Məhkəmə qərarları › İş №2(008)-7796/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7796/2021

18.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7796/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X3, İddiaçı və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh Sabunçu rayon Balaxanı Bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sabunçu rayon Balaxanı Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçı ilə Bələdiyyə arasında bağlanmış 29.08.2007-ci il tarixli, 66/7 saylı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 600 kv m torpaq sahəsinin ayrılaraq iddiaçının istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balaxanı Bələdiyyəsi ilə bağlanmış 29.08.2007-ci il tarixli, 66/7 saylı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 600 kv m torpaq sahəsi 15 il müddətinə aylıq icarə haqqı 88,8 manat olmaqla iddiaçıya icarəyə verilmişdir. İlkin olaraq iddiaçı tərəfindən 107 manat ödəniş edilmişdir. Lakin bu günə qədər həmin torpaq sahəsi ayrılaraq ona verilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakının təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməldir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı ilə Balaxanı Bələdiyyəsi arasında bağlanmış 29.08.2007-ci il tarixli, 66/7 saylı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 600 kv m torpaq sahəsi 15 il müddətinə aylıq icarə haqqı 88,8 manat olmaqla iddiaçıya icarəyə verilmişdir. İddiaçı tərəfindən 107 manat ödəniş edilmişdir. İddiaçıya Bələdiyyə tərəfindən torpağa dair eskiz sxemi tərtib və təsdiq edilmişdir. Həmin sxemin koordinatları, küncləri göstərilmədən, yalnız xəttlənmiş, 20 metr x 30 metr ölçüdə dördbucaq şəkili verilmişdir. Lakin həmin torpaq sahəsi naturada iddiaçııya təhvil verilməmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etmişdir. Bələdiyyə tərəfindən iddiaçıya ünvanlanmış 07.07.2021-ci il tarixli, 61 №-li cavab məkiubunda torpaq sahəsinin iddiaçının istifadəsinə verilməməsinin səbəbi onun tərəfindən icarə haqqının ödənilməməsi ilə əsaslandırılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin naturada ayrılıb onun isitfadəsinə verilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunan hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, 2-ci bəndinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir, 3-cü bəndinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh Bələdiyyə adıçəkilən torpaq sahəsinə sərəncam vermək hüququna malik olmamışdır. Belə ki, həmin torpaq sahəsi onun mülkiyyətində olmamışdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı tərəfindən adıçəkilən torpaq sahəsinin cavabdehin qanuni mülkiyyətində olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Bələdiyyənin belə bir icarə müqaviləsi bağlamağa hüququ olmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar