Məhkəmə qərarları › İş №2(008)-8121/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8121/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8121/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 824.52 manat borcun **********002 saylı abonent koduna və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********002) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə ödəniş etməmiş və nəticədə 28.09.2021-ci il tarixə 824.52 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 15.09.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1u qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli Qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, Tarif (Qiymət) Şurasının 30.01.2021-ci il tarixli Qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.30 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan ünvan 2 ünvanına dair fiziki şəxs Cavabdeh barəsində olan abonent kartından görünür ki, ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2016-cı il üçün 292.85 manat, 2017-ci il üçün 59.5 manat, 2018-ci il üçün 179 manat, 2019-cu il üçün 108 manat, 2020-ci il üçün 95.5 manat, 2021-ci il üçün 99.67 manat olmaqla, cəmi 834.52 manat borc hesablanmış, 10 manat ödəniş edildikdən sonra qalıq 824.52 manat borc qalmışdır. İş materiallarında olan İddiaçı ASC-nin 14.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tətəfindən abonent Cavabdeh borcunu ödəməsi tələb edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən, axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada ödəmədiyindən, iddia təmin edilərək, 824.52 manat borc **********002 saylı abonent koduna ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 824.52 (səkkiz yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində borc tutularaq, **********002 saylı abonent koduna və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar