Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-821/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1953,88 manat maddi zərər, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərc və ödənilmiş 39,54 manat dövlət rüsumu olmaqla, cəmi 2293,42 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.09.2019-cu il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X5 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən fotolar çəkilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 172.80 manat; - 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat; - 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 28.02.2020-ci tarixli, ******* saylı akt əsasında 756 manat; - 30.03.2020-ci tarixli, ******* saylı akt əsasında 295.20 manat; - 15.04.2020-ci tarixli, ******* saylı akt əsasında 147.60 manat olmaqla, İddiaçınə ümumilikdə 1468.80 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin may ayından 2020-ci ilin avqust ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 12,6 manat təşkil etmişdir. Həmçinin 2020-ci ilin may ayında mexaniki sayğaca keçirilərək 472,48 manat qalıq borc məbləği ilə birlikdə cavabdehin borcu 1953,88 manat təşkil edir. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi ünvanında yerləşən 89A saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh ünvan 2 ünvanına 31.07.2019-cu il tarixdə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni – sayğacdan kənar istifadə etdiyi müəyyən edilərək, müvafiq qaydada akt tərtib edilmiş və həmin akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi 172,80 manat hesablanmışdır. Eynilə, təbii X3nın pozulması haqqında 30.09.2019, 30.10.2019, 28.02.2020, 30.03.2020 və 15.04.2020-ci il tarixli aktlardan da görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu **********00000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuş və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib olunaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadəni əks etdirən tarixi göstərilməyən fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X3”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 172,8 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, cavabdehin 2020-ci ilin may və avqust ayları üçün sərfiyyata görə hesablanmış 12,6 manat ödənilməmiş cari borcu vardır. Digər aktlara gəldikdə məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı birinci aktdan fərqli olaraq sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir(1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Tələbin digər – 2020-ci ilin may ayında mexaniki sayğaca keçidlə əlaqədar 472,48 manat məbləğində qalıq borcun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Cavabdeh adına açılmış ünvan 3 ünvanına dair abonentin saldosundan, eləcə də GASREP proqramından çıxarışdan (01.10.2020-ci il tarixli) görünür ki, mexaniki sayğaca keçidlə əlaqədar tələb olunan 472,48 manat qalıq borc məbləği 2011-2012-ci il üçün hesablanmış borcun qalıq məbləğidir. Belə olan halda, iddia tələbi bu hissədə artıq qüvvəsini itirdiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin göstərişinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi ilə əlaqədar onunla “Mirzəyev və Partnyorları” vəkil bürosu arasında 19.10.2021-ci il tarixdə 636 saylı müqavilə bağlanılmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 39,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının 150 manat, dövlət rüsumunun isə, 30 manat hissəsi cavabdehə aid edilməklə, ondan alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 172,8 manat iddiaçıya vurulmuş maddi ziyan və 12,6 manat debitor borcu olmaqla, cəmi 185,4 manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının 150 manat və dövlət rüsumunun 30 manat hissəsi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 172,8 manat maddi ziyan və 12,6 manat debitor borcu olmaqla, cəmi 185,4 (bir yüz səksən beş manat, qırx qəpik) manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının 150 (bir yüz əlli) manat və dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-821/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-821/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver