaçı ilə iki əmək müqaviləsi bağlanmışdır. Birinci, yəni xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı hər ay 240 manat məbləğində vəzifə maaşı təyin olunmuşdur. İkinci, yəni X4 Cəmiyyətindən Məhdud Məsuliyyətli Müəssisəsi çeviriləndən sonra, xx.xx.2011-ci il tarixdə yenilənmiş əmək müqaviləsinə əsasən iddiaçıya 644.41 manat vəzifə maaşı təyin edilmişdir. 2016-cı il trixdə həmin Əmək müqaviləsinə dəyişiklik edilərək İddiaçı xidmət sahəsi 1 nömrəli x/s dəyişdirilmişdir. Qeyd edir ki, A.Ağmətovun hər aylıq əmək haqqı onun işlədiyi saat hesabına əsasən formalaşırdı. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 Avqust 2002-ci il tarixli, 137 saylı “Əmək şəraiti ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödəbilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqında Qərarına əsasən İddiaçı işin xarakteristikasından asılı olaraq dənizdə keçirtdiyi iş saatları dəniz əmsalına vurulmaqla formalaşdı. Buna əsasən də işçilərin hər ay aldığı əmək haqqı individual olaraq hesablanırdı, yəni standart bir məbləğ deyildir. 26 may 2017-ci il tarixli, 77 a saylı Əmrə əsasən “X3 və Avtomatika” MMC yeni əməyin ödənilməsi sisteminə keçmişdir və buna əsasən xx.xx.2017-ci il tarixdən İddiaçı vəzifə maaşı artırılmış və 1420 manat təşkil etmişdir. Bugünki gündə İddiaçı "xxxx" MMC-yə qarşı təqaüdə artımın səhv hesablanması tələbinə dair iddia ərizəsi versə də, qeyd etmək zəruridir ki, Şirkət təqaüdün hesabnlanmasına dair heç bir səlahiyyətə malik deyildir və bu DSMF müstəsna səlahiyyətindədir. Lakin iddiaçının iddia ərizəsinin məzmunundan və məhkmədəki çıxışından belə başa düşür ki, o iddia edir ki, şirkət ona əmək haqqı kimi hesablanan maaşdan sosial sığorta ödənişlərini düzgün aparmamışdır. İddiaçının bu iddiası ilə razı deyillər və bununla bağlı qeyd edir ki, İddiaçı özü şəxsən “X3 və Avtomatika” MMC ilə əmək müqaviləsi bağlanmış və bağlanmış əmək müqaviləsindəki məbləğə, işlədiyi saat hesabına və dənizdə olduğu müddətdə dəniz əmsalına uyğun olaraqona əmək haqqı hesablanmışdır. Hesablanmış əmək haqqısından Şirkət hər ay 14 % gəlir vergisi, 3 % sosial sığorta ödənişi, 1 % həmkarlar ittifaqına dair tutmalar çıxıldıqdan sonra işçi net maaşını alırdı. Bundan əlavə İşəgötürən Şirkət hesablanmış əmək haqqının 22 % miqdarında Əmək Fonduna özü ödənişlər edir. Bu ödənişlərə dair B 3 adlanan və DSMF təqdim olunan sənədləri məhkəməyə təqdim edir, 2017-ci ildən bu sənədlər artıq elektron formada işləndiyindən elektron hökümət portalından çıxarışlar da etmək olar. Şirkət hər ay bütün işçilərin sosial sığorta ödənişlərinə dair DSMF ödəniş tapşırıqları əsasında ödəmə həyata keçirir, bu illik hesabat üzrə 25 % aşağı ola bilməz, belə olsaydı Şirkəti maliyyə sanksiyası gözləyirdi. İşəgötürən işçilərə hesablanmış əməyin ödənişi fondunun öz hesabına 22 faizi miqdarında, əmək müqaviləsi üzrə işləyən işçilərin aylıq əmək haqqından isə 3 faizi miqdarında məcburi sosial sığorta ayırmalarını hesablayaraq tutmalıdır. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. "xxxx" MMC tərəfindən İddiaçı barəsində 2010-cu ilin may 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində verilmiş əmək haqında dair Arayışdan görmək olar ki, işçinin Gross maaşı nə qədər təşkil etmiş, 14 % gəlir vergisi, 3 % məcburi sosial sığorta ödənişi, 1 % həmkarlar ittifqına ödənilən məbləğlər çıxıldıqdan sonra İşçinin Net maaşı nə qədər təşkil etmişdir.Şirkət tərəfindən işçiyə hər ay hesablanmış əmək haqından 25 % məbləğində DSMF ödənişlər həyata keçirilmiş, heç bir yayınmaya, səhv hesablanmaya yol verilməmişdir. Bununla bağlı DSMF tərəfindən mütəxəssis də cəlb edib onun fikrini də dinləmək olar.Ona görə də iddiaçının iddiası əsassız oldğundan rədd olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2010-cu il üçün əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 1102.17 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2011-ci il üçün əmək haqqından, ödənilmiş m.d.s.snin məbləği 1875.30 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2012-ci il üçün olan əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 2234.72 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2013-cü il üçün olan əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 1572.23 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2014-cü il üçün olan əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 1894.17 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki İddiaçı 2015-cü il üçün olan əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 1156.06 manat olmuşdur. Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2016-cü il üçün olan əmək haqqından, ödənilmiş m.d.s.s-nin məbləği 1182.50 manat olmuşdur. xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də İddiaçı məxsus olan hesabın çıxarışdan görünür ki, dövr üzrə 20053.03 manat mədaxil olunubdur. Rabitəbank ASC-də İddiaçı məxsus olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 21260.74 manat istifadə edilmişdir. Rabitəbank ASC-də İddiaçı məxsus olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 20787 manat istifadə edilmişdir. Cavabdeh X3 və Avtomatika MMC tərəfindən verilmiş İddiaçı 2010-cu il dövründən 2017-ci il dövrünə qədər əmək haqqısından hesablama və tutulmalar haqqında arayışdan görünür ki, iddiaçının qeyd edilən tarixlərdə əmək haqqından 14 faiz gəlir vergisi, 3 faiz SMF və 1 faiz Həmkərlar İttifaqına olan tutmalar hesablanmaqla 2010-cu il üçün 710.90 manat, 2011-ci il üçün 1466.88 manat, 2012-ci il üçün 1834.96 manat, 2013-cü il üçün 1162.72 manat, 2014-cü il üçün 1251.73 manat, 2015-ci il üçün 857.61 manat, 2016-cı il üçün 575.64 manat, 2017-ci il üçün 9470.06 manat tutulmalar olmuşdur. "xxxx"ASC-nin 21/k nömrəli xx.xx.2010-cu il tarixli əmrdən görünür ki, İddiaçı əmək haqqı ştat cədvəlinə müvafiq ödənilməklə 5 nömrəli xidmət sahəsinə (dəniz) mühəndissazlayıcı vəzifəsinə qəbul edilmişdir. X3 və Avtomatika” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 5 nömrəli xidmət sahəsinə (dəniz) mühəndis- sazlayıcı vəzifəsinə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqı 240 manat olmuşdur. 47 nömrəli Əmək Müqaviləsindən görünür ki, “X3 və Avtomatika” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 5 nömrəli xidmət sahəsinə (dəniz) mühəndis- sazlayıcı vəzifəsinə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqı 644.41 manat olmuşdur. X1 görünür ki, İddiaçı əmək haqının məbləği 1420 manatdır. 1 saylı Xidmət Sahəsi İddiaçı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, onu öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. "xxxx"ASC-nin 43/k nömrəli xx.xx.2017-ci il tarixli əmrdən görünür ki, xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5361 nömrəli, 26 noyabr 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi üçün zəruri olan Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisin iştirakı təmin edilmədiyindən, 2(008)- 6057/2019 nömrəli mülki iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyini haqqında qərardad icrasız geri qaytarılmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə,dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanınatəqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyatakeçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər birsığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edir və iddia tələblərini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdeh olan işəgötürənin ona ödənilmiş əmək haqqına uyğun olaraq tutulmuş olan siğorta kapitalının düzgün köçürülməməsini israr etsədə bunu təsdiq edə bilməmişdir. Yəni, təqdim edilən sənədlərdə cavabdehin qanunvericilik ilə üzərinə düşən vəzifələri qanunun tələbinə uyğun icra etməməsi halı aşkar edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 və Avtomatik MMC-yə qarşı “sosial müdafiə fonduna köçürülməmiş məbləğin köçürülməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar