Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-803/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamentinin qərarının ləğv edilməsi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bəylər Ağayev küçəsində yerləşən fərdi yaşayış evinə qaz istehlakı ilə əlaqədar quraşdırılmış qaz sayğacına görə iddiaçının adına yazılmış 3110,40 manat məbləğində borcun silinməsi və iddiaçıdan tutulmuş vəsaitin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi 221 ünvanında yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında iddiaçı almış və həmin ərazidə fərdi yaşayış evi tikərək 2011-ci ildən bu vaxta kimi orada yaşayır. O zaman iddiaçı yeni tikdirdiyi fərdi yaşayış evinə bütün kommunal - su , qaz, işıq xətləri çəkdirmiş və bütün kommunal xidmətlər üzrə sayğaclar quraşdırmışdır. İddiaçının evinin çöl qapısının girəcəyinə quraşdırılmış Qaz sayğacı “Smart Kart” sistemi ilə işləyirdi. Onun heç vaxt qazdan istifadəyə görə borcu olmamışdır. Həmin sayğacdan uzun müddət heç bir problem olmadan istifadə etmiş və qaz sayğcı üzrə əvvəllcədən ödəniş etməklə istifadə etmişdir. Lakin 2023-cü ilin aprel ayında Azərqaz İB - nin Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayon üzrə İdarəsinin əməkdaşları bildirmişlər ki, guya qaz sayğacının istismar müddəti başa çatdığından dəyişdirməlidir. O zaman iddiaçı onlara etiraz etməmişdir. Lakin bir neçə gündən sonra iddiaçı evə gələndə ona bildirmişlər ki, qaz idarəsinin əməkdaşları evə quraşdırılmış “Smart Kart ” tipli qaz sayğacını mexaniki qaz sayğacı ilə dəyişdirmişlər. İddiaçının evində istifadə etdiyi qaz aparatı, mətbəxdə istifadəsi nəzərdə tutulan “dörd göz ” qaz aparatı olmuş və yalnız bəzi vaxtalara qızdırıcı peçlərdən istifadə etmişdir. Əvvəllər qazdan istifadəyə görə ödədiyi vəsait təxminən bir ay müddətinə kifayət edirdi. Lakin , son zamanlar o, mexaniki qaz sayğacının göstəricilərinə əsasən ödənişlər etmiş və qısa müddətdə ödənilən pul vəsaitinin qurtardığını bildirmişlər. O, bu barədə tanıdığı şəxslərdən soruşduqda, ona güya mexaniki qaz sayğacı, “Smart ” tipli sayğacına nisbətən daha çox qaz istifadə olunduğunu bildirmişdilər. O zaman iddiaçı buna fikir verməmiş və elə başa düşmüşdür ki, bu belə olmalıdır. Lakin sonradan o, evində qaz aparatlarından istifadəyə dair heç bir əlavə cihazların quraşdırılmadığına baxmayaraq, müqayisəli qaydada götürdükdə, qaz sərfiyyatı üçün daha çox pul ödənişləri etdiyini müəyyən etmişdir. Ona görə də iddiaçı 104 saylı sorğu mərkəzinə zəng edərək , səbəbini soruşmuş, həmin vaxtı ona bildirmişlər ki, Bakı ş, Xətai rayonu, Babək prospektində yerləşən Azəriqaz İB - nin Bakı Regional Qazın Satışı Departamentinə müraciət etməlidir. xx.xx.2024-cü ildə həmin Departamentə müraciət etdikdə ona bildirmişlər ki, guya onun evində qazdan istifadəyə görə sayğacın qüsurlarına görə akt tərtib edilib və ona 3110, 40 cərimə yazılıb və ona görə iddiaçının qazdan istifadə üçün ödədiyi pulun bir hissəsi cərimənin ödənilməsinə silindiyi bildirilmişdir. İddiaçı bunun əsasız olduğunu bildirmiş və ərizə yazaraq tərtib edilmiş sənədlərin ona təqdim edilməsini tələb etmişdir. Həmin vaxtı Departamentin əməkdaşları iddiaçıya qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* № li AKT , xx.xx.2023-cü il tarixli dəymiş ziyanin bərpasına dair tələbnamə , xx.xx.2023-cü il tarixli təbii Qazdan istifadə qaydalarının pozulması haqqında ******* №li AKT -ın sürətlərini və abonent saldosu , Qazdan istifadə üçün ödədiyi vəsaitin məbləri və cəriməyə əsasən tutulan məbləğ barədə arayış təqdim etmişlər. İddiaçının sayğacı evinin girəcəyinin çöl tərəfində quraşdırılmışdır. Həmin sayğacı hər ay Qaz Departamentinin əməkdaşları - müfəttişləri yoxlayırlar . Əgər sayğacda hər hansı bir nöqsan və ya müdaxilə olmuş olsaydı, o zaman departamentin işçiləri bunu aşkar etmiş olardı. Belə bir fakt olmamışdır. İddiaçının qaz sərfiyyatı barədə ödədiyi vəsaitin 50 %-nin tutularaq cərimə kimi tutularkan, təxminən bir il müddətində iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. Qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar yazılmış cərimə əsasızdır və mən heç vaxt və hər hansı bir formada qaz sayğacıa müdaxilə etməmişəm . Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək borcun silinməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın hesablama məxanizmi minimal sərfiyyatda keçərək qazın həcmini qeyd etmir. xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00015 abonent kodu olan İddiaçı qalıq və aktlara görə 2024-cü iln oktyabr ayı üçün 2863,90 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının hesablama məxanizmi minimal sərfiyyata keçərək qazın həcmini qeyd etmir əsası ilə akt tərtib edilmiş, akta əsasən 25920 m³ qaza görə 3110,40 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 3110,40 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin iddiaçıdan tutulmuş vəsaitin cavabdehdən tutularaq ona qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, icra mərhələsində qaz idarəsi tərəfindən həmin məbləğ əvəzləşdiriləcəyi üçün həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 51,10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00015) əsassız hesablanmış 3110,40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən 51,10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-803/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-803/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver