Məhkəmə qərarları › İş №2(008)-771/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-771/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-771/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (kod **********00000) hesab koduna əsassız hesablanmış 2541.09 (iki min beş yüz qırx bir manat doqquz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanının qaz xətti üzərinə G-4 markalı 1702AZ**********16 zavod nömrəli qaz sayğacı quraşdırılmış və mərhum həyat yoldaşı X1 adına **********00000 saylı abonent kodu verilmişdir. Həyat yoldaşı X3 05 may 2009-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda qeyd olunan fərdi yaşayış evində o yaşayır. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 4654 saylı arayış verilmişdir. xx.xx.2018-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qaz xəttinin üzərində olan G-4 markalı 1102AQ**********9 saylı sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın plastmas borusunun əriməsi barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 1706.40 (min yeddi yüz altı manat qırx qəpik) manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt və 1706.40 manat dəymiş ziyan qanunsuz və əsassızdır. Belə ki, akt tərtib olan zaman onlara məlumat verilməmiş, həyat yoldaşı 05 may 2009-cu il tarixdə vəfat etməsinə baxmayaraq, cavabdeh tərəfindən akt tərtib olunarkən onun adı yazılmış və aktı iki nəfər imzalamışdır. Eyni zamanda, iddia müddəti 3 il olduğu halda cavabdeh iddia müddətini bitirmişdir. Bu faktla bağlı məhkəməyə müraciət olunmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 405 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə, cavabdeh tərəfindən hesab koduna 2541.09 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvana dair xx.xx.2018-ci il tarixdə sayğaca müdaxilə olunması ilə bağlı ******* saylı, xx.xx.2018-ci il tarixdə isə sayğacdan kənar qanunsuz qoşulma ilə bağlı ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2018-ci il tarixli akta əsasən 1706.40 manat, xx.xx.2018-ci il tarixli akta əsasən isə 405 manat, cəmi 2111.40 manat dəymiş ziyan məbləği hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi 2541.09 manatın qalan 429.69 manat hissəsi isə istehlakçı tərəfindən əvvəlki dövrlərdə sayğac vasitəsi ilə istifadə edilmiş təbii qazın dəyəridir. Qeyd olunanlardan məlum olur ki, iddiaçının iddia tələbi əsassızdır, ümumiyyətlə, iddiaçının mübahisələndirdiyi aktlar üzrə cəmi 2111.40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 360095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı X1 yaşadığı ünvanda quraşdırılmış sayğac çıxarılmışdır. Sayğacın çıxarılma səbəbi kimi dəyəri ödənilməmiş qaz həcmi, digər qeydlər hissəsində sayğacın çıxış boyun hissəsinin qaynaqla işlənməsi qeyd edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın klapanının işlək olmadığı, sayğacın çıxış yivli birləşməsinin ətrafında qaynaq şlakının olduğu, sayğacın çıxış plastmas borusunun əridiyi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rənginin fərqli olduğu aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan 15 mm rezin boru ilə istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, X1 yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1706.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan İİ-ЖГ seriyalı 357722 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı xx.xx.1980-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, həyat yoldaşının adına olan sayğacın öz adına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının (mərhum ərinin) yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmadığı, sayğacın çıxış yivli birləşməsinin ətrafında qaynaq şlakının olduğu, sayğacın çıxış plastmas borusunun əridiyi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rənginin fərqli olduğu; sayğacdan kənar təbii qazdan 15 mm rezin boru ilə istifadə edilməsi aşkar edilmişdir. Bununla bağlı xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar tərtib edilərək, iddiaçının mərhum əri-istehlakçı X1 abunə hesabına 1706.40 manat və 405 manat məbləğində borc hesablanmışdır. X3 həmin aktlar tərtib olunandan öncə vəfat etmişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşının abunə koduna hesablanmış 2541.09 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, akt tərtib olunan zaman istehkaçı artıq vəfat etdiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən X1 abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1706.40 manat borcun silinməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-cı bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə istehlakçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, istehlakçı X1 təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilsə də, cavabdeh həmin akt əsasında hesablanmış borcun istehlakçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, akt tərtib edilən zaman istehlakçı X3 vəfat etmiş, məhkəmə iclasında iddiaçı hazırda mərhum həyat yoldaşının yaşadığı evdə yaşadığını, müqavilənin adına keçirilməsi üçün cavabdeh tərəfindən borcun ödənilməsinin tələb edildiyini bildirmişdir. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia tələbi X1 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1706.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat olmaqla, cəmi hesablanmış 2111.40 manat məbləğində borcun silinməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbini 429.69 (25xx.xx-2111.40) məbləğində borcun silinməsi hissəsində əsassız hesab edir. Belə ki, iş materiallarından və abonent saldosundan görünür ki, 429.69 manat borc istehlakçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış debitor borcdur və həmin borc cavabdehə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən X1 **********00000 saylı abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1706.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat olmaqla, cəmi hesablanmış 2111.40 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdehndən 41.11 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən X1 **********00000 saylı abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1706.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 405 manat olmaqla, cəmi hesablanmış 2111.40 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 41.11 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar