Məhkəmə qərarları › İş №2(008)-759/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-759/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-759/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «cavabdehə kompensasiya məbləği ödənilməklə onun bağ evindən istifadə hüququna xitam verilməsi, cavabdehin azyaşlı övladı ilə birlikdə mənzildən çıxarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5400 manat məbləğində kompensasiya məbləği ödənilməklə onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evindən istifadə hüququna xitam verilməsi, həmçinin cavabdehin azyaşlı övladı X6 ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi yerləşən 335H saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Bunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış da təsdiq edir. Bir neçə il öncə tanışı X3 ona müraciət edərək evsiz qalması səbəbi ilə müvəqqəti yaşaması üçün mülkiyyətçisi olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evində yaşamasına icazə verməyini xahiş etmişdir. Uzun müddətdir tanış olduqları üçün buna icazə vermişdir. Müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Zöhrabov Xalid həmin evə bütün ailəsini, hətta gəlini Cavabdeh da köçürmüşdür. Daha sonra onlardan evi tərk etməsini tələb etmişdir. Zöhrabov Xalid bütün ailəsi ilə birlikdə evdən çıxsa da, onun gəlini, hazırkı mülki iş üzrə Cavabdeh bu günə kimi evi tərk etməmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, hətta Cavabdeh ilə X4 nikah münasibətləri pozulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onun xüsusi mülkiyyətində olan evdən çıxmır. Cavabdeh ona məxsus evdən çıxmayaraq mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradır. Dəfələrlə cavabdehdən ona məxsus evi boşaltmasını tələb etsə də, Cavabdeh buna məhəl qoymayaraq onun mülkiyyət hüququnu qanunsuz və əsasız şəkildə məhdudlaşdırmaqda davam edir. Hətta cavabdeh öz mülkiyyətinə girməyinə belə maneə yaradır. Onun cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4837/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi tərəfindən Cavabdeh övladı X6 ilə birlikdə yaşdığı mübahisəli mənzildən çıxarılmasına dair iddia tələbi Sabunçu Rayon Məhkəməsinin 2(008)-895/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-426/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərkən Cavabdeh övladı X6 ilə birlikdə keçmiş həyat yoldaşı X7 qarşı mənzilə köçürülmə tələbinin təmin olunması barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. O, həmin mübahisədən xəbərdar olmamışdır. İnsanlıq naminə mülkiyyətində olan evi qonşularına müvəqqəti yaşamaq üçün vermişdir. Lakin, hazırda onların keçmiş gəlini Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini əlində rəhbər tutaraq xüsusi mülkiyyətində olan, vərəsəlik qaydasına əldə etdiyi mənzilindən istifadəsinə maneə yaradır. Heç bir əsas olmadan cavabdehin “məznildən çıxarılmasına” dair iddia tələbi təmin olunmadığı üçün hazırda məcburi şəkildə cavabdehin “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli, 179 nömrəli rəyindəndə də göründüyü kimi mübahisəli mənzilin kirayə haqqı 180 manat təşkil edir. Buna görə də, cavabdehə 5.000 manat məbləğində kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini məqbul hesab edir. Cavabdeh və onun himayəsində bir azyaşlı övladı var. Onlar mübahisəli mənzilə köçürülərkən həmin mənzildə onun həyat yoldaşı, qayınanası və qayınatası da yaşamışdır. Yalnız o, tələb etdikdən sonra cavabdehdən başqa digər şəxslər evi tərk etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh eyni anda 3 otağı da istifadə edə bilməzdi. Qətnamə çıxarılarkən cavabdeh və azyaşlı övladının 3 deyil, 1 və 2 otaqlı mənzildə yaşaya biləcəyi nəzərə alınmalıdır. Cavabdeh və azyaşlı övladının 1 və ya 2 otaqlı mənzildə yaşaması məqsədəuyğundur. Həmçinin qətnamə çıxarılarkən onun 5000 manat məbləğində kompensasiya məbləğini heç bir qohumluq əlaqəsi olamayan, keçmiş qonşusunun keçmiş gəlininə vermək məcburiyyətində olduğu nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, adıçəkilən evə o, gəlin köçmüş, sonradan onun atası həmin evi böyütmüşdür, iddiaçını tanımır, iddiaçının atasının adına onları qonşu sahəsi olmuşdur, sonradan necəsə hazırki ev iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin evin real satış dəyəri 100 min manatdır. Ona 30 min manat verildiyi halda o, evdən çıxar. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh əri cavabdeh X8 qarşı iddiası təmin edilərək, Cavabdeh azyaşlı uşağı ilə ünvan 1 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir (qətnamə Apellasiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə dəyişdirlmədən saxlanılmış, sonunçu Ali Məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə dəyişdirlmədən saxlanılmışdır). İddiaçı Ali Məhkəmənin adıçəkilən qərarı qəbul edilənədək xx.xx.2018-ci il tarixdə həmin evi və altındakı torpa sahəsini özəlləşdirmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H №-li bağ evi ünvanında 96,2 kv metrdən ibarət olan ev (sonradan – mübahisəli ev) və 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********55-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018). İddiaçı bu barədə Ali Məhkəmyə məlumat verməmişdir. İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu əldə edən sonra Cavabdeh qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq, onun mübahisəli evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsini xahiş eimşdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh mübahisəli evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır). Həmin qətnamədə məhkəmə tərəfindən aşağıdakılar müəyyən olunmuşdur. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma iddiası hüquqdan sui-istifadə kimi qiymətləndirilmiş, belə ki, özbaşına tikili olan ev məlum olmayan səbəbdən iddiaçının adına qeydə alınmış, İddiaçı, Nuranənin keçmiş əri X5, onların qohumlarının hərəkətləri Nuranənin azyaşlı uşağı ilə evdən çıxarılmalarına yönəlmiş, bu isə Cavabdeh ilə azyaşlı uşağının hüquqlarını pozmaqla yanaşı, mənafeyinə də açıq-aşkar zidd olmuşdur. Apellyasiya instansiyası Məhkəməsi İddiaçı vicdanlı şəxs kimi mübahisəli evin həqiqi mülkiyyətçisi olmasını ümumiyyətlə inandırıcı hesab etməmişdir. Məhkəmə tərəfindən olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin ev səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqının müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli hesabata əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evinin və həmin evin səviyyəsində təmir olunmuş evlərin orta aylıq kirayə haqqının 150 manat olduğu müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddiasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hisəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrindəki müddəalarla əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, belə bir iddia qaldırmaq üçün iddiaçının mülkiyyət hüququ şübhə doğurmamalı, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Mülki Məcəllənin 140-cı maddəsində reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd edildiyi kimi, iddiaçının mülkiyyət hüququna qanuni qüvvəsini almış məhkəmə qətnamələrində şübhə ilə yanaşılmış, cavabdehin sahibliyi qanuni hesab edilmişdir. Həmin məhkəmə aktları ilə İddiaçı iddiası qeyd-şərtsiz rədd edilmiş, yəni kompensasiyanın ödənilməsi yolu ilə Cavabdeh evindən istifadə hüququna xitam verilməsi bir variant kimi müzakirə edilməmiş, iddiaçıya belə bir hüququnun olması izah edilməmiş, Nuranə həmin evə mülkiyyət hüququ qeydiyyata alınanadək köçürülmüş, həmin ev Nuranənin qanuni istifadə hüququ ilə yüklü edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh evdən istifadə hüququna xitam verilməsi yalnız onunla razılaşdırılmış qaydada mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar