Məhkəmə qərarları › İş №2(008)-820/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-820/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-820/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3183,25 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 51.84 manat dövlət rüsumunun ümumilikdə isə 3535,09 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 16.01.2020-ci il tarixli, AKX-0202220/01-2020 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00003 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz istifadə etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 05.11.2017-ci il tarixli, ******* saylı akt üzrə 316.8 manat, 29.11.2017-ci il tarixli, ******* saylı akt üzrə 144.40 manat, 14.01.2018-ci il tarixli, ******* saylı akt üzrə 564, 27.02.2018-ci il tarixli, ******* saylı akt üzrə 190.4 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt üzrə 190.4 manat, 23.11.2018-ci il tarixli, ******* saylı akt üzrə 363.6 manat, 07.02.2019-cu il tarixli, ******* saylı akt üzrə 310.5 manat, 04.11.2019cu il tarixli, ******* saylı akt üzrə 426.6, 04.12.2019-cu il tarixli, ******* saylı akt üzrə 180 manat və 28.02.2020-ci il tarixli, ******* saylı akt üzrə 590.4 İddiaçı İB-nə zərər dəymişdir. Azəriqaz İB-yə aktlar üzrə 1507.4 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa cavabdehin 07/2012 tarixindən qalmış 151.2 manatqalıq borcu 10-11/2018 tarixində GASREPORT-a keçmiş aktların cəmi ilə birlikdə cavabdehin sərfiyyatı, aylıq ödənişləri və borca görə tutmaları ilə birgə 1675.75 manata çatmışdır. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği AGİS və GASREPORT üzrə sistemindən çıxarılmış saldolar üzrə sərfin məbləği ilə birgə 3183.25 manat təşkil etməkdədir. (1507.50 manat+1675.75 manat) Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli, AKX-0202220/01-2020 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. -Abonent saldosundan görünür ki, Cavabdeh 2018-ci ildən 2020-ci ili iyun ayınadək qalıq və aktlar üzrə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə borcu yaranmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə 05.11.2017-ci il tarixli, ******* saylı akt üzrə 316.8 manat, 29.11.2017-ci il tarixli, ******* saylı akt üzrə 144.40 manat, 14.01.2018-ci il tarixli, ******* saylı akt üzrə 564, 27.02.2018-ci il tarixli, ******* saylı akt üzrə 190.4 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt üzrə 190.4 manat, 23.11.2018-ci il tarixli, ******* saylı akt üzrə 363.6 manat, 07.02.2019-cu il tarixli, ******* saylı akt üzrə 310.5 manat, 04.11.2019-cu il tarixli, ******* saylı akt üzrə 426.6, 04.12.2019-cu il tarixli, ******* saylı akt üzrə 180 manat və 28.02.2020-ci il tarixli, ******* saylı akt üzrə 590.4 manat istehlakçı Cavabdeh cərimə məbləği hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün, tərtib edilmiş aktlar üzrə iddiaçıya 1507,50 manat ziyan hesablanmışdır. Tərtib edilmiş son akt üzrə borc 590,40 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia qismən yalnız sonuncu tərtib olunmuş, 28.02.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 590,40 manat olan borc hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin 07/2012 tarixindən qalmış 151.2 manatqalıq borcu 10-11/2018 tarixində GASREPORT-a keçmiş aktların cəmi ilə birlikdə cavabdehin sərfiyyatı, aylıq ödənişləri və borca görə tutmaları ilə birgə 1675.75 manat məbləğində borcun tutulub iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin borcun yaranma əsasları mülki işin materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 40 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Həmçinin işə baxılması ilə əlaqədar olaraq göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqının da qismən, yəni 200 manat məbləğində cavabdehdən tutulması məqsədəmüvafiq hesab olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 590.4 (beş yüz doxsan manat, qırx qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar