Məhkəmə qərarları › İş №2(008)-8162/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8162/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8162/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Seyfəddin oğlu sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1944 manat borcun **********00070 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur. Həmin ünvanda quraşdırılmış qaz sayğacı üzrə abonent hesabı mərhum X1nun adınadır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evimə quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixdə dəyişdirildi və bu barədə ******* saylı akt tərtib edildi. Bir müddət əvvəl müəyyən etmişdir ki, ərinin adına olan **********00070 saylı abonent hesabında 1944 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş QSN-29/1710-01215/1-2 nömrəli, xx.xx.2018-ci il tarixli sayğacın laboratoriyada yoxlanması aktına əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan və xx.xx.2018-ci il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 9720 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 9720 kubmetr qaz itkisi hesablamış və onun abonent hesabına 1944 manat borc yazmışlar. Bildirmək istəyir ki, evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. "Azəriqaz” İstehsalat Birliyinin aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də müəyyən zədələrə məruz qala bilər. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Onun sayğacın çıxış plastmas borusunu deşməyi üçün heç bir əsas, sübut da yoxdur. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı, 063135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Sarıyev Məzahirə məxsus evə baxış keçirilmiş və xx.xx.2019-ci il tarixli laboratoriyasının aktına əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. -Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, QSN-29/1710-01215/1-2 saylı aktından görünür ki, **********00070 saylı abonent nömrəli qaz sayğacı yoxlama aktı nəticəsində yararsız hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00070 abonent kodu olan X2 2018-ci ilin avqust ayı üçün 1944 manat aktlara görə borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması ilə müəyyən edilmiş faktiki hallara iddianın maddi hüquqi əsasları baxımından məhkəmə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2018-ci il tarixli aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi məqsədi ilə xx.xx.2018-ci il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli akta əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Bu səbəbdən sayğaca müdaxilə olunmasına dair rəy verilmişdir. Bununla əlaqədar Birlik tərəfindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən “Qazdan istifadə” qaydalarının 1.3-cü bəndinin tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış, itirilmiş qazın həcmi 9720 m3 müəyyən edilərək 1944 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, borcun hesablanmasına əsas olmuş akt sayğacın laboratoriya müayinəsinin nəticəsi haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdır. Aktın mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür. Hazırkı işin halları baxımından isə bu kimi halların heç biri öz təsdiqini tapmır. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00070) əsassız hesablanmış 1944 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar