Məhkəmə qərarları › İş №2(008)-819/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-819/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-819/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (qızı) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus - bir ədəd divan, bir ədəd masa və 6 ədəd oturacaq, bir ədəd kamoddan ibarət qonaq otağı mebeli, bir ədəd taxt, iki ədəd tumba, bir ədəd termo, bir ədəd geyim dolabı, bir ədəd uşaq kravatından ibarət yataq otağı mebeli, mətbəx mebeli, bir ədəd paltaryuyan maşın, bir ədəd mikser, bir ədəd ətçəkən maşın, bir ədəd qaz plitəsi, bir ədəd mətbəx əlüz yuyanı, iki ədəd döşək, bir ədəd taxt döşəyi, iki ədəd xalça, 12 ədəd çəngəl-bıcaq dəsti, iki ədəd çay dəsti, iki ədəd qazan, iki ədəd tava, bir ədəd sini, bir ədəd çaydan, bir ədəd böyük qazandan ibarət cehiz əşyalarının Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindəki evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X6 arasında xx.xx.2012-ci il tarixdə bağlanaraq, Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi”nə əsasən X6 icarəsində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin icarə hüququnu 6000 manata ona satmışdır. Həmin torpaq sahəsində o, ev tikdirib orada yaşayır. Cavabdeh onun gəlini olmuşdur. Cavabdeh oğlu - X8 ilə 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. 2022-ci ilin iyul ayında münasibətləri pisləşmiş və Cavabdeh azyaşlı uşaqları - X10, X7 və İddiaçı Orxan qızı ilə birlikdə evdən getmiş və həmin tarixdən indiyə kimi Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində tikdirdiyi evə gəlməmişlər. Nikah 2022-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. Cavabdehin 2022-ci ilin iyul ayından iddiaçının evində yaşamamasına, oğlu ilə olan nikahlarının pozulmasına baxmayaraq, ona məxsus cehiz əşyaları onun evindədir. Belə olan halda bir mülkiyyətçi kimi onun hüquqları əsassız olaraq məhdudlaşdırılır. Evindən sərbəst surətdə istifadəsinə maneə yaranır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (qızı) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. xx.xx.2012-ci il tarixli, notarial qaydada bağlanmış “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən 0,04 ha hissəsinə icarə hüququnu 6000 manata X1 almışdır. Hazırda həmin torpaq sahəsinin yerləşdiyi yer Sabunçu rayonu hesab edilir. İddia ərizəsinə əsasən iddiaçının onun üzərində ev inşa etdirmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Hazırda iddiaçı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdən cehiz əşyalarının çıxartmaması iddiaçının öz sahibliyində olan evdən istədiyi kimi istifadə etmək hüququnu pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehə məxsus əmlaklar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus bir ədəd divan, bir ədəd masa və 6 ədəd oturacaq, bir ədəd kamoddan ibarət qonaq otağı mebeli, bir ədəd taxt, iki ədəd tumba, bir ədəd termo, bir ədəd geyim dolabı, bir ədəd uşaq kravatından ibarət yataq otağı mebeli, mətbəx mebeli, bir ədəd paltaryuyan maşın, bir ədəd mikser, bir ədəd ətçəkən maşın, bir ədəd qaz plitəsi, bir ədəd mətbəx əl-üz yuyanı, iki ədəd döşək, bir ədəd taxt döşəyi, iki ədəd xalça, 12 ədəd çəngəl-bıcaq dəsti, iki ədəd çay dəsti, iki ədəd qazan, iki ədəd tava, bir ədəd sini, bir ədəd çaydan, bir ədəd böyük qazandan ibarət cehiz əşyaları Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindəki iddiaçıya məxsus evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar